Londonun "Qlobus" teatrı
Bakıda "Hamlet"i
təqdim etdi
Oktyabrın 3-də Londonun
"Qlobus" teatrı
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında Uilyam Şekspirin "Hamlet" tamaşasını
təqdim edib.
Tamaşadan öncə keçirilən
mətbuat konfransında
teatrın bədii rəhbəri və baş rejissoru, Xalq artisti Azərpaşa
Nemət Böyük Britaniyanın mədəni
əlaqələr və
təhsil imkanları üzrə beynəlxalq təşkilatı olan
"British Council", Avropa Azərbaycan Cəmiyyəti,
Mədəniyyət və
Turizm Nazirliyinin birgə dəstəyi ilə reallaşan bu sənət görüşünün əhəmiyyətini
qeyd edib. O, "Hamlet"in 1927-ci ildən
dəfələrlə Azərbaycan
səhnəsində tamaşaya
qoyulduğunu və çox sevildiyini, özünün də
2001-ci ildə bu əsərə quruluş
verdiyini diqqətə
çatdırıb.
Qafqazda ilk dəfə
Bakıda olduqlarını
söyləyən tamaşanın
rejissoru Tom Bort "Qlobus" teatrının
"Hamlet" tamaşasını 109 ölkədə nümayiş
etdirməyi qərara aldığını söyləyib. Bildirib ki, U.Şekspirin anadan olmasının 450 və ölümünün
400-cü ildönümünü qeyd edən Londonun "Qlobus" teatrı 2014-cü il aprelin 23-dən
2016-cı il aprelin
23-dək davam edəcək
dünya turnesinə çıxıb.
Vurğulanıb ki, teatrın əsas məqsədi
"Hamlet" tamaşasını iki il müddətində dünyanın
bir çox ölkəsində nümayiş
etdirməkdir. 16 nəfərdən ibarət
teatr truppası dünyanın bütün
kontinentlərinə səyahət
edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış
edib.
Tamaşanın Azərbaycandan sonra 65 ölkədə də nümayişi nəzərdə
tutulur. Ən son dayanacaqlarının Türkmənistan olacağını
söyləyən T.Bort
"Hamlet"i yanvarda
İranda təqdim edəcəklərini bildirib.
Azərbaycana gəlməkdən məmnun olduğunu söyləyən qonaq şəhərimiz haqqında
fikirlərini də bölüşüb, Bakının
mədəni, teatral mühiti olduğunu vurğulayıb.
Mətbuat konfransından sonra
"Hamlet" tamaşası nümayiş etdirilib. İngilis dilində
və Azərbaycan dilində subtitrlərlə
təqdim olunan səhnə əsəri maraqla qarşılanıb.
Mədəniyyət.- 2015.- 7 oktyabr.- S. 4.