BMT-də Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək Qlobal Forumunun təqdimatı

 

Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində BMT Sivilizasiyalar Alyansının nazirlər toplantısı keçirilib.

 

Toplantıda Sivilizasiyalar Alyansının gələn il Bakıda keçiriləcək 7-ci Qlobal Forumunun təqdimatı olub. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə iştirak edib.

Toplantıda BMT-nin Baş katibi Ban Ki Moon, Sivilizasiyalar Alyansı üzrə BMT Ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, BMT Baş Assambleyasının sədri Morgens Yukketov, EKOSOS-un prezidenti Oh Yoon, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu, İspaniyanın xarici işlər üzrə dövlət katibi İqnasio İbanez, Albaniya, Finlandiya, İsveç, Braziliya, Misir, Rusiya, Pakistan, Macarıstan, Rumıniya, Tayland, Qatar, Belarus və digər ölkələrin, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası, UNESCO-nun rəsmiləri çıxış edərək BMT Sivilizasiyalar Alyansının fəaliyyətinin əhəmiyyətini qeyd ediblər.

Beynəlxalq təşkilatların və xarici ölkələrin rəsmiləri çıxışlarında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edəcəyi üçün Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.

Forumun Təşkilat Komitəsi adından çıxış edən Vasif Eyvazzadə tədbirə hazırlıq barədə danışıb, ölkəmizin mədəniyyətlərarası dialoq prosesində rolunu diqqətə çatdırıb. Azərbaycanın müasir inkişafı, çoxəsrlik multikultural ənənələri, ölkə başçısının himayəsi ilə keçirilən beynəlxalq tədbirləri əks etdirən film nümayiş etdirilib. Tədbir BMT TV tərəfindən internet vasitəsilə canlı yayımlanıb.

Xatırladaq ki, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək. Bununla bağlı Prezident İlham Əliyevin 2015-ci ilin 24 iyul tarixli sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təyin edilib.

 

Mədəniyyət.- 2015.- 7 oktyabr.- S. 5.