Türk xalqlarının kitab
abidələri elektron
formatda
Oktyabrın 8-də Prezident Kitabxanasında
“Türk xalqlarının
kitab abidələri. Elektron kitabxana” adlı elektron resursun təqdimatı olub. Kitabxananın direktoru Mayıl
Əhmədov elektron resurs barədə məlumat verib.
Bildirib ki, əməkdaşlar türkdilli
xalqların mədəni
irsinin bir hissəsi olan kitab abidələrinin kitabxananın fondunda olan nüsxələrinin elektron versiyalarını hazırlayıb, bir qisminin isə elektron versiyalarını
virtual məkandan toplayaraq
bu resursu yaradıblar.
Direktor qeyd edib ki, bu
layihənin həyata keçirilməsində başlıca
məqsəd türk xalqlarının pərakəndə
halda olan kitab abidələrini vahid portalda internet istifadəçilərinə təqdim
etməkdən ibarətdir.
Elektron resursun əsas bölməsi “Ümumtürk yazılı
abidələri” adlanır. Burada “Kül-Tegin: Orhun-Yenisey Yazıtları” kitabəsi,
“Bilqamıs” dastanı,
Yusif Balasaqunlunun “Qutadğu bilig”, Mahmud Kaşğarinin “Divanü
lüğət-it-türk”,
Əhməd Yasəvinin
“Divani-hikmət”, Fəzlullah
Rəşidəddinin “Oğuznamə”
əsərlərinin və
“Kitabi-Dədə Qorqud”un
elektron variantları bir neçə dildə verilib.
“Manas”, “Alpamış”, “Koblandı batır”, “Qırx qız”, “Ural batır”, “Maday Kara”, “Olonxo”, “Ulıp”, “Edigey”, “Nart”, “Koroğlu” və s. türk dastanlarının
elektron variantları layihənin ikinci bölməsində təqdim
olunur.
Toplunun üçüncü
bölməsində ümumtürk
yazılı abidələrinin
və ayrı-ayrı
türk xalqlarının
eposları, dastanları,
əsatirləri, nağılları
haqqında dünya şərqşünaslarının tədqiqat əsərləri,
monoqrafiyaları və
ensiklopediyaların elektron
variantları verilib. Dördüncü bölmədə ayrı-ayrı
elmi və ədəbi-bədii nəşrlərdən
seçmə məqalələr
yer alıb.
Elektron resursun
tədqiqatçılar üçün xüsusi önəm daşıyan bölmələrindən
biri də türkdilli
xalqların kitab abidələri və folklor nümunələrinə aid müxtəlif dillərdə
yazılmış kitabların və dissertasiyaların biblioqrafiyasıdır.
Mədəniyyət.- 2015.- 9
oktyabr.- S. 13.