Soyumuzun izində...
Bu yaxınlarda Göygöl
Kardiorevmatoloji Sanatoriyasında müalicə
olunurdum. Günlərin birində
sanatoriyanın baş həkimi Kamil Hüseynovla söhbətim
əsnasında o, fəxrlə Qəbələnin
Vəndam kəndinin qədim, adlı-sanlı nəsillərindən
birinə mənsub olduğunu dedi. Söhbətimizin sonunda
müəllifi Nazir Hüseynov
olan «Böyük ailə»
adlı qalın bir kitabı mənə
bağışladı və bu nəşrlə
tanış olmağımı məsləhət bildi. Baş həkim
müəllifin uzun müddət Azərbaycan
Dövlət Neft Akademiyasında dərs dediyini və bir neçə
il əvvəl rəhmətə getdiyini də əlavə etdi.
Otağıma qayıdan kimi kitabı mütaliə etməyə başladım. Məni maraqlandıran və zövqümə uyğun məsələyə həsr edildiyi üçün birnəfəsə oxudum. Kitab Qəbələnin Vəndam kəndinin köklü soylarından biri olan Hacı Hüseyn nəslinin şəcərə ağacına işıq tutur, bir neçə əsri əhatə edən ömür yollarından, talelərdən bəhs edir.
Bu nəslin təəssübkeşi, dəst-xəttindən də göründüyü kimi, geniş dünyagörüşünə malik bir ziyalı olan müəllif bütün bu məlumatları toplamaq kimi son dərəcə çətin və şərəfli bir missiyasını üzərinə götürüb. N.Hüseynov nəinki ayrı-ayrı nəsillərə, həm də bütöv bir xalqa öz keçmişinin, bugününün, gələcəyinin öyrənilməsi, sistemli şəkildə yazılması, gələcək nəsillərin milli və ümumbəşəri dəyərlərə sədaqət ruhunda yetişdirilməsi kimi təqdirəlayiq bir işin vacibliyini vurğulayır.
Kitabda müəllifin fəxrlə həyat yollarını işıqlandırdığı yaxın və uzaq qohum-əqrəbaları olan alimlərin, ziyalıların, el ağsaqqallarının və onların layiqli törəmələrinin ibrətamiz həyat yolu, tərbiyəsi yeni nəsillərin vətənsevər ruhda yetişməsi üçün örnək ola bilər. Çünki bu nəslin əsrlərlə davam edən təlim-tərbiyə ənənəsi milli köklərdən, qədim irsimizdən qaynaqlanır.
Tarixçilərimizə və tarixi öyrənən əksər ziyalılarımıza məlumdur ki, artıq çoxdan dünyanın bir sıra ölkələrində yaşayan xalqlarda hər bir nəslin ailə (şəcərə) kitabında müntəzəm surətdə baş verən dəyişikliklər barədə qeydiyyatların aparılması təcrübəsi həmin xalqların və ölkələrin inkişaf mərhələlərini, tarixlərini öyrənməkdə əhəmiyyətli rol oynayır. Buna görə də əlimdə olan bu örnəyin bizlərin, elə bütövlükdə xalqımızın mütərəqqi dəyərlərinin qorunub saxlanılması, etibarlı gələcəyimiz üçün faydalı olacağını düşünürəm.
Nə gizlədək, əksəriyyətimiz heç üç arxa dönənimizi belə tanımırıq. Bu isə ən azı unutqanlığa, yadlaşmağa, ümummilli hislərdən, sonda isə insani dəyərlərdən kənar düşməyə gətirib çıxarır, biganəlik həyat tərzinə çevrilir, nəticə etibarilə milli və mental monolitliyimizə ziyan vurur.
Ona görə də minlərlə ailə üzvünə şaxələnən, ibrətamiz həyat tərzi yaşayan böyük bir nəslin təxminən üç əsrlik tarixi ilə tanış olmaq üçün bu kitabı mütaliə etməyi məsləhət bilirəm. Çünki bununla ən azından mənsub olduğumuz nəsil, babalarımızın yaşam xüsusiyyətləri, məsləkləri barədə düşünərik. Özümüzə olan unutqanlığa, biganəliyə qarşı səfərbərlik etməyin vaxtıdır. Bircə qalır əsas qayğını üzərinə götürmək. Haqqında bəhs açdığım Nazir Hüseynov kimi. Necə deyərlər, dərd çəkənin, qayğı götürənin...
Əyyub Məmmədov
Mədəniyyət.- 2015.- 14
oktyabr.- S. 15.