“Boy
çiçəyi” Şuşa
teatrının təqdimatında
Oktyabrın
13-də Rəşid Behbudov adına Azərbaycan
Dövlət Mahnı Teatrının səhnəsində Şuşa Dövlət Musiqili
Dram Teatrının təqdimatında İlyas Əfəndiyevin “Sən həmişə
mənimləsən” və ya “Boy çiçəyi” pyesi
əsasında hazırlanmış eyniadlı tamaşanın
premyerası olub.
Tamaşadan əvvəl müsahibə verən Xalq yazıçısı Elçin atasının bu pyesi 51 il əvvəl yazdığını söyləyib. Bildirib ki, pyes ilk dəfə 1964-cü ildə Akademik Milli Dram Teatrında səhnəyə qoyulub. Bu pyes o vaxtdan etibarən yalnız Azərbaycanın deyil, başqa ölkələrin teatrlarında da nümayiş olunub: “51 ilin təcrübəsi onu göstərir ki, bu əsər hər zaman aktualdır. Ona görə ki, sovet dövründə yazılsa da, ideologiyaya deyil, ədəbiyyata xidmət edib. Azərbaycan xalqının qəlbinə yaxın olan mətləblərdən, sədaqətdən, mərdlikdən, mənəvi təmizlikdən bəhs edən bir pyesdir. Bunların hamısının böyük psixoloji əsası var. Ona görə də nəinki sənətşünaslar, teatrşünaslar, ümumiyyətlə, ictimai fikir bu pyesi Azərbaycanda psixoloji təmayüllü teatrın başlanğıcı hesab ediblər”.
Xalq yazıçısı qeyd edib ki, istedadlı rejissorumuz Loğman Kərimov bu əsəri modern formada tamaşaya qoyub: “Məni sevindirən odur ki, pyesi bu dəfə Şuşa teatrı təqdim edir. Hazırda Şuşa düşmən istilasında olsa da, Şuşa teatrı fəaliyyət göstərir, yeni-yeni tamaşalar səhnələşdirir. İlyas Əfəndiyev son dərəcə Şuşa ilə, Qarabağla bağlı bir insan idi. Bilirsiniz ki, Qarabağda anadan olub. Şuşanın işğalı ona son dərəcə pis təsir etmişdi. İndi onun ruhu şaddır, ona görə ki, əsər Şuşa teatrında tamaşaya qoyulub”.
Sonra tamaşa nümayiş olunub. Rolları Əməkdar artist Azad Məmmədov, aktyorlar Nazir Rüstəmov, Püstəxanım Zeynalova və Zəhra Salayeva ifa ediblər.
Ata qayğısından məhrum
olan Nargilənin zavod direktoru Həsənzadəyə olan qarşılıqsız məhəbbətindən
bəhs olunan tamaşada
cərəyan edən hadisələr bu
günümüzlə səsləşir. Modern
üslubda təqdim olunan
səhnə əsərində yaradıcı heyət müəllifin
ideya və fikirlərinə heç bir xələl gətirmədən,
yeni yozumda maraqlı və
baxımlı bir tamaşanın hazırlanmasına
müvəffəq olub.
Mədəniyyət. 2015.- 14
oktyabr.- S. 2.