TÜRKSOY
fotoqrafları Safranboluda görüşdürür
Oktyabrın 5-də Türkiyənin qədim Safranbolu şəhərində (Karabük vilayəti, Qara dənizin 90 km cənubunda) TÜRKSOY-un ənənəvi layihəsi - növbəti “Fotoqraflar görüşü” başlanıb. Oktyabrın 11-dək davam edəcək yaradıcılıq görüşünə 18 türkdilli ölkə və diyardan 27 fotoqraf qatılıb.
TÜRKSOY-un “Fotoqraflar görüşü” 9-11 oktyabr tarixində Safranboluda düzənlənəcək 16-cı beynəlxalq “Altın Safran” sənədli film festivalı ilə bir vaxta təsadüf edir. Festivalda TÜRKSOY-a üzv ölkələr - Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti təmsil olunacaq. Azərbaycandan rejissor Adil Azayın "Yaddaş" studiyasında çəkdiyi "Xəlvətdə qalmış müdrik" (Seyid Yəhya Bakuvi) və "Azanfilm"də lentə aldığı "Vulkanın nəfəsi" sənədli filmləri təqdim olunacaq.
Festivalın bağlanış mərasimindən öncə “12-ci TÜRKSOY fotoqraflar buluşması” iştirakçılarının bölgədə çəkdikləri fotolardan ibarət “Türk dünyası fotoqraflarının gözü ilə Safranbolu” sərgisi də nümayiş olunacaq.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Baş Nazirlik Tanıtma Fondu və Türk Dünyası Bələdiyyələr Birliyinin də dəstək verdiyi festivalda panellər, konsert və digər tədbirlərlə yanaşı, festivalın ana xətti olan “Mədəni miras və qorunma” ideyasının təşviqi üçün hər il seçilən “ən yaxşı bərpa edilmiş tikili” seçiminin nəticəsi də açıqlanacaq.
Xatırladaq ki, zəngin tarixi mirasa malik
olan qədim Safranbolu
şəhəri 1994-cü ildə UNESCO tərəfindən Dünya İrs
Siyahısına daxil edilib.
Mədəniyyət.-
2015.- 7 oktyabr.- S. 16.