“Mədəniyyəti
öyrən, dünyanı öyrən”
Seulda keçirilən beynəlxalq kitab sərgisində Azərbaycanın çap məhsulları nümayiş olunur
Koreya Respublikasının paytaxtı Seulda Koreya Nəşriyyatçılar
Assosiasiyasının təşkilatçılığı
ilə “Mədəniyyəti öyrən, dünyanı
öyrən” adlı beynəlxalq kitab sərgisi
açılıb.
İlk dəfə 1954-cü ildə keçirilən sərgi 1995-ci ildən beynəlxalq status alıb. Sərginin əsas məqsədi iştirakçı ölkələrin çap məhsullarını təqdim etmək və Koreya nəşriyyat sənayesinin nəyə qadir olduğunu dünyaya tanıtmaqdan ibarətdir.
Seuldakı COEX mərkəzində keçirilən builki sərgidə Azərbaycan ilə yanaşı, 16 ölkə iştirak edir. Ölkəmizi beynəlxalq tədbirdə Koreyadakı səfirliyimizin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası təmsil edir.
Sərgidə xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, milli mənəvi dəyərlərini əks etdirən 67 adda kitab, jurnal, kataloq, broşür, açıqca, video və musiqi diskləri və s. nümayiş olunur.
Azərbaycan guşəsi ilk gündən diqqəti cəlb edib, həm yerli ictimaiyyət, koreyalı oxucular, həm də sərgidə iştirak edən digər ölkələrin nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.
“Mədəniyyəti öyrən,
dünyanı öyrən” sərgisi oktyabrın 11-dək davam edəcək.
Mədəniyyət.- 2015.- 9
oktyabr.- S. 16.