“Kitabi-Dədə Qorqud” xalqımızın milli sərvətidir

 

“Kitabi-Dədə Qorqud" dastanının alman şərqşünası Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 20 fevral tarixli sərəncamına uyğun olaraq mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilir.

 

Oktyabrın 2-də Balakən Rayon Mədəniyyət Mərkəzində "Kitabi-Dədə Qorqud - ilk yazılı abidəmiz" adlı dəyirmi masa keçirilib.

Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Şəfəq Hacıyeva "Dədə Qorqud eposunda musiqi alətlərinin təsviri", tarixçi-etnoqraf Akif Məmmədli "Dədə Qorqud”dastanında əks olunan toponimlər" mövzusunda, şairə-publisist Tahirə Sultan "Dədə Qorqud dastanında qopuz", tarix-diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyev "Dədə Qorqud dastanında ailə-məişət dəyərlərinin inikası" mövzularında çıxış ediblər. Mövzu ilə bağlı digər çıxışlar dinlənilib.

Tədbirin bədii hissəsində “Dədə Qorqud” filmindən musiqilər səsləndirilib, qopuz alətinin çeşidli variantlarından olan tənbur alətində qədim el havaları ifa olunub. Dədə Qorqudun müdrik kəlamları və dastandan parçalar, səhnəciklər də maraqla qarşılanıb.

* * *

Lənkəran MKS-də "Dədə Qorqudeposunda milli mənəvi dəyərlər" mövzusunda tədbir keçirilib.

MKS-nin direktoru V.Məmmədova, direktor müavini N.Heydərova, 84 saylı Şağlaser kənd kitabxana filialının müdiri M.Gülverdiyev, xidmət şöbəsinin müdiri X.Məmmədova mövzu ilə bağlı çıxış ediblər.

Sonda Qorqud Atanın öyüdlərindən nümunələr səsləndirilib, “Dədə Qorqud” filmindən fraqmentlər təqdim olunub. Oxucular "Kitabi-Dədə Qorqud” 200 il dünya ədəbiyyatında" adlı sərgiyə baxıblar.

* * *

Oktyabrın 2-də Tərtər rayon Mərkəzi kitabxanasında “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın milli sərvətidir” mövzusunda dəyirmi masa təşkil olunub. Qeyd olunub ki, Azərbaycan xalqının milli mənəvi sərvəti hesab olunan “Kitabi-Dədə Qorqud” dastanı ulularımızın həyat tərzinin, məişətinin, adət-ənənələrinin geniş əks olunduğu qiymətli mənbədir. Tədbirdə “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşri - 200” başlıqlı sərgi nümayiş etdirilib. Sonda məktəblilər dastandan parçalar söyləyiblər.

 

Mədəniyyət.- 2015.- 7 oktyabr.- S. 7.