Vyana festivalında filmlərimizin uğuru

"Axınla aşağı" və "Nabat" mükafatlar qazanıb

 

Vyanada keçirilən “LET`S CEE” beynəlxalq film festivalında ölkəmiz iki ekran əsəri ilə təmsil olunub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Axınla aşağı" (rejissor Asif Rüstəmov) və "Nabat" (rejissor Elçin Musaoğlu) bədii filmləri "Urania", "Village Cinema" və "Actor`s Studio" kinoteatrlarında nümayiş etdirilib.

Festivalın yekununda müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb. "Ən yaxşı baş rol ifaçısı" nominasiyasında "Nabat" bədii filmində baş rolun ifaçısı Fatima Motamed-Arya qalib elan olunub. "Axınla aşağı" isə "Ən ümidverici debüt" nominasiyasında fəxri mükafata layiq görülüb.

"Azərbaycanfilm" kinostudiyasının direktoru, filmlərin prodüseri Müşfiq Hətəmov, "Axınla aşağı" filminin rejissoru Asif Rüstəmov, "Nabat" filmində baş rolu canlandıran aktrisa Fatima Motamed-Arya festivalda iştirak ediblər.

Qeyd edək ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin, eləcə də Türkiyə və Qafqaz regionunun kino sənayesi nümunələrinin nümayiş olunduğu "LET`S CEE” festivalı, eyni zamanda film istehsalçıları, rejissoraktyorlar üçün təcrübə mübadiləsi və yeni əməkdaşlıq baxımından mühüm platformadır. Festivalın proqramında yüzdən artıq film yer alıb.

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü sayəsində ölkəmiz artıq üçüncü ildir ki, bu festivalda təmsil olunur.

 

Mədəniyyət.- 2015.- 14 oktyabr.- S. 16.