“Aktyor ona verilən rolun daxilini qavramalıdır”

 

Əməkdar incəsənət xadimi Cahangir Novruzov: “Məslək o zaman ustalığa çevrilir ki, gərək onu hər gün işləyib inkişaf etdirəsən”

 

Tanrının yaratdığı bəndələr var ki, onların taleyinə insanlara sevinc, təbəssüm bəxş eləmək yazılıb. Öz talelərini yaşamaqla bərabər onlar bu missiyanı da öz üzərlərinə götürüblər. Məhz bu missiyanın sayəsində tanınır, sevilir, tarixin səhifələrində iz qoyurlar...

Aktyor, rejissor, Əməkdar incəsənət xadimi, Türkiyənin Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun da qismətinə sənət taleyi yazılıb. O, gözünü açandan bu sehrli aləmdə babasının, anasının fəth etdiyi pillələrin, uğurların şahidi olub...

Tanınmış sənətkar nəslin davamçısı olan Cahangir müəllim artıq 20 ildir ki, qardaş Türkiyədə yaşayır. Bugünlərdə Bakıda olarkən onunla görüşüb söhbət etdik. Öncə gəlişinin səbəbini xəbər aldıq.

 

- Qardaş ölkədə haqqımda sənədli film çəkilir. Həmin filmlə əlaqədar bir neçə ay əvvəl də gəlmişdim. Türkiyəyə qayıtdıqdan sonra xətrini dünyalar qədər istədiyim dostumuz rejissor Akif Rüstəmov zəng edib gəlməyimi istədi. Hazırda “Azərbaycanfilm” kinostudiyasında yeni film lentə alınır. Bu filmin sınaq çəkilişinə dəvət almışam.

 

- Babanız, Azərbaycan peşəkar teatrının yaradıcılarından olan Cahangir Zeynalovun yubileyi ilə bağlı akademik teatrda hazırlanacaq tamaşanın taleyi necə oldu?

- Teatrın rəhbəri İsrafil İsrafilov çoxdandır Milli Dram Teatrında tamaşa qoymağımı istəyirdi. Amma uzaq yol, zaman, mənim iş qrafikim buna imkan vermirdi. Sonuncu dəfə təklif edəndə “yox” deyə bilmədim. Bilirsiniz ki, bu il Cahangir Zeynalovun 150 illiyidir. O, professional Azərbaycan teatrına yol göstərənlərin ön sıralarında yer almış və aktyorları maddi cəhətdən dəstəkləyərək güc, dinamizm vermiş bir şəxsiyyətdir. Belə bir insanın yubileyinə, məncə, bir müddət əvvəldən hazırlaşmaq gərəkdir. Buna görə də İsrafil müəllimin təklifi ilə A.Çexovun “Qu quşunun nəğməsi” əsərini hazırlayırıq. Bu sadəcə tamaşa deyil. Yubiley gecəsinin proqramı daxilində nümayiş etdiriləcək bir parçadır, dramatik etüddür. Əsəri Azərbaycan dilinə özüm tərcümə etdim. Milli Dram Teatrının aktyoru Hikmət Rəhimovla məşqlərə başladıq. Tamaşada o, suflyor Nikita, mən isə Svetlovedov xarakterlərini oynayacağıq. Tamaşanın həm quruluşunu vermək, həm də aktyor kimi iştirak etmək mənim üçün məsuliyyətlidir. Bir də ki, uzun müddətdir səhnəyə çıxmıram. Hətta məşqlər zamanı hiss edirsən ki, uzun zamandır səhnəyə çıxmadığın üçün bəzi məslək alışqanlıqlarım paslanıb və onları təmizləyib parıldatmaq lazımdır. Məslək ancaq o zaman ustalığa çevrilir ki, onu hər gün işləyib inkişaf etdirəsən.

Yubiley gecəsində teatrı can-könüldən, təmənnasız sevənlərə və teatrı təmənnalı sevənlərə və ya sevənlər kimi görünənlərə bir mesaj verə biləcəyimizi düşünürəm. Əsərdə sənət həyatının son illərini yaşamaqda olan yaşlı bir aktyorun ruh halı anladılır. Bu əsər Azərbaycan teatrı üçün, xalqımızın mənəvi təfəkkürü üçün varlığını, ömrünü fəda etmiş Mirzə Fətəliyə, Cahangir Zeynalova deyil, həmçinin günümüzə qədər dünyasını dəyişmiş, sənətə sədaqətlə, namusla xidmət etmiş bütün aktyorlarımıza ithafdır.

 

- Kənardan Azərbaycanın sənət aləmi necə görünür?

- Gözəl görünür. Belə deyək, dəniz uzaqdan necə gözəl görünürsə elə. Amma baş vurmasan, bilməzsən ki, səni nə gözləyir. Suyu soyuqdur, ya isti, dalğaların sürəti zəifdir, yoxsa güclü və s. Bəzən hadisələri izləyirəm və görürəm ki, dövlətin incəsənətə, xüsusən də teatra verdiyi diqqət göz qabağındadır. Binalar, teatrlarda texniki şərait və s. Teatrlarımızda bəzən xəyalın yetə biləcəyindən də mükəmməl texniki avadanlıqlar var. Amma təəssüf ki, bizdə bu texnikanı işlədə bilən mütəxəssis azdır. Teatr təkcə aktyor və rejissorlardan ibarət deyil. Teatr səhnəsinin arxasında qrim, işıq ustaları, dekoratorlar, geyim rəssamları, rekvizit ustaları var. Bunların hamısı zamanında öz fədailikləri nəticəsində məsləklərini yüksək səviyyədə icra etmişlər. Mən Musiqili Teatrda çalışmış, əsl mənada canını sənətə fəda vermiş dekorator Qulu dayını bu günə kimi xatırlayıram. Onu teatra Cəfər Cabbarlı gətirmişdi. Heç bir məktəb bitirməmişdi, amma bilmədiyi şey yox idi.

Mən hələ Şəki teatrında işlədiyim zaman Ukraynada teatr sənəti məktəbi vardı. Həmin məktəbdə qrimçi rəssam, kostyum rəssamı, işıq rəssamı sənətləri tədris edilirdi. O vaxt Şəki teatrında dərzimizin oğlunu həmin məktəbə göndərib oxutdurdum. Həmin gənc 1988-ci ildə vətənə qayıdanda diplom işi olaraq hazırladığı Şekspirin "Hamlet" əsərinin kostyum eskizlərini mənə göstərdi, məəttəl qaldım. O qədər mükəmməl bir iş idi. Düşünürəm ki, texniki işçiləri teatr sənəti məktəblərinə göndərib oxutmaq lazımdır. Bu sahəmiz zəifdir. Müasir dünya teatrı başqa nəfəsdə, başqa səviyyədə düşünür. Bu sahədə kadrlar hazırlanmalıdır. Lazım olarsa, mən Türkiyədə bu kadrların hazırlanmasına kömək etməyə hər zaman hazıram. Əl qabiliyyəti, təxəyyülü, yaradıcı düşüncə tərzi güclü olan uşaqları seçib dövlət hesabına da oxutdurmaq olar. Bu həm savab olar, həm də teatr sənətimizin gələcəyi üçün lazımdır.

 

- Türkiyədəki tələbələriniz haqqında nə deyə bilərsiniz?

- Çox çalışqan və əzmlidirlər. Bəllidir ki, bu sənəti incəliklərinə qədər öyrənməyi hədəfləyib gəlmişlər. Məktəbimizin əsas təməli sənət intizamı və sənət ədəbidir. Biz elə bir dərs proqramı və prosesi yaratmışıq ki, orada aktyorluq sənətindən başlayaraq vücud plastikası, akrobatikaya qədər, sənət fəlsəfəsindən insan xarakterinin davranışlarının əsas prinsiplərinə qədər öyrədirik. Hətta səhnə döyüşü dərslərimizin səviyyəsi elədir ki, yeri gələndə bizim tələbələr çəkildikləri filmdə kaskadyor kimi də çalışa bilərlər. Aktyorun biomexanikası, fizikası lazımi şəkildə işləməlidir. O, qarşısında duran rejissorun fantaziyasını məhdudlaşdırmayacaq bir şəkildə inkişaf etməlidir və düşünürəm ki, müasir aktyor ona verilən rolun daxilini qavramalıdır. Onu hansı qaba qoydunsa formasını rahatlıqla ala biləcək dəyərli bal kimi bürüməlidir, estetik cəhətdən mükəmməl biri olmalıdır.

Türkiyədə gənclər bu sənətə hədsiz maraqlıdırlar. Çünki oxuyub sənətə mükəmməl şəkildə yiyələndikdən sonra onlara tələbat artır və şöhrətlə bərabər böyük qazanc sahibi də ola bilirlər. Sistem elə qurulub ki, sən bacarıqlısansa heç vaxt kənarda qala bilməzsən. Sənətə sadəcə diplom üçün gəlmək düzgün deyil. Burada mütəxəssislərin savadlı olması vacibdir. Hələ universitet pilləsindən aktyor, ya rejissor olacaq şəxs öz sahəsinin fəlsəfəsini, onun yaradılış mənasını anlayıb sənətinin terminləri ilə düşünüb danışmağı bacarmalıdır. Bəzən məşq zamanı biz bunun tamam əksinin şahidi oluruq. Ağacın bar verməməyinin səbəbi ya növünün cırlığıdır, ya da bağbanın səhvidir. Hər şey bağbandan başlayır. Əgər ən başdan bağban bilirsə ki, bu ağac bəhər verməyəcək onu niyə əkir? Ağac kölgə də verər, meyvə də. Amma Azərbaycan teatrına bu gün meyvə bağı lazımdır. Sərv ağacının gözəl görünüşü var, amma meyvəsi yoxdur. Çox heyf ki, biz bəzən səhnədə sərv ağaclarına da rast gəlirik. Azyaşlı uşağın düzgün yerimədiyini görəndə soruşurlar ki, bu uşaq niyə düzgün yerimir. Cavab belə olur ki, körpəlikdə düzgün bələnməyib. İndi biz də bu kadrları ilk günlərdən düzgün istiqamətləndirməliyik. Bunun üçün də sənətimizi tam, dürüst insanlara əmanət etmək lazımdır.

Hər bir millətin mədəniyyəti onun ən dəyərli, ən önəmli ünsürüdür. 62 yaşın içindəyəm. Demək olar ki, teatrda doğulmuşam. Kiçik yaşlarımdan dərs ala-ala gəlib bu yaşa necə çatdığımdan xəbərim olmayıb. Bütün uşaqlığım və gəncliyimin bir qismi musiqili teatrın səhnəsi arxasında keçib. Orada Əsgər Abbasov adlı bir rəssam vardı. Uşaq vaxtı əlimdən tutub dekorasiyaların boyandığı, rəssamların çalışdığı emalatxanaya aparardı məni. Sonradan bütün bu gördüklərim mənim üçün bir sənət və həyat dərsi oldu.

 

- Adana şəhərindəki Çukurova Universitetinin teatr binasının yaranmasında da sizin əməyiniz var...

- Bəli. Mən orada işləməyə başlayanda teatr tədrisi üçün bina yox idi. Müraciət etdik. Yer və vəsait ayrıldı. Teatr binasının dizaynından inşaatına qədər işin başında olmuşam. Hazırda həmin teatrda qurduğumuz tamaşalar festivallarda iştirak edir, qastrollarda nümayiş etdirilir.

 

- Bu gün bir çox tamaşaçılar heyfsilənir ki, siz filmlərə, televiziya tamaşalarına az çəkilmisiniz. Bəs özünüz necə?

- Bəlkə də belə yaxşıdır. Yaradıcılıq həyatımı heçə xərcləməmişəm. Çox seçkin oldum. Mənimlə eyni dildə danışa biləcək iki rejissor oldu. Biri Hüseynağa Atakişiyev, digəri Ramiz Həsənoğlu. Allah birincisinə rəhmət eləsin, ikincisinə uzun, sağlıqlı ömür versin. Biz bir-birimizi yarım kəlmədən anlayırdıq. Rəhmətlik Vaqif İbrahimoğlu ilə də fikirlərimiz uyğun idi, amma səhnədə iş birliyimiz olmadı. Amma çəkilməməyimə səbəb ya yaxşı ssenari qıtlığı, ya da təklif almamağımdan irəli gəlib. Yəqin rejissorlar görməyiblər məni. İndi də təkliflər var. Amma tərəddüdüm daha çoxdur. Aktyor sənəti elədir ki, dahi olsan belə kinoda qayçı rejissorun əlindədir. Səhnədə isə tamam başqa. Məsələn, “Ordan-burdan” tamaşası ilə bağlı maraqlı bir hadisə danışım. Mən o tamaşaya çox gec gəldim, təsadüf oldu deyə bilərəm. Aktyorlar artıq 6 ay idi məşq edirdilər. Rəhmətlik Siyavuş Aslan xəstələndiyi üçün məni dəvət etdilər. 8 günün içində mən tamaşaya daxil edildim. Mətni də tam bilmirdim. Hər gün hazırlanıb çıxırdım. Bir səhnə var: Orada deyirəm ki, “Naş qorod eto qrupniy promışlennıy sentr...” Əlimdə dəftər var idi, guya nitqimi məşq edirəm, amma əslində bu mənim konspektim idi, mətni oxuyurdum. Orada bir məqamda sözü unutdum və dedim: “Onu da oradan belə eləyirlər”. Həmin səhnənin ikinci dublu çox ideal alındı, amma Ramiz elə birinci dublu saxladı...

 

Söhbətləşdi: Lalə Hüseyn

 

Mədəniyyət.- 2015.- 9 oktyabr.- S. 10.