Teatr-konsert müəssisələrinin mətbuatla işi müzakirə olundu

Oktyabrın 6-da Milli Kitabxanada respublikanın teatr-konsert müəssisələrinin mətbuat xidməti və ədəbi dram hissə müdirləri, ictimaiyyətlə əlaqələrlə məşğul olan əməkdaşları ilə görüş keçirildi. Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov, şöbənin sektor müdirləri və əməkdaşları iştirak edirdi.

 

Şöbə müdiri Vüqar Şixəmmədov görüşün nazirliyin rəhbərliyinin tapşırığına əsasən keçirildiyini diqqətə çatdıraraq, nazirliyin strukturunda yeni yaradılan və ictimaiyyətlə əlaqələr siyasətinə xidmət edən şöbə və onun əməkdaşları, strukturu, eləcə də nazirliyin mətbu orqanları, internet saytı barədə məlumat verdi. Teatr-konsert müəssisələrinin bu mətbu orqanlarla sıx əməkdaşlığının, yaradıcı fəaliyyətin KİV-də operativ işıqlandırılmasının zəruriliyi vurğulandı. Bildirildi ki, yaxın vaxtlarda nazirliyin saytının yeni versiyası təqdim olunacaqbundan sonra saytda nazirliyin strukturunda olan müəssisələrin təbliği işi daha da operativgeniş formada həyata keçiriləcək.

Qeyd olundu ki, teatr-konsert müəssisələri piar məsələsini bir sıra hallarda diqqətdən kənarda saxlayırlar. Halbuki yaradıcı fəaliyyətin mediada işıqlandırılmasında müasir vasitələrdən istifadə mühüm əhəmiyyət kəsb edir.

Elektron informasiya resurslarında təbliğat məsələsini xüsusi qeyd edən şöbə müdiri teatr-konsert müəssisələrinin mətbuatla, ictimaiyyətlə əlaqələrə məsul şəxslərini bu istiqamətə diqqət yetirməyə, sosial şəbəkələrdə təbliğatda, informasiya paylaşmaq və müzakirələrdə daha aktiv olmağa çağırdı.

Şöbə müdiri teatrların reklamı məsələsinə də toxundu. Bildirdi ki, KİV ilə teatrların əlaqəsi, qarşılıqlı razılaşması zəminində müəyyən reklam məhsullarının daha geniş auditoriyaya çatdırılması imkanları hər zaman dəyərləndirilməlidir.

Şöbənin İnformasiya, elektron mediaresurslarla sektorunun müdiri Zöhrə Əliyeva, İctimaiyyətlə əlaqələr və mətbuatla sektorunun müdiri İntiqam Hümbətov çıxış edərək mətbuat və televiziya ilə əlaqələrin xüsusiyyətlərindən, operativ məlumatların sistemli olaraq KİV-də işıqlandırılmasından söz açdılar.

Görüşdə teatr-konsert müəssisələrinin mətbuatla əlaqəli şəxslərinin də fikirləri dinlənildi, rəy və təklifləri müzakirə olundu, irəli sürülən ideyalar ətrafında fikir mübadiləsi aparıldı.

 

Mədəniyyət.- 2015.- 7 oktyabr.- S. 5.