Tehrandakı
xeyriyyə sərgisində Azərbaycan guşəsi
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin xanımı Məryəm İmaniyyə Zərifin və İran Diplomatik Qadınlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Tehranda xeyriyyə məqsədilə sərgi-yarmarka təşkil olunub.
Sərgi-yarmarkaya iranlı sənətkarlarla yanaşı, 20-dək ölkənin diplomatik təmsilçilikləri də öz stendləri ilə qatılıblar.
Azərbaycan mədəniyyətinin ayrı-ayrı istiqamətlərinə həsr edilən maraqlı kitab və jurnallar, müxtəlif suvenirlər, dövlət rəmzləri və digər materiallarla təchiz olunan bölmə ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Məryəm İmaniyyə Zərif Azərbaycan səfirliyinin hər il keçirilən xeyriyyə tədbirlərində fəal iştirakından məmnunluğunu qeyd edib.
Ziyarətçilərin bir çoxu Azərbaycanın paytaxtı Bakıya səfər etdiklərini və bu şəhərin onlarda xoş təəssüratlar yaratdığını bildiriblər. Qonaqlar Azərbaycanın İrandakı səfirliyi tərəfindən sərgi-yarmarkaya təqdim olunan milli şirniyyatlardan da dadıblar.
Sərgi-yarmarkadan əldə olunan
vəsait səfirlik tərəfindən imkansız tələbələrə
yardım məqsədilə sərginin Təşkilat Komitəsinə
təhvil verilib.
Mədəniyyət.- 2015.- 9
oktyabr.- S. 8.