Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik Mərkəzdə elmi seminar
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin effektiv fəaliyyətinin təmin olunması, aktual problemlərin təhlili, habelə müəssisənin əməkdaşlarının nəzəri hazırlıq səviyyəsinin artırılması məqsədilə silsilə elmi seminarların keçirilməsinə başlanılıb.
Mərkəzdə oktyabrın 1-də təşkil olunan ilk seminarda direktor Asif Usubəliyev nazirliyin rəhbərliyi tərəfindən verilən tapşırıqların effektiv icrası, habelə qloballaşma prosesləri, münaqişə və müxtəlif dözümsüzlük tendensiyaları ilə seçilən bir dövrdə mədəniyyət amilinin artan aktuallığını nəzərə alaraq, bu sahədə çalışan əməkdaşların nəzəri hazırlıq səviyyəsinin dəstəklənməsinin prioritet vəzifələrdən olduğunu vurğulayıb.
Mərkəzin əməkdaşları F.Nəcəfov, C.Həziyev və G.Əliyeva "Mədəni inkişafda milli mentalitet faktoru", "Azərbaycan mədəniyyət strategiyasının inkişafı" və "Azərbaycanın mədəniyyət siyasəti" mövzularında çıxış ediblər. Fikir mübadiləsi ilə davam edən seminarda eyni zamanda müəssisənin gələcək prioritet fəaliyyət istiqamətləri də müzakirə olunub.
Qeyd edək ki,
mütəmadi şəkildə təşkil olunacaq
seminarlar açıq xarakterlidir
və maraq göstərənlər
müzakirələrə qatıla bilərlər.
Mədəniyyət.- 2015.- 7
oktyabr.- S. 7.