Heykəltəraş Sevil Süleymanovanın yaradıcılıq axtarışları

 

Heykəltəraşlıqda hər bir süjetyaxud obraz üçün səciyyəvi pozanın tapılmasının önəmi danılmazdır. Başqa sözlə desək, hər bir obraz səmimi yaşantı ifadəsini tələb edir. Çox vaxt uğursuz tapılan poza yüksək sənətkarlıq nümayişi olan əsərin digər məziyyətlərini kölgədə qoymuş olur. Odur ki, tişə ustalarının təsviri sənətin digər sahələrində çalışan həmkarları kimi poza-duruş axtarışlarına kifayət qədər vaxt ayırmalarını təbii saymaq lazımdır.

 

Bu xüsusda plastika sənətində özünəməxsus bədii axtarışları ilə diqqətçəkən Sevil Süleymanovanın yaratdığı heykəltəraşlıq nümunələrini vurğulamaq istərdik.

Sevil Süleymanova 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1982-86-cı illərdə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində heykəltəraşlıq ixtisası üzrə təhsil almışdır. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin heykəltəraşlıq ixtisasını fərqlənmə diplomu üzrə bitirmişdir. 1992-ci ildə universitetin heykəltəraşlıq kafedrasında tədris ustası vəzifəsində çalışmaqla yanaşı, bu sənətdən dərs verməyə başlamışdır. 1998-ci ildən heykəltəraşlıq kafedrasının müəllimi işləmiş, 2009-cu ildən kafedranın dosenti olmuşdur. Bu sahədə məqalələrin və dərs vəsaitlərinin müəllifidir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq kafedrasının müdiridir.

Sevil Süleymanova elmi tədqiqat işləri ilə yanaşı yaradıcılıq fəaliyyətini də davam etdirmiş, əsərlər yaratmışdır. Bu heykəltəraşlıq nümunələrinin bir çoxu ölkəmizin şəhər və rayonlarında ucaldılmışdır. Monumental əsərlərlə bərabər portretlər, kompozisiyalar, barelyeflər yerinə yetirmişdir.

Sevil Süleymanova birinci kursdan başlayaraq öz əməksevərliyi, işgüzarlığı ilə müəllimlərinin diqqətini cəlb etdi. Hələ tələbə ikən yaratdığı əsərlər orijinallığı və dəst-xətti ilə seçilməyə başladı. Onun yaradıcılığının əsas mayəsi tarixi şəxsiyyətlər olmuşdur. “Məhəmməd Füzuli”, “Qarabağ mövzusu”, “Nizaminin xəmsələri”, “Filosof” və s. heykəlləri buna nümunədir. Heykəltəraş daim öz üzərində yorulmadan çalışaraq bu obrazları yaratmağa müvəffəq olmuşdur.

Sənətkar uzun müddət təsvirini və heykəlini yaradacağı insanı müşahidə edərək onun sənətini, daxili aləmini, hərəkətini öyrənməlidir ki, yaradacağı obrazda psixoloji keyfiyyətləri dəqiqliklə canlandıra bilsin. Ancaq keçmiş tarixdə yaşayan şair və alimlərin surətini canlandırmaq çox məsuliyyətli işdir. Bunu işləməmişdən qabaq sənətkar təsvir olunan insanın həyat və yaradıcılığını, dövrü tarixini mükəmməl öyrənməli, heykəltəraş təsviri incəsənətinin müxtəlif sahələrində yaradılmış surətlərdən mütləq istifadə edərək öz əsərini yaratmalıdır.

Sevil Süleymanovanın yaradıcılığında yeni keyfiyyətlər, təzə məziyyətlər özünü göstərməyə başlayır. Bu əsərlərdə mənəvi təmizlik, ülvilik və fəlsəfi mahiyyətinin açılmasına daha çox fikir verir. Plastik ifadə, bədii ümumiləşdirmə heykəltəraşın “Oturacaq”, “Bahar”, “Qız portreti”, “Yaz məhəbbəti”, “Söhbət”, “Çələngli qız”, “Dəniz sahilində”, “Gənc qız portreti” və s. əsərlərinə də xasdır. Bu işlərin respublikaxarici sərgilərdə müvəffəqiyyət qazanması onun heykəltəraşlıq məktəbində öz dəst-xəttinin olmasını sübut etmişdir.

Klassik Azərbaycan şairi Məhəmməd Füzulinin obrazı təsviri sənətimizin müxtəlif janrlarında canlandırılmışdır. Hələ orta əsr miniatürçülərindən zəmanəmizin görkəmli təsviri sənət ustalarına qədər bir çox rəssamlar, dəfələrlə Füzuli poeziyasına müraciət etmiş, öz əsərlərinin mövzusunu ölməz şairin şeir xəzinəsindən götürmüşlər. Azərbaycan heykəltəraşlarından Məhəmməd Füzulinin ilk obrazını Fuad Əbdürrəhmanov yaratmışdır. Sonra Tokay Məmmədov və Ömər Eldarov Bakı şəhərində ucalan Füzuli heykəlini düzəltmişlər.

Şairin xatirəsi hamı üçün əziz olsa da, hər kəs xəyalında, öz istədiyi Füzuli obrazını canlandırsa da, onu həyatda necə olduğunu, simasının ümumi cizgilərinin və ümumi qiyafəsinin necəliyini əyani görmək hamının arzusu idi. Bu nöqteyi-nəzərdən Sevil Süleymanova uzun müddət inandırıcı Füzuli surətini yaratmaq üçün çalışmışdır. Onun yaratdığı Füzuli heykəli Gəncə şəhərində ucaldılmışdır. Bu abidənin güclü və təsirli cəhəti çoxtərəfli plastik həll yolu ilə əldə edilən emosional təsirin dolğunluğudur. İnsan xarakterinin incə çalarlarını və nüanslarını plastikada yaşadan modelləşmənin zənginliyinə üstünlük verən Sevil xanım oynaq yapma çalarlarının gözəlliyi ilə seçilən emosionallığı, gərgin və özünəməxsus fərdi xüsusiyyətləri özündə hifz edən obraz yarada bilmişdir.

Füzulinin yaradıcılıq irsini dərindən öyrənilməsi, onun yaradıcılığı üçün xarakterik olan ən başlıca cəhəti seçə bilmək bacarığı, heykəltəraşların müvəffəqiyyətli bədii tapıntıları şairin simasının və obrazının dolğunluğunun əldə olması ilə üzə çıxmışdır. Bu mənada Sevil Süleymanova öz yaradıcılığında məkan, plastika, ritmfaktura problemlərini həll etməklə yaratdığı əsərlərlə yüksək yaradıcılıq məqsədlərinə xidmət edir.

 

İmran Mehdiyev

 

Mədəniyyət.- 2015.- 9 oktyabr.- S. 11.