“Şəki folklor örnəkləri”nin 2-ci cildi çap olunub
AMEA-nın Folklor İnstitutunda bölgə folkloruna dair daha bir kitab - “Şəki folklor örnəkləri” kitabının II cildi nəşr olunub. Layihənin müəllifi AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov, materialların toplayıcısı və kitabın tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Ləman Vaqifqızıdır. Kitab Şəkinin Göynük mahalından toplanmış folklor mətnlərini əhatə edir.
Materialların çoxunu mifoloji mətnlər təşkil edir. Halın keçi dönərgəsi - Unuqay, Halın xoruz dönərgəsi - Süleysin, Xortdan kimi personajlar Azərbaycan folkloru üçün tamamilə yenidir.
Ovçuluqla bağlı mətnlərdə ovçular, ovun güdükçüləri, Süley və yaxud İsgəndər quşu haqqında maraqlı informasiyalar cəmləşib.
Pirlərlə bağlı xeyli sayda rəvayət də kitabda yer alıb. Pir baba, Şeyx Əhməd baba, Hacı Salah baba, Mahmud Axund baba, Mütübillah baba, Tamam nənə, Sarılıq ziyarəti, Südlü bulaq, Palıd baba ziyarətləri və s. barədə rəvayətlər Göynük mahalında geniş yayılıb.
Kitaba daxil edilən materialların bir qismi etnoqrafik
mətnlərdir. Müxtəlif dualar, toy və
yas adətləri, mövlud mərasiminin keçirilmə qaydaları
ilə bağlı mətnlər də nəşrdə yer alıb.
Göynük mahalında bayatı formasında söylənilən
ağılarla yanaşı,
nəsr formasında deyilən ağılar da geniş yayılıb. Kitaba salınmış
materialların bir özəlliyi də onların Göynük şivəsində verilməsidir.
S.Soltanlı
Mədəniyyət.- 2015.- 7
oktyabr.- S. 14.