“Yaradıcılıq həyatda mənə hər şeyi unutdura bilir

 

“Balıqçılığın şaxtalı qış günlərində daha çətin olduğunu görürdüm, ona görə özümə başqa sənət seçməyi düşünürdüm

 

Əməkdar rəssam Sakit Məmmədov çağdaş Azərbaycan rəssamlığının görkəmli nümayəndələrindən biridir. İmzası ölkəmizdən kənarda tanınmaqdadır. Bir sıra beynəlxalq mükafatların sahibidir. Əsərlərini özünün əsasını qoyduğu opalizm janrında yaradır. Onunla müsahibəni təqdim edirik.

 

- Sakit müəllim, tanınmağınızda bəxt, şans məsələsinə necə baxırsınız?

- Mən alın yazısına inanıram, amma ona da inanıram ki, alın təri ilə alın yazısını silmək olar. Mən balıqçı oğluyam, Neftçalada doğulmuşam, dəniz burada, Kür burada. Qohum-qonşular da hamısı balıqçı idi, ailədə mənim də balıqçı olmağımı istəyirdilər. Ailədə, nəsildə rəssam olmayıb. Mən balıqçılığın şaxtalı qış günlərində daha çətin olduğunu görürdüm, ona görə özümə başqa sənət seçməyi düşünürdüm. Ailədə başqa yolla çörək qazana biləcəyimə inanmırdılar. Hamısının mənə yazığı gəlirdi ki, gecə-gündüz şəkil çəkir. Əl işlərimi rəssamlara göstərmək adıyla Bakıya gəldim. Əslində Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbula gəlmişdim və imtahanlardan müvəffəqiyyətlə keçdim. Evdə buna inanmırdılar. Əla qiymətlərlə oranı bitirdim.

Sonra əsgərliyə getdim, Petrozavodsk şəhərində hərbi xidmətdə oldum. Bu müddətdə rus dilini yaxşı öyrənməyə çalışdım. Məqsədim İlya Repin adına Sankt-Peterburq (keçmiş Leninqrad) Rəssamlıq Akademiyasında təhsil almaq idi. Əsgərlikdən səmərəli istifadə etdim, yüksək qiymətlərlə bu akademiyaya qəbul olundum. Sonra qarşıma məqsəd qoydum ki, burada Lenin təqaüdü ilə oxuyacağam. 100 rubl pul alırdım, evdən pul göndərilməsinə gərək duymurdum. Arada sərgilərdən də qazanırdım. Diplom işimə görə SSRİ Rəssamlar İttifaqının üzvü seçildim. Əsərimi də muzeyə götürdülər.

Bakıya gələndən sonra 5 nəfər ailə üzvümlə 16 kvadratmetrlik yataqxana otağında yaşamalı oldum. Belə bir çətin şəraitdə əsərlər yaradırdım. Həyatımı özüm qura-qura gəlmişəm, qazandıqlarıma cırmaqlaşa-cırmaqlaşa nail olmuşam.

- İstənilən sənətdə öz yolunu tapana qədər kimisə təqlid etmək təbiidir. Sizdə bu dönəm nə qədər çəkib?

- Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil alarkən müəllimim Yevsey Moisenko işlərimi holland rəssamlarının əsərlərinə bənzədirdi. Deyirdim, təki holland rəssamlarına bənzəsin, ancaq Moisenkonun işlərinə oxşamasın. Akademiyanın bütün tələbələri onun kimi çəkirdilər. Hamı da mənə təəccüb edirdi ki, Moisenkonun tələbəsi olasan, ancaq azca da olsun, onun təsirinə düşməyəsən. Mən isə başqalarına can atırdım. Ona görə Ermitaj Muzeyinə gedib, dünya rəssamlarının əsərlərinə baxırdım. Danmaq olmaz, mənim işlərimdə yararlandığım rəssamlardan nəsə var.

- Hamıdan yararlanmaqda iki məqam var: ya sənətkar öz yolunu tapır, ya da arada qalaraq başqalarının təsirindən çıxa bilmir.

- Arada qalmaq pisdir, rəssam özü ola bilmir. olsun ki, muzeydə hər şey var. Sənə gərək olana baxmalısan. Mən muzeyə ayrıca kiminsə yaradıcılığına baxmağa gedirdim. Moisenko da vaxtilə öz müəllimlərini yamsılamışdı. Onda El Qrekonun təsiri vardı, onu çox sevirdi.

- Sənətdə sizin özünəməxsusluğunuz nədədir?

- Hər şeyə münasibət sənətkarın özündən başlayır. Yaratdıqlarımın hamısında özümdən nəsə var. Mənə elə gəlir ki, eyni cür çəkirəm. Başqaları isə deyir ki, çox dəyişmişəm. Ən yaxşısı, işləyəndə özün olmalısan, bildiyin kimi çəkməlisən.

- Deyirlər, insan sənəti duyduğu kimi, sənət insanı duyur.

- Sənət şarlatanlıq sevmir. O hiss edəndə ki, rəssam ona ucuz yanaşır, o da sənətkara elə münasibət bəsləyir. vaxtsa sənətə barmaqarası baxmışamsa, o, mənə əks təsirini göstərib. Ürəyimdən gələni eləyəndə, sənət mənə çox uğur gətirib. Elə məqamlar olub ki, xoşum gəlməyən adamın portretini deyinə-deyinə çəkmişəm, sənət mənə əks təsirini göstərib.

Sənət əsərləri insanlar kimidir: öncə sərgi salonlarını, dünyanı gəzirlər, sonda gedib bir muzeydə həmişəlik yerlərini tapırlar. Ürəksiz çəkilən əsər isə heç harada özünə yer tapmır. Rəssam üçün uğursuz yaradılan əsərə görə utanmaqdan pis yoxdur.

- Sizdə yaradıcılıq prosesi necədir?

- Onu dillə anlatmaq çətindir. İşləyəndə adam dəli kimi olur. Qəribəsi odur ki, mənim ən gözəl əsərlərim sinirli çağlarımda yaratdıqlarımdır. Yaradıcılıq tək şeydir ki, həyatda mənə hər şeyi unutdura bilir. Bu zaman vurduğum boyalar da özümdən xəbərsiz, bədahətən gəlir. Gərək kətandan qorxmayasan. Kətan qorxunu duyur. Yaradıcılıq məqamında kətan da canlanır.

- Rəssamlar var ki, kimsənin üzünə qapı açmır. Rəssamlar da var ki, qapısı həmişə açıq olur.

- Burada Səttardan danışmalıyıq. Onun qapısı həmişə açıq idi. Gəlib-gedəni çox olurdu. Səttarda gəncliyə sevgi vardı. Beləcə o, əfsanələşdi. Bütün tələbə rəssamlar onun emalatxanasına gedir, necə yaşayıb-yaratdığını görürdülər. Ona görə Səttar həmişə cavan idi. Tələbə vaxtı üzümüzə qapı açan rəssamlar az olub. Mənim qapım sənətsevərlərin üzünə açıqdır. Öz tələbələrim var, gəlirlər, gedirlər. Mən heç yerdə dərs demirəm. Ayrıca tələbələrim var, emalatxanamda öyrədirəm. Ümumiyyətlə, rəssamlıq öyrədilmir, öyrənilir.

- zaman çəkirsiniz?

- Əslində zaman çəkdiyimi bilmirəm. Bundan ötrü gərək özünü həmişə ilham halında saxlayasan. İçkiylə, başqa vasitələrlə ilham gətirmək sənət deyil. Sənətdən içki iyi yox, gül iyi gəlməlidir. İçki iyi gələn sənət kimsəyə gərək deyil.

- Yeni yaratdığınız opalizm cərəyanını necə əsaslandıra bilərsiniz?

- Əslində onu mənim yaradıcılığımda tapıblar. Opal daşını mənə gətiriblər ondakı rənglərlə mənim rənglərim arasında birəbir oxşarlığın olduğunu görmüşəm. Sonradan bilmişəm ki, vurduğum rənglər məndən öncə təbiətdəki daşın içində varmış. Opalda özümə yaxın bildiyim rəngləri gördüm. Həmin daşı tanımazdan öncə mən o üslubda çoxlu əsərlər çəkmişəm. Oradakı rənglər rəssamların bildikləri rənglərin əksinə olan rənglərdir. Rəssamlar qırmızının yanında birdən-birə yaşıl rəngi vurmağa ürək etmirlər. Ancaq opalda bu, var. Bir görürsən tünd-göyün içində parıltılı sarı var.

- Opalda mücərrədlik var, üstəlik, oradakı rənglər təsadüfən yanaşı işlənirlər. Rəssam isə rəngləri məntiqə idraka uyğun vurur.

- Həmin mücərrədliyə diqqətlə baxanda orada o qədər obrazlar - əllər, ayaqlar, üzlər görə bilərik ki.

- Öz kəşfinizi patentləşdirmisinizmi?

- Fikrim var, ancaq bu artıq çoxlarına məlumdur. Bir yana baxanda onu patentləşdirməyin mənası yoxdur. Vaxtilə cərəyanları yaradanlar hansısa sənəd almayıblar.

- Başqalarının yaradıcılığında sizin rənglərə, üsluba yaxın rənglər görübsünüzmü?

- Yox, görməmişəm. Klod Monedə opala yaxın rənglər var. Yenə bu deyil. Məndə bu, yoldur, bütün işlərimdə opal var. Bu rənglər bütünlüklə ruhuma, qanıma keçib, onları hər əsərdə bir araya gətirə bilirəm. Bu məsələdə ürəkli olmaq gərəkdir.

- Cərəyanların çoxu biçimə, bəziləri mənaya, fikrə xidmət edir. Opalizmdə rəng effektləri, məncə, daha güclüdür.

- Burada biçim var, fikir . Bizdən öncəkilər olmasaydı, bu gün bizlər olmazdıq, yaratmazdıq. Çox vaxt məni realist rəssam kimi qəbul edirlər. Məndə təkcə realizm deyil. Yaradıcılığımda realizm , müəyyən yerlərdə abstraksionizm var. Rəssamı hansısa cərəyana sonradan aid edirlər. İnanın, özüm bilmirəm, məsələn, o göy, qırmızı rəngi kətana niyə vurmuşam. Gəlir mən vururam. XX əsrin böyük rəssamı Pikasso deyirdi: “Rəssam var köçürür, rəssam da var oğurlayır”. Ancaq elə oğurlayır ki, bu, yaradıcı şəkildə baş verir, kimsə bilmir.

- Əgər rəssamın yaşadığı çağda onun əsərlərinin mahiyyəti açılmırsa, o öləndən sonra necə açılacaq?

- Hərə öz bildiyi kimi yozacaq. Vaxtilə sənətşünaslar Mikelancelonun freskaları haqqında yazırdılar ki, rəssam çox soyuq rənglərdən istifadə edib. Bir nəfər onları bərpa edəndə məlum oldu ki, demə, belə deyilmiş. Freskaların üstünü his örtübmüş, altda daha parlaq rənglər varmış. Bununla bağlı bütün yazılanlar yalan çıxdı. Hərə əsəri öz bildiyi, dərk etdiyi kimi görür.

- Azərbaycanda yaxşı rəssamlar çoxdur, ancaq onların əsərləri sizinki kimi satılmır...

- Mən işlərimi baha satıram, əslində dünya üçün bu, elə baha deyil. Dünyada, Avropada özümə qarşı hansısa ögeylik görməmişəm. İşin yaxşıdırsa, bəyənilir, dəyərləndirilir.

- Bəzi rəssamlar daha dəqiq çəkməyə çalışırlar. Buna münasibətiniz.

- Elə çəkə bilərəm ki, foto onu edə bilməz. Amma mən onu yaradıcılıq yox, peşəkarlıq sayıram.

- Övladlarınız da rəssamdırlar. Onların işləri haqqında deyə bilərsiniz?

- Bir var rəssam, bir var rəsmçəkən. Onlar rəsm çəkirlər. Rəssamlıq ayrı şeydir. Müstəqil yaradıcılığı olmayan rəssam sayıla bilməz. Oğlumun biri sərgi eləyib. Dəniz, liman onun sevimli mövzularıdır. Oradan hara gedib çıxacaq, onu gələcək göstərəcək.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 7 oktyabr.- S. 8.