Bu tayda Quzey Azərbaycan ədəbiyyatını təbliğ edirik

 

Soydaşımız Məhəmməd İbadi Alışıq 1979-cu ildə Təbriz şəhərində doğulub. İxtisasca tarixçidir. 14 yaşından şeir yazır. Şeirləri güneyli aşıqların ifasında oxunmaqdadır. Bir çox kitabların müəllifidir. Ən böyük xidmətlərindən biri Quzey Azərbaycan şairlərini Güney Azərbaycanda tanıtmaqdır. Onunla söhbətimiz bu mövzudadır.

 

- Məhəmməd bəy, siz Quzey Azərbaycan şairlərindən kimlərin kitablarını ərəb əlifbasıyla çap eləmisiniz?

- Azərbaycanın o taylı-bu taylı ədəbiyyatı çox böyükdür. Uzun illərdir ki, soydaşlarımız hər iki tayda yaranan ədəbiyyatı ardıcıl izləyə, oxuya bilmirlər. Özəlliklə Quzey Azərbaycanda yaranan ədəbiyyatın burada ərəb əlifbası ilə tanıdılmasına gərək var. Mən neçə illərdir bu işlə məşğulam. Quzeydəki aşıq və şairlərimizdən aşıq Ələsgər, aşıq Şəmşir, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub, Bəhmən Vətənoğlu, Kərəm Kürqıraqlı və başqalarının kitablarını ərəb əlifbası ilə çap etmişəm. Ən son işlərimdən biri Azərbaycanın böyük şairi Səməd VurğununSeçilmiş əsərləri”nin nəşridir. Kitablar Təbrizdəki “Əxtər” nəşriyyatında çap olunur.

- Kitabları neçə sayla çıxarırsınız və oxucular necə qarşılayır?

- Kitablar 1000 tirajla nəşr olunur. Oxucular Quzeydən olan ədəbi soraqları diqqətlə izləyirlər. Kitabları qazanc götürmək üçün yox, o tayda yaranan Azərbaycan ədəbiyyatını və şairlərini təbliğ etmək üçün çıxarırıq.

- Başqa sənət sahələrindəki şəxslərimizi oradakı soydaşlarımıza tanıtmaq fikriniz varmı?

- Şairlərdən başqa “Dədə Qorqud” dastanı, Azərbaycan bayatıları, nağıllar və başqa kitabları da ərəb əlifbası ilə çap etmişəm. Quzeylə bağlı nəşrlərimizin hamısı ədəbiyyatı əhatə edir. Gələcəkdə başqa mövzularda olan kitabları da nəşr etmək istərdik.

- Hazırda bu tay şairlərindən kimin əsərini çap etmək istəyirsiniz?

- Mən folklor toplayıcısı, aşıq sənətinin araşdırıcısı, Təbriz radiosunun əməkdaşı kimi uzun illərdir fəaliyyət göstərirəm. Aşıq Qurbani, Xəstə Qasım, Sarı Aşıq, Aşıq və başqalarının əsərlərini toplayaraq çap eləmişəm. İndi şair Şahmar Əkbərzadənin kitabını ərəb əlifbasıyla nəşrə hazırlayıram. Bundan başqa, “Azərbaycan şairlərinin sevgi şeirləri” kitabı və aşıq Alının əsərləri çapdan çıxmaq üzrədir.

 

Soltan

 

Mədəniyyət.- 2015.- 9 oktyabr.- S. 15.