80 yaşında ədəbiyyatımıza bahar ovqatı gətirən şair

 

Oktyabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq şairi, "Şöhrət" və "Şərəf" ordenli Fikrət Qocanın 80 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirildi.

Tədbir iştirakçıları əvvəlcə foyedə Milli Kitabxananın hazırladığı şairin kitablarından ibarət sərgi ilə tanış oldular. Şairin yaradıcılıq və sənət yolunu əks etdirən fotosərgi də maraqla qarşılandı.

 

Yubiley gecəsində əvvəlcə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar səhnəyə gələrək yubilyar həmkarının adından qonaqları salamladı. Türkiyənin paytaxtı Ankarada törədilmiş partlayış nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Xalq şairinin həyat və yaradıcılığından söz açdı. Bildirildi ki, Fikrət Qoca milli ədəbi ənənələrdən bəhrələnərək çağdaş problemləri, qayğıları, müasir dövrü canlandırır. Şair həmçinin tarixə, keçmişə, milli-mənəvi dəyərlərə, qan yaddaşının oxunmamış səhifələrinə nəzər yetirir, vətənpərvərlik ruhunda şeirlər, hekayələr qələmə alır: “Məhz bu keyfiyyətlər onu xalqa tanıtdı və sevdirdi. Fikrət Qoca poeziyasının əsas qayəsi vətənpərvərlik, yurdsevərlikdir. Onun qələmə aldığı şeirdə də, nəsr nümunələrində də vətənə, insana, cəmiyyətə, təbiətə sonsuz sevgi və məhəbbət tərənnüm olunur. Zamanın süzgəcindən süzülüb gələn Fikrət Qoca poeziyası neçə-neçə mahnıya, bəstəyə çevrilərək qəlblərə məlhəm olub. Dövrün ən məşhur bəstəkarları onun sözlərinə mahnılar bəstələmişlər. O, öz qələmi ilə həmişə xalqına, vətəninə xidmət edib. Uzun illər Yazıçılar Birliyində çalışan şair müxtəlif tədbir və səfərlərdə Azərbaycan ədəbiyyatını təmsil edib”.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu çıxış edərək Fikrət Qocanı dost olaraq əvəzsiz insan, fədakar ziyalı, fəlsəfi-intellektual təfəkkürə malik, milli, çağdaş ruhlu şair kimi xarakterizə etdilər.

 

 

 

 

Qeyd olundu ki, yubilyarın yeni söz, yeni fikir, yeni ahəng uğrunda apardığı mübarizədə onun hansı ənənə qaynaqlarından su içdiyini sezmək asan deyil. Bu o deməkdir ki, onun yaradıcılığında ənənə və novatorluq ayrıca çalarlar ilə üzə çıxır. Şair yaradıcılığında təkcə heca vəzni ilə kifayətlənmir. O, fikir və hislərinin tüğyanı məqamında vəzni qırır, ahəngdarlığı, zövqü, bədii səliqəni qorumaq şərti ilə yeni ritmə keçir. Bu keyfiyyətlər onun yaradıcılığında təbii və səmimi şəkildə üzə çıxır. Həssas düşüncəli şair azadlıq və istiqlal ideyalarını tərənnüm edən şeir və poemaları ilə gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində də böyük əməyi olan mütəfəkkir ziyalıdır. Onun publisistikası da bu yöndədir.

Fikrət Qocanın poetik marağı elədir ki, bir sıra hallarda nəsr materiallarına da nüfuz edir, poeziyada nəsr kökündə də düşünür, eksperimentlər aparır, bütün eksperimentlər isə əsasən bir məqsədə, klassik normativliyi zədələmədən şeir təfəkkürünün hüdudlarını genişləndirməyə xidmət edir.

Həmçinin qeyd edildi ki, şair yaradıcılığında hər zaman milli-mənəvi dəyərlərimizin keşiyində durub. O, öz şəxsi nümunəsi ilə özündən sonra gələn ədəbi nəsillərə şeir yazmaqdan əlavə səmimi, sədaqətli, diqqətli, səxavətli, bütöv olmağı, yoldaşlığı, bir sözlə, insanlığı öyrədib.

Fikrət Qoca "Qağayı", "Hamıya borcluyam", "Dənizdə ay çiməndə", "Od gəlini", "Yatmadığım gecələrdə", "Günlərin bir günü", "Gül ömrü", "İnsan xasiyyəti", "Ömürdən səhifələr", "Mavi dünyanın adamları", "Eldən-elə, dildən-dilə", "Sükutun səsi" və digər kitabların müəllifidir. Ömrünün 80-ci ilində ədəbiyyatımıza bahar ovqatı gətirən şairin sözlərinə çoxlu mahnılar bəstələnib, əsərləri əsasında radiotamaşalar yaradılıb. Onun 1990-cı il hadisələrindən, Qarabağ müharibəsindən, gənclərin qəhrəmanlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər", "Rəssam düşünür", "Taleyin ağır taleyi" əsərlərində həyat bədii boyalarla əks olunub.

Xalq şairi çıxış edərək Prezident İlham Əliyevin sərəncamı ilə yubileyi ərəfəsində "Şərəf" ordeninə layiq görülməsini özü üçün böyük qürur olduğunu vurğuladı. 80 illiyində ona yaşamaq üçün qol-qanad verən ölkə başçısına dərin təşəkkürünü bildirən yubilyar bu ordeni qələm dostlarına, bütövlükdə sözə, ədəbiyyata verilən qiymət kimi dəyərləndirdi.

Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, elm və mədəniyyət xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir incəsənət ustalarının ifasında Fikrət Qocanın şeirləri və sözlərinə yazılmış mahnılardan ibarət konsert proqramı ilə davam etdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 14 oktyabr.- S. 3.