Musiqi folklorunun qoruyucusu

 

Elə insanlar var ki, onların sənətini həyatlarından ayırmaq qətiyyən mümkün deyil. Belə şəxsiyyətlərin həyat yolu başdan-başa yaradıcılıq yanğısıdır. Bülbül belə şəxsiyyət idi.

 

Təbiət ona ecazkar, gözəl səs bəxş etmişdi. O da öz cazibədar səsinə elə ustalıqla, elə məharətlə yiyələnmişdi ki, xalq onabizim Bülbülümüz” adını vermişdi.

Bu ad çəkilərkən önündə “ilksözü dəfələrlə eşidilir: ilk azərbaycanlı vokalçı, vokal üzrə ilk azərbaycanlı professor, 1933-cü ildə Moskvada keçirilmiş vokalçıların I ümumittifaq müsabiqəsinin ilk qalibi, Azərbaycan romanslarının, bir çox operalarımızda əsas partiyalarının ilk ifaçısı, el havalarını elmi əsasda mahnı kimi işləyən, ürəkaçan təsniflər quran ilk xanəndə, Cənubi Qafqazda xalq musiqisini öyrənən və toplayan ilk Elm-Tədqiqat Musiqi Kabinetinin yaradıcısı...

Bülbülün həyatının əsas qayəsi doğma respublikada musiqi təhsili işini daha yüksəklərə qaldırmaq, incəsənətin inkişafı və çiçəklənməsinə kömək göstərmək, Azərbaycan incəsənətini sovetlər ölkəsi incəsənətinin zənginləşən xəzinəsində ən dəyərli incilərdən birinə çevirmək idi.

Yaradıcılıq və müəllimlik fəaliyyəti ilə yanaşı, o, eyni vaxtda Elm-Tədqiqat Musiqi Kabinetinin yaradılmasının təşəbbüsçüsü və təşkilatçısı kimi də çıxış edir.

Bülbül Respublika Xalq Maarif Komissarlığına yazırdı: "...Azərbaycan musiqi mədəniyyətinin bizə lazım olan istiqamətdə inkişafı məsələsi əsasən mahnıyaratma məhsulu ilə nəticələnir ki, bunun da öyrənilməsi və tənqidi təhlili musiqi problemlərinin elmi əsaslarla işlənməsi yolunda ilk addımdır. Elm-Tədqiqat Musiqi Kabineti Azərbaycanın bütün musiqi-elmi və musiqiyaradıcı qüvvələrinin cəmləndiyi mərkəz olmalıdır..."

Bu formada bir təşkilatın yaradılması Bülbülün çoxdankı arzusu idi. Hələ 1926-cı ildə, yay tətili zamanı Bülbül Moskvaya gedir, yeni yaradılmış Dövlət Musiqi Elmləri İnstitutu ilə yaxından maraqlanır. Orada konsert verir, konsertdən əvvəl ağzınadək dolu salondakı tamaşaçılar qarşısında məruzə ilə çıxış edir. Konsertə toplaşmış musiqişünaslar üçün hər şey yeni, orijinal idi, Bülbülün oxumağı hamını valeh edirdi.

SSRİ Dövlət Musiqi Elmləri İnstitutunda fonoyazı və tədqiqat işi ilə tanışlıqdan sonra Bülbül qəti qərara gəlir ki, Azərbaycanda Elm-Tədqiqat Musiqi Kabineti yaratsın və bu kabinet Azərbaycan musiqi folklorunun ən yaxşı nümunələrini toplamaq, öyrənmək, çap etməklə məşğul olsun. Tarixi qədimlərə gedib çıxan xalq mahnılarını üzə çıxarsın, Azərbaycan rayonlarına bol-bol səpələnmiş xəzinəni geniş ictimaiyyətin malı etsin.

1932-ci ildə o, arzusunu həyata keçirdi, İncəsənət İşləri İdarəsi nəzdində Elm-Tədqiqat Musiqi Kabineti yaratdı. Bülbül Qarabağa ilk elmi ekspedisiyaya ilk Azərbaycan romanslarının müəllifi, bəstəkar Asəf Zeynallı ilə bərabər getdi. Onların topladığı çox zəngin material musiqi kabinetinin fəaliyyətinin əsasını qoydu.

Elm-Tədqiqat Musiqi Kabineti tərəfindən aparılan böyük nəticəsində musiqi-mahnı folkloru nümunələrinin toplanması, yazılışı, öyrənilməsi və nəşri Azərbaycan bəstəkarlarının yaradıcılıq inkişafında əhəmiyyətli və məhsuldar rol oynamışdır. Azərbaycan musiqi folklorunu incəliklərinə qədər bilən Bülbül xalq musiqi xəzinəsinin dərindən, hərtərəfli öyrənilməsi işinə bacarıqla rəhbərlik etmişdir.

Bəstəkar Qara Qarayev yazırdı: "Elmi-Tədqiqat Musiqi Kabinetinin rəhbəri Bülbül məni xalq musiqisi üzərində işləməyə cəlb etdi. Mən aşıq yaradıcılığının, xalq mahnı və rəqslərinin yazılışını aparır, xalq mahnılarını işləyib təkmilləşdirirdim. Beləliklə, mən xalq musiqisinə yaxınlaşdım və xalq yaradıcılığının zənginliyinə valeh oldum. Mən elmi ekspedisiya ilə Nuxa rayonunda oldum. Bu səfərin nəticələri gözəl idi, eşitdiyim bir xalq melodiyası isə ilk simfonik əsərim olan "Ürək mahnısı" əsərinin əsasını təşkil etdi..."

Bülbül yalnız öz şəxsi uğurları üçün məsuliyyət daşımırdı. O bütövlükdə incəsənət üçün can yandırırdı. Musiqi Kabineti ilə əməkdaşlığa bəstəkarlar Ü.Hacıbəylini, S.Rüstəmovu, Ə.Bədəlbəylini, Niyazini, Z.Stelniki, daha sonra tələbələr T.Quliyevi, Z.Bağırovu, Ə.Cavidi, M.İsmayılovu, Q.Qarayevi, C.Hacıyevi, F.Əmirovu dəvət etmişdi.

Onun tapşırığı ilə cavan bəstəkarlar qədim xalq mahnılarını yazıya köçürmək üçün respublikanın müxtəlif rayonlarına gedirdilər. Prinsipcə yeni janr olanŞur” və “Kürd-ovşarı” kimi simfonik muğamların yaranmasında incəsənətimiz məhz Bülbülə borcludur.

Bəstəkar Tofiq Quliyev sonralar bu barədə deyirdi: “Hər şeydən əvvəl, mən Bülbülü ETMK-nın təşəbbüsçüsü və təşkilatçısı kimi xatırlayıram. Buraya o, həm Azərbaycan xalq musiqisinin yaşlı bilicilərini, həm də gənc musiqiçi tələbələri cəlb etmişdi. Onun iki qlobal məqsədi vardı: əvvəla, xalq musiqisi incilərini yazdırıb tarix üçün saxlamaq (axı, indiyədək xalq musiqisi nəsildən-nəslə şifahi şəkildə verilirdi), nə qədər ki, C.Qaryağdı, S.Şuşunski, Q.Pirimov sağ idi, bunu eləmək vacib idi. İkincisi, bununla gənc musiqiçiləri doğma musiqinin saf bulağından su içməyə alışdırırdı, bu da gələcəkdə onların iri musiqi əsərlərində özünü büruzə vermişdi. Bu incilər təkcə ETMK-da yazılmırdı, onları yerindəcə yazdırmaq üçün Bülbül gənc musiqiçilərin respublikanın rayonlarına göndərişini təşkil edirdi... Yazılış aparanların arasında A.Zeynallı, Niyazi, S.Rüstəmov, Q.Qarayev, C.Hacıyev, mən vardım, F.Əmirov da sonralar bizə qoşulmuşdu.

Üzeyir Hacıbəylinin elmi əsəri olan “Azərbaycan xalq musiqisinin əsasları” kitabı üçün ETMK-da toplanan materialların da olduğunu dediklərimizə əlavə etsək, aydın olar ki, Azərbaycan musiqi mədəniyyəti öz inkişafının bir çox mərhələlərində nəyə, daha doğrusu, kimə borcludur. Bülbülün tükənməz enerjisi üçün yalnız xalq mahnı və rəqslərinin yazılışı kifayət etmirdi. O, bizim bütün xalq musiqimizin bünövrəsi olan dərin fəlsəfi muğamların nota köçürülməsi ideyası ilə yaşayırdı. Mənimlə bu barədə dəfələrlə danışmışdı. 1935-ci ildə Z.Bağırovla mən tarixdə ilk dəfə olaraq Mansurovun tarda ifa elədiyi üç Azərbaycan muğamını - “Rast”, “Dügah” və “Segah-zabulunota köçürəndə onun sevincinin həddi-hüdudu yox idi; həmin il bu muğamlar çap olunandan az sonra nadir tapıntıya çevrildi. Bülbül üçün bu, onun qaynar fəaliyyətində növbəti mərhələ idi. Muğamlar nota köçürüldükdən sonra ürəyində onların simfonik ifadəsini eşitmək arzusu oyandı və Fikrət Əmirov Bülbülün təşəbbüsü, yaxından iştirakı və məsləhəti ilə gözəl “Şur” və “Kürd-ovşarı” simfonik muğamlarını yazmayınca sakitləşmədi”.

Onu da qeyd edək ki, ETMK-nın əsasında sonralar Azərbaycan EA İncəsənət və Memarlıq İnstitutu yaradıldı.

Artıq 54 ildir ki, Bülbül aramızda yoxdur. Lakin onun xatirəsi əbədi olaraq qəlblərdə yaşayır. Xalq öz Bülbülünü sevir, yada salır, xatirəsini hər zaman ehtiramla yad edir. Azərbaycan xalqı var olduqca, onun incəsənəti qitələr dolaşıb, milyon könüllər fəth etdikcə, Bülbüldaim qəlblərdə yaşayacaq!

 

Nigar İsgəndərova,

Bülbülün Memorial Muzeyinin baş mühafizi

 

Mədəniyyət.- 2015.- 7 oktyabr.- S. 12.