“Qremmi” mükafatını qazanmaq istərdim”
1986-cı ildən xaricdə yaşayan İlyas Mirzəyevin musiqi əsərləri müxtəlif ölkələrin konsert salonlarında, radio efirində səslənir
Bəstəkar İlyas Mirzəyev 1961-ci ildə Bakıda anadan olub. 1984-cü ildə
indiki Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasını (indiki
Bakı Musiqi Akademiyası) bitirib. Müəllimi görkəmli bəstəkar
Cövdət Hacıyev olub. 1986-cı ildə
Rusiyaya gedib. Sonra Estoniya və Finlandiyada yaşayıb.
Yaşadığı ölkələrin dillərini öyrənib,
indi 6 dil bilir. Müxtəlif ölkələrdə
istedadlı musiqiçi kimi
tanınan soydaşımızla Vətənə növbəti
gəlişində görüşüb
söhbətləşdik.
- İlyas bəy, uzun illərdir xaricdəsiniz, indi hansı ölkədə yaşayırsınız?
- İki ildən çoxdur Almaniyanın Leypsiq şəhərində yaşayıram. Burada çox tanınmış bir radio orkestrinin bəstəkarıyam, onlar üçün müxtəlif janrlarda musiqi əsərləri yazıram. Amma daha çox Türkiyədə yaşamışam. 1992-ci ildə qardaş ölkəyə getdim, 20 ilə yaxın İstanbulda yaşadım. Orada da musiqi ilə məşğul olmuşam. Başlıca olaraq klassik musiqi bəstəkarıyam, daha çox simfonik əsərlər yazıram. 5 simfoniyam, 8 konsertim var. Konsertləri skripka, ney, violonçel, qanun və başqa alətlər üçün yazmışam.
- Türkiyədə simfonik musiqiyə tələbat necədir?
- Türkiyədə klassik bəstəkarlar o qədər də çox deyil. Orada həm bəstəkar, həm dirijor, həm də pianoçu şəxslər var. Ali təhsil ocaqlarında bəstəkarlıq fakültəsi yoxdur. Türkiyədə pop musiqisi daha yayğındır. Düzdür, mən də pop musiqiləri yazıram və ciddi popu çox sevirəm. Hətta caz əsərlərim də var. Gəncliyimdə iki il Vaqif Mustafazadə ilə dostluq elədim, cazı ondan öyrəndim.
- Qardaş ölkədə hansı pop sənətçiləri ilə çalışmısınız?
- Sezen Aksu, Ajda Pekan, Nilufər, Candan Erçetin, Fatih Erkoç və başqaları ilə çalışmışam. Onu da deyim ki, Türkiyə mənə çox şey verdi. Məni daha çox türk bəstəkarı olaraq tanıyırlar. Azərbaycanda elə də tanınmıram. Dünyanın çox yerində əsərlərim səslənib.
- Əsərləriniz Azərbaycanda səslənibmi?
- 2002-ci ildə Türkiyədə “Ney və orkestr üçün konsert”imi yazdım. Bu əsər dünyanın 30 ölkəsində ifa olunub. Həmin vaxt Türkiyədə beynəlxalq tədbir vardı. Prezident Heydər Əliyev də ora gəlmişdi. O, əsərimi dinlədi və çox bəyəndi, məni Azərbaycana dəvət etdi. 2003-cü ildə Türkiyə Simfonik Orkestri ilə Bakıya gəldim, əsərim burada da ifa olundu.
- Ziyalı ailədə böyümüsünüz, ailəniz haqqında nə deyə bilərsiniz?
- Atam bəstəkar, Xalq artisti Musa Mirzəyevdir. Özü də dahi bəstəkar Qara Qarayevin tələbəsi
olub. Anam mərhum jurnalist
Svetlana Mirzəyeva idi.
Ailənin tək övladı
olmuşam. Onlar mənim
layiqli insan kimi yetişməyimdə çox zəhmət çəkiblər. Ona görə
atamın xəstə
çağında Bakıya
gəlib onun qayğısına qalmağı
özümə borc bilirəm. Eyni zamanda hər il atamın
simfonik əsərlərdən
ibarət konserti olur, mənim əsərlərimi də
ora daxil edirlər.
- Almaniyada işləriniz necə gedir?
- Bizim sənətdə də şəxsi münasibətlər rol oynayır. 5-6 ildir
dünyanın ən məşhur dirijorlarından
estoniyalı Kristian Yarve ilə işləyirəm. Almaniyadakı işlərim başlıca
olaraq ona bağlıdır. İndi o, Leypsiq
Radio Orkestrinin rəhbəridir.
Məni də həmin şəhərə o çağırdı,
orkestrlə əsərlərimi
tez-tez ifa edir. Oktyabrın 17-də orada yenidən
mənim əsərlərimi
ifa edəcəklər.
Bununla bağlı olaraq ikigünlük Almaniyaya gedəcəyəm. Ayın 19-da isə
İstanbula yollanacağam,
həmin gün orada əsərim ifa olunacaq.
- Çevrəmizdə gərəksiz
səslər çoxalıb.
Belə bir çağda bəstəkar üçün
əsər yazmaq çətin deyil ki?
- Çətindir. Belədə mücərrəd əsərlər çoxalır.
Polşalı Bendelevski dünyanın
məşhur bəstəkarlarındandır.
Mücərrəd əsərlər
yazıb, amma beş dəfə
“Qremmi” mükafatı
alıb. Özümə gəldikdə, indi
romantik üslubda yazıram. Mücərrəd əsərlər yazmıram, ona görə ki, bu janrı sevmirəm.
Hazırda rok-opera üzərində
işləyirəm. Burada həm
rok, həm də simfonik musiqi var. Maraqlı bir əsər olacaq.
- Caz yazırsınız, onda mücərrədlik yoxdurmu?
- Mən Vaqif Mustafazədənin və Rafiq Babayevin yetirməsiyəm. Caz yaradıcılığımda
onların yolunu davam etdirirəm.
- Beynəlxalq musiqi yarışmalarına qatılırsınızmı?
- Gəncliyimdə belə yarışmalarda iştirak
etmişəm, mükafatlar
da qazanmışam. Ancaq ümumən yarışmaları
sevmirəm, ona görə ki, kiminsə xeyrinə tərəfkeşlik eləyirlər.
“Qremmi” mükafatını
qazanmaq istərdim.
- Ailədə sənətinizi
davam etdirən varmı?
- Qızım Günay
Mirzəyeva da bəstəkardır, Ştutqartda
yaşayır. Əsərlər
yazır, indi onu pop musiqisinə yönəldirəm...
S.Soltanlı
Mədəniyyət.- 2015.- 9
oktyabr.- S. 12.