“Yaxşılara var sözüm...”
Aşıq sənəti
görkəmli sənətkarların ifasında
yaşayıb, nəsildən-nəslə adlayaraq
günümüzə gəlib çatıb. Bu
sənət xəzinəsinin zənginləşməsində
Gəncə-Qazax aşıq məktəbinin məxsusi yeri var. Bu
məktəbin yetirmələri arasında aşıq Məhəmməd
Dəryanın adı ehtiramla çəkilir.
Məhəmməd Rəhim oğlu (Dərya) 1905-ci ildə Qazax rayonunun Şıxlı kəndində dünyaya göz açıb. On üç yaşında atası erməni quldurları tərəfindən qətlə yetirilir. Ailə maddi çətinliklə üzləşir. Məhəmməd çox gənc ikən ağır zəhmətə qatlaşmalı olur. İbtidai təhsilini kənddəki molla məktəbində alır. Dini biliklərə dərindən yiyələnir. Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirir. Ancaq o, aşıq sənətinə daha çox maraq göstərir. 1928-ci ildə aşıq Səməddən, sonra isə aşıq Sadıqdan sənətin sirlərini öyrənir. Onun istedadını, coşğulu ifasını bəyənən ustadı ona “Dərya” təxəllüsü verir.
Aşıq Məhəmməd Dərya daha çox Gəncə, Qazax, Borçalı ellərinin şənliklərində iştirak edir. Sayılıb-seçilən aşıqlarla məclislər yola verir. Qısa müddətdə incə zövqü, məlahətli səsi və xoş rəftarı ilə elin sevimli sənətkarına çevrilir, mahalda tanınır. Mənbələrdə saz sənətinin tanınmış simalarından aşıq Kamandar, aşıq Əlyar, aşıq Rəşid, aşıq Yaqub, aşıq Cəlal və başqalarının Məhəmməd Dəryanın yetirmələri olduğu bildirilir. Deyilənə görə, Məhəmməd Dərya camaat qarşısında meydanda dövrə vurub oxuya-oxuya deyərmiş:
Məhəmmədəm, Şıxlıdanam mən özüm,
Yaman deyil, yaxşılara var sözüm.
Araşdırmalarda Məhəmməd Dəryanın gözəl dastan bilicisi və 40-dan artıq dastan-rəvayəti el şənliklərində söylədiyi qeyd olunur. Onun maraq dairəsi geniş və müraciət etdiyi mövzular rəngarəng olub. Aşıq şeirinin müxtəlif janrlarında qələmini sınayan sənətkar qoşma, gəraylı, təcnis, şığalı, müxəmməs, dodaqdəyməzləri ilə xalqın rəğbətini qazanıb. Ustad sənətkarlardan aşıq Avdı Qaymaqlı, aşıq Hüseyn Saraclı, aşıq Əmrah Gülməmmədov, aşıq Xındı Məmməd və başqaları Məhəmməd Dərya ilə dostluq əlaqələri qurublar.
Sənətkarın əsərlərində dövrandan giley-güzar edilir, dünyanın faniliyi, ədəb-ərkan və dostluqdan bəhs olunur:
Gəlib gedib neçə-neçə ha canlar,
Əla da var, yaxşı da var, yamanlar.
Özündən artığı əskik
sayanlar
Qalxıb, enib nərdivana düşərlər.
Filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli aşıq Məhəmməd Dəryanın
irsinin əlifba islahatı zamanı bir sıra təhriflərə
məruz qaldığını
yazır. Bununla belə, aşığın
üslubu sadə, xalq danışıq dilinə çox yaxındır. Bu irs bədii simvollarla - tarixi hadisələr, şəxsiyyətlər,
ədəbi keçmiş,
klassiklər, dini hadisələr, islam üləmaları və dünya haqqında biliklərilə - “yüklüdür”.
Bütün bunlar aşığın
şeir dilini rəvanlaşdırmış və
daha da axarlı
etmişdir.
Aşığın yaradıcılığı
ilə yaxından tanış olduqca onun incə
bir dillə qələmə aldığı
duyğulu qoşmalarında
aşiqin məhəbbətinin
bir növ üstüörtülü verildiyini
müşahidə edirik.
Sevdiyinin
naz-qəmzəsi, ona diqqət ayırmaması,
göz yetirməməsi
pərdəli bir şəkildə ifadə
olunur. Müəllif
“Ay niyə-niyə” qoşmasında
sevib-seçdiyi istəklisinə
poetik bir dillə belə müraciət edir:
Qul olan könlüm ki sənə bağlanıb,
Sən onu açmırsan, ay niyə-niyə.
...Gözəlliyin bir solmağı gələcək,
Heç ölçüb-biçmirsən, ay niyə-niyə.
Aşıq Məhəmməd Dərya
yaradıcı aşıq
olmaqla bərabər, həm də özünəməxsus ifası
ilə bu sənətin vurğunlarına
zövq yaşadıb,
könül dünyalarını
zənginləşdirib. Ömrünün sonuna kimi saz
havalarını, dastanlarımızı
xalq arasında oxumaqdan və təbliğ etməkdən
usanmayan sənətkar
1989-cu ildə dünyasını
dəyişib.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 9
oktyabr.- S. 15.