Dünyanın mehinə dönən şair

 

Soruşdum birindən, şairəmmi mən?

Özüm ki özümü öyə bilmərəm.

Cavabı asanca qopdu dilindən:

Hələ ölməmisən, deyə bilmərəm.

 

Azərbaycan poeziyasının ən görkəmli simalarından olan Xalq şairi Məmməd Araz 11 ildir cismani olaraq aramızda yoxdur. Ancaq yaradıcı insanlar heç vaxt ölmürlər. Rəssamlıqda böyük sənət əsərlərinə bir baxış məsafəsi var. Məmməd Araz yaradıcılığı da zaman keçdikcə, onun cismani varlığı bizdən uzaqlaşdıqca öz möhtəşəmliyini saxlayır və yaddaşlardan silinmir.

Mən böyük şairin həm kənd qonşusu, həm də redaksiya qonşusu olmuşam. Şahbuz rayonunun NursuKülüs kəndlərini biri-birindən ayıran Düz dağıdır. Nəşriyyatda sağlamlığına görə tez-tez onu narahat etmirdim. Narahat edəndə də həmişə gülərüzlə, mehribanlıqla qarşılanırdım. Eyni mərtəbədə işləyirdik, o «Azərbaycan təbiəti» jurnalında, mən isə «Gənclik» jurnalında (sonradan «Tumurcuq» qəzetində).

Poeziyanı sevmişəm. Tələbə vaxtında həmişə yeni şeirləri oxuyub müzakirə edirdik. Gənclərin əksəriyyəti bədii ədəbiyyatla maraqlanırdı. Bəlkə də o söhbətlərin, Məmməd Araz əlinin istisindənmi, bilmirəm, məndə onun yaradıcılığına təsviri-sənətdə poetik xətlər vasitəsilə ideyalar cücərdi və mən başladım konkret olaraq şeirlərinə illüstrasiyalar çəkməyə. Bu ideyalar məni o qənaətə gətirdi ki, bəli, heç nə hədər getmədi. Nə söhbətlər, nə də şeirlərin müzakirəsi, diskussiyalar.

Sovetlər dönəmində ən çox eşitdiyimiz «Dünya mənim, dünya sənin, dünya heç kimin» şeiri tanınmış sənətkarımız Niyaməddin Musayevin nəzərindən qaçmadı və o, şeiri hiss etdi, mahnı bəstələyib ortaya çıxardı. Mahnını yaşatmağı bacardı və bu mahnı ilə tarixə daha bir imza atdı.

Məmməd Araz poeziyasını, onun fəlsəfəsini, hər sətrində hikmət gizlənən sözlərini duymaq, onu açmaq şairin aurasına daxil olmaq deməkdir. Şair kiçik bir qayanın döşündən qopub, böyük bir dünyanın mehinə döndü. Günəşin zirvəsindən nur alıb bu yurda səpələmək ona nəsib oldu. O, yalan-yorğanlara nağıl söyləmədi, dünyanı həqiqət aynasında gördü və bizlərə çatdırdı: “Düz sözdür hər şeydən baha...” Hamının əlindən çıxmaq təhlükəsi olan dünya, hamıya məlum və naməlum dünya.

Duman ömrü yaşadı şair. Duman olum bir çəngə. Mənim öz yağışım, öz qarım olsun. İstədiyim yerə yükümü çəkən hökmüm, ixtiyarım, qərarım olsun”. Qalın dumanlarda itmədi Məmməd Araz, çünki o, seyrək deyildi...

Fərqli nəzərlərlə dünyaya baxan şair deyirdi:

 

Harda həyat başlanır ölüm bağışlanır,

Harda ölüm başlanır həyat bağışlanır.

 

Ölümdən sonrakı həyata, yeni bir yaranışa daha çox inanırdı. Qara torpaq üstündə üfüqə doğru yolla gedən, təbiətin özünü bir kitabxanaya, hər dərəni bir məktəbə, hər dağı bir müəllimə bənzədən şair deyirdi:

 

Dünyada bir damla olmaq istəsən,

Dünyaya sən ümman həvəsilə gəl!

 

Məmməd Araz poeziyasının qüdrətini, səmimiliyini, onu duymaq bacarığını, sözün necə deyilməsini, bədii ifadəsini, fəlsəfi tutumunu hər oxucu duya bilmir. Onu gərək diqqətlə oxuyub şeirin içinə daxil olasan:

 

Kainat deyimmi mən şeirə, sözə,

Onun min düyünü, min açarı var.

Onu duya bilməz ondakı közə

Qəlbində köz töküb alışmayanlar.

 

Onun axan bulaqlara, çaylara, dənizə baxışı ilahidən gələn bir baxış idi.

 

Deyirəm çaylar da ağıldır - axır,

Dənizlər, ümmanlar ağıldır bəlkə...

 

Bəlkə Araztəxəllüsünün mənası eləağıldeməkdir...

Şairin bu fani dünyadan umacağı heç yox idi. İlahinin yaratdığı bütün sərvətlərin ən möhtəşəmi yenə bulaqlar idi.

 

Dağın o üzündən umacağım yox,

Dağın bu üzündə bulaqlar mənim.

 

Əlbəttə, su ilahi bir nemətdir. Müqəddəs Qurani Kərimdə (“Ən-ənbiyasurəsi) deyildiyi kimi, «Hər bir canlını sudan yaratdıq. İnsan bədəninin 80-85 faizi sudan ibarətdir.

Buynuzlu qeybətlər”, “cisimlər arası münasibətlər”, “dumanlı söhbətlərMəmməd Araz yaradıcılığından yan keçməyib:

 

Sonradan anladım, xeyli sonradan,

Cibə girən olur gözə girənlər.

Başqa bir şeirində isə,

Deyirəm, qoltuğa girən adamdan,

Yaxşıdır bir sınıq qoltuq ağacı...

 

Məmməd Araz bəşərin uca fikir dağıdır. Onun poetik ifadələrinin alt qatında böyük hikmətlər var. O hikmətləri aforizmə, nəğməyə, musiqiyə, təsviri sənətə gətirmək isə bizlərin üzərinə düşür.

 

Gərəksiz adətlər, sədlərlə dolu,

Bir insan ömrünə sığa bilmirəm,

 

- deyən şair lazımsız, çürümüş adət-ənənələrə qarşı öz fikrini bildirmişdi. Amma onun izahını açıb cəmiyyətə düzgün çatdırmaq lazımdır. Bizi irəli getməyə qoymayan bütün mənfi, lazımsız bütün şeylərdən birmənalı şəkildə imtina etmək lazımdır.

O, ömrünə sığa bilmədi, arzularının yelkəninə ömrü dayazlıq etdi. Bütün keçilməzliyə sinə gərdi. Bu gün o, yenə yaşayır biz onunla, ruhunun qoyduğu ilahi kəlamları ilə danışırıq.

 

Bir gün həyatımda yellər qopacaq,

Ömür öz tağından salacaq məni...

 

Ruhun şad olsun, Məmməd Araz!..

 

Kirman Abdin,

rəssam

 

Mədəniyyət.- 2015.- 14 oktyabr.- S. 12.