Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 130
illiyinə həsr edilmiş elmi konfrans
Azərbaycan Milli Konservatoriyasında Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin anadan olmasının 130 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Milli Konservatoriyadan bildiriblər ki, konfransda əvvəlcə tədris ocağının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynovanın məruzəsi dinlənilib. O, Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin Azərbaycan musiqi mədəniyyətindəki xidmətlərindən bəhs edib.
Sonra Milli Konservatoriya tələbələrinin “Üzeyir Hacıbəyli musiqisində üslub xüsusiyyətləri”, “Üzeyir Hacıbəylinin “Azərbaycan türklərinin musiqisi haqqında” məqaləsinin tarixi əhəmiyyəti”, “Üzeyir Hacıbəyli xanəndə sənəti haqqında” mövzularında məruzələri dinlənilib.
Konservatoriyanın bir sıra ifaçı müəllim və tələbələri Üzeyir Hacıbəylinin musiqi əsərlərindən ibarət kompozisiyalarla yanaşı, “Leyli və Məcnun” operasından bir neçə səhnə təqdim ediblər.
Sonda Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək bu qəbildən tədbirlərin davamlı olaraq təşkil ediləcəyini bildirib.
Tədbir konsert proqramı ilə davam edib.
Mədəniyyət.- 2015.- 7 oktyabr.- S. 3.