“Vaqif,
yardan eşit gələn
cavabı...”
Görkəmli şair Molla Pənah Vaqif xalq ruhunun
ifadəsi olan
yaradıcılığı ilə ədəbiyyatımızda
xüsusi mövqeyə malikdir.
Onun poeziyası Azərbaycan realist ədəbiyyatının
inkişafına mühüm təsir
göstərib. Klassik şeirimizin
əsas mövzusu olan
gözəllik anlayışı şairin
qoşmalarında yeni məna kəsb edir.
Molla Pənah Mehdi ağa oğlu 1717-ci ildə Qazax rayonunun Qıraq Salahlı kəndində dünyaya göz açıb. Belə ehtimal edilir ki, onun əsli oğuzların Bayat tayfasından olub. Mənbələrdə valideynləri haqda çox qısa məlumat verilir. Pənah Qazaxda tanınmış alim və pedaqoq Şəfi Əfəndinin yanında oxuyub. Mükəmməl mədrəsə təhsili alıb, fars və ərəb dillərini yaxşı öyrənib. Astronomiya, riyaziyyat, arxitektura, musiqi və poetika üzrə geniş məlumata malik olub. Bəzi salnaməçilərin yazdığına görə, Təbrizdə təhsilini davam etdirib, sonra Qazağa qayıdıb, mədrəsədə dərs deyib.
XVIII əsrin ortalarında Kartli-Kaxeti çarlığı sərhədində gərginlik yaranır. Bir çox ailələr Qazaxdan Qarabağ və Gəncəyə köçürülür. Pənahın ailəsi də köçkünlərin arasında olur. Bu ailə Qarabağın Cavanşir qəzasının Tərtər kəndində məskunlaşır və o, burada müəllimlik edir. Həmin vaxtlardan da “Molla Pənah” adını alır. Dərrakəsi və geniş biliyi ilə məşhurlaşır. Hətta xalq arasında “Hər oxuyan Molla Pənah olmaz” kimi bir məsəl də yaranır.
Sadə həyat tərzi keçirən şair maddi sıxıntılar çəkir. Müəllif məşhur “Bayram oldu” qoşmasını da elə həmin vaxtlarda qələmə alır:
Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə.
Xalq batıb noğula, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur...
Vaqif bir müddət sonra Şuşaya köçür
və orada məktəb açır. Yaxşı müəllim
və istedadlı şair kimi tanınır. Sorağı Qarabağ hakimi İbrahimxəlil xana çatır və saraya dəvət olunur. O, sarayda əvvəlcə eşikağası,
daha sonra isə birinci vəzir kimi fəaliyyət göstərir.
Yüksək riyazi-astronomik təfəkkürü
ilə xan sarayının, yaşayış
evlərinin, qala divarlarının tikintisində
dəqiq hesablamalar aparıb.
Ədəbiyyatşünas alim, professor Əziz Şərif yazır ki, Qarabağ xanlığının vəziri
vəzifəsində Vaqif
özünü layiqli
dövlət xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilib.
M.P.Vaqifin bir oğlu, iki qızı olub. Oğlu Əli “Alim”
təxəllüsü ilə
şeirlər yazıb.
Qızları Molla Vəli
Vidadinin oğlanları
ilə ailə qurub.
Fasiləsiz feodal ara
müharibələri Qarabağ
xanlığını çətin
vəziyyətə salır.
Buna görə də İbrahimxəlil xan Kartli-Kaxeti çarlığı ilə
ittifaqa girir və Rusiyadan dəstək istəyir.
1783-cü ildə gürcü çarı
II İrakli Rusiya təbəəliyini qəbul
edir. Bir il sonra
Vaqif Tiflisdə həmin ölkələr
arasında müqavilənin
imzalanması mərasimlərində
iştirak edir... İbrahimxəlil xan Rusiya ilə İran arasında seçim etmək qarşısında qalır
və nəhayətdə
Rusiyaya üstünlük
verməli olur...
1795-ci ildə Ağa Məhəmməd şahın
qoşunları Şuşa istiqamətində
irəliləməyə başlayırlar.
Şəhər camaatı M.P.Vaqifin
başçılığı altında müdafiə olunmaq üçün hazırlıq görürlər.
Şuşanın mühasirəsi uzanır
və Ağa Məhəmməd şah İbrahimxəlil xanı qorxutmaq məqsədilə
ona məktub göndərir. Şair həmin
məktuba cavab yazır. Cavabın məzmunu belə olub: “Bəli, yaradan məni şüşəyə salıb.
Ancaq bu şüşə sal daşlardan tikilmiş qalanın içində yerləşir”.
Şairin cavab məktubu
Qacarı qəzəbləndirir.
O, top atəşlərini davam
etdirsə də, istəyinə nail ola bilmir və Tiflisə doğru yürüşə
başlayır...
1796-cı ildə qraf
V.Zubovun başçılıq
etdiyi rus qoşunları Şamaxıdan
keçərək Qarabağ
sərhədlərinə yaxınlaşır. İbrahimxəlil xan oğlu Əbülfət
xanın başçılığı
ilə onun yanına elçilər göndərir. Bu heyətdə Vaqif və tanınmış Qarabağ əmirlərinin
oğlanları olur.
Həmin
görüşdə şairə
II Yekaterinanın adından
qiymətli hədiyyələr
verilir. Həmin il Yekaterina
vəfat edir. Yeni imperator I
Pavel Qafqazdakı rus qoşunlarını geri çağırır.
1797-ci ildə Ağa Məhəmməd şah bundan istifadə edərək, onun üzünə ağ
olan xanları cəzalandırmaq istəyir.
Onun yeni yürüşü Şuşadan başlayır.
Bu dəfə İbrahimxəlil xan qalanı döyüşsüz
təslim edir, kiçik dəstəsi ilə Azərbaycanın şimalına çəkilir.
Tarixçi Mirzə Camal Cavanşirin yazdığına
görə, Vaqifi səhərə yaxın saraya gətirirlər. Ağa Məhəmməd şah tapşırır ki, səhərisi gün onu edam etsinlər.
Ancaq Ağa Məhəmməd şah özü səhərə sağ çıxmır. Həmin
gün şahın qəzəbinə tuş gələn və edam olunacaqlarını bilən üç xidmətçi şahın
yataq otağına girir və onu
qətlə yetirirlər.
Bu arada İbrahimxəlil
xanın Qarabağda olmasından istifadə edən qardaşı oğlu Məhəmməd
bəy Cavanşir xanlığın başına
keçir. Şuşa şəhərinin
dörd bir tərəfinə öz adamlarını qoyur.
Şəhərdən çıxmaq istəyən
bir çobanı saxlayırlar. Üst-başını yoxlayır və onun çarığından
İbrahimxəlil xana
yazılmış məktub
tapılır. Məktubda
bu sözlər yazılıbmış: “Qacar
öldürüldü, tez
qayıt gəl!”
Məktubun Vaqif tərəfindən yazıldığı bəlli
olur. Məktub Məhəmməd
bəyə çatdırılır
və 1797-ci ildə onun göstərişi ilə böyük şair və oğlu Əli bəy edam olunur.
Buna baxmayaraq, Vaqif Şuşada böyük ehtiramla dəfn olunur, məzarının üstündə kiçik
məqbərə tikilir...
M.P.Vaqifin ölümündən sonra
evi talan olunur, əlyazmaları yandırılır. Şairin “Divan”ı da
bu səbəbdən dövrümüzə qədər
gəlib çatmayıb.
1856-cı ildə Teymurxanşurada (Dağıstanın
indiki Buynaksk şəhəri) Vaqifin
ilk kitabı tarixçi-yazar
Mirzə Yusif Qarabaği tərəfindən
çap olunub. Görkəmli dramaturq Mirzə
Fətəli Axundzadə
şair haqqında materialları toplayaraq məşhur şərqşünas
Adolf Berjeyə verir.
O isə həmin materialları 1867-ci ildə
Leypsiq şəhərində
nəşr etdirir...
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 7
oktyabr.- S. 14.