Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə

 

Azərbaycan xalçaları sadəcə xalça deyil, yun kitabələrdir!

 Lev Qumilyov

 

Hər bir azərbaycanlı üçün xalça ilə tanışlıq uşaqlıqdan başlayır. Körpə ikən üzərində iməkləməyə, sonra yeriməyə başladığımız xalçalar. Nənələrimizin danışdığı nağıllarda bizi xəyal dünyasına aparan uçan xalçalar. Evlərimizi bəzəyən, rəngarəng naxışları, təsvirləri ilə gözlərimizi oxşayan xalçalar. Mağar toylarında baş köşədə asılıb, üzərinə pambıq hərflərlə mübarək kəlmələr yazılan xalçalar. Kənddə doğulub boya-başa çatanlar üçün xalça ilə tanışlıq həm də evlərdə qurulan hanadan, rəngbərəng iplərdən vurulan ilmələrin sehrindən başlayıb.

 

Çaylaq kənarında boyanan iplər

 

Mənim də xalça ilə tanışlığım belə başlamışdı. 8-9 yaşım olanda bibimlə rayon mərkəzinə xalça üçün iplik almağa getmişdik. O vaxt Cəbrayıl hələ qəsəbə idi, iplik bazarı qəsəbənin əsas inzibati və yaşayış binalarını digər hissəsindən ayıran çaylağın yuxarı başında idi. Çaylaq kənarında iri qazanlarda müxtəlif rənglərə boyanmış yun kələflər qaynar sudan çıxarılıb mis ləyənlərə qoyulur, sonra sıxılır və qurumaq üçün məftilə asılırdı. Yan-yana asılan kələflər ecazkar palitra kimi görünürdü. Müxtəlif rəngli bir neçə qucaq kələf alıb kəndə döndük. Sonra həmin iplərdən üzərində maral təsviri, gül və naxışları olan xalça toxundu. Hananın ortasında asılmış çeşniyə uyğun ilmələrin tarım çəkilmiş ərişə vurulmasını, yuxarıdan sallanan yumaqları maraqla seyr edərdim. Onların içində göyümtül-qara rənglisinin o vaxt mənə qəribə gələn adı indi də yadımdadır - qarğa qanadı.

Bir neçə il keçdi, orta məktəbin yeddinci sinfində oxuyurdum. “Qobustan” jurnalına abunə idik. Jurnalın 1983-cü il saylarının birində alman alimi Günter Lettenmayerin Şərq xalçalarından bəhs edən kitabı haqqında yazı dərc olunmuşdu. O, kitabında Azərbaycan xalça sənətindən bəhs edərkən Qarabağ xalça məktəbindən söz açmış, bu sırada Cəbrayılın da adını çəkmişdi. Daha bir neçə il ötdü, orta məktəbi bitirib Bakıya gəldim, ali təhsil aldım. Sonra Cəbrayıl işğal olundu, bibim də həyatının son illərini köçkünlükdə yaşayıb dünyasını dəyişdi. Onun toxuduğu xalçanın sonradan necə olduğunu da bilmədim...

İllərin o tayında qalan xatirələr bu yazı vəsiləsi ilə yada düşdü. Yazı üzərində işləyərkən professor Vidadi Muradovun “Azərbaycan xalçaları. Qarabağ qrupu” kitabı ilə tanış oldum. Kitabda milli xalça sənətimizin aparıcı qollarından olan Qarabağ xalçaçılıq məktəbinin orta əsrlərdə Bərdədə, XVIII əsrdən Şuşada cəmlənməsi, Qarabağ xalçalarının üç qrupa ayrılması və onlardan birinin Cəbrayıl qrupu olmasından bəhs edilir. Onu da öyrəndim ki, vaxtilə haqqında “Qobustanda oxuduğum G.Lettenmayer 1969-cu ildə tərtib etdiyi “Dünyanın xalça xəritəsində” Cəbrayılı Qafqazın ən gözəl xalça mərkəzlərindən biri kimi qeyd etmişdir.

Bu faktları oxuduqca bir vaxtlar maraqla seyr etdiyim əlvan yumaqların ilmələrlə naxışlara çevrilməsini, kəndimizdə bir çox evlərdə belə hanaların qurulmasını xatırladım. O vaxtlar qız-gəlinlərin cehizinə mütləq evdə toxunmuş xalça qoyulardı, cehizlərin sanbalı da xalçaların sayı ilə ölçülərdi. Zaman dəyişib və xalçalar əvvəlkitək ev-eşiyimizin bəzəyi, rahatlığı olaraq dəyərini saxlasa da, yenə cehizlik əşya, hədiyyəlik pay kimi qiymətli olsa da, daha evlərdə toxunmur, bazardan hazır alınır. Yəni xalça həyatımızdan, məişətimizdən çıxmasa da, xalqın irs boğçasından azalmaq təhlükəsi var. Amma nə yaxşı ki, bu sənətə dövlət qayğısı və onu yaşadan, yeni xalçaçılar nəsli yetişdirən insanlar, bu sənətə təəssüb göstərən adamları var.

 

Azərbaycanı dünyaya tanıdan zəngin irs

 

Qədim xalq sənətinin yaşadılmasında dövlət qayğısı hər zaman aparıcı rol oynayıb. Hələ sovet dövründə bu istiqamətdə mühüm işlər görülmüşdü. 1927-ci ildə artel şəklində yaradılan və sonra istehsalat birliyinə çevrilən "Azərxalça” respublikanın xalçaçılıq müəssisələrini birləşdirən qurum idi. 60-cı illərin sonlarında görkəmli xalçaçı alim, Xalq rəssamı Lətif Kərimov Bakıda Xalça Muzeyinin yaradılması təşəbbüsü ilə çıxış etdi, ekspozisiya toplandı. 1972-ci ildə respublikanın rəhbəri Heydər Əliyevin göstərişi ilə muzey təşkil edildi, birinci ekspozisiya İçərişəhərdə Cümə məscidində nümayiş etdirildi. Sonralar muzey müxtəlif məkanlarda, 90-cı illərdən Muzey Mərkəzində yerləşdi.

Mədəni irsimizin böyük təəssübkeşi olan Heydər Əliyev xalça sənətimizin dünyada tanınmasına hər zaman önəm verib. 1981-ci ildə Parisdə, UNESCO iqamətgahında Azərbaycan xalçaları sərgisinin təşkili əlamətdar hadisə idi. 1983-cü ildə Bakıda UNESCO xəttilə Şərq xalça sənəti üzrə I beynəlxalq simpozium keçirildi. Həmin tədbirdə Lətif Kərimovun müəllifi olduğu, memar Əcəmi Naxçıvaninin təsviri əks olunmuş xalça UNESCO-ya hədiyyə edilmişdi. 10 il sonra, 1993-cü ilin dekabrında Heydər Əliyev Azərbaycan Prezidenti kimi UNESCO-nun qərargahını ziyarət edərkən həmin xalça qurumun baş direktorunun ofisinin yerləşdiyi mərtəbədə ən gözəgəlimli yerdə asılmışdı. Bu, Azərbaycanın xalq sənətinə verilən dəyərin nümunəsi idiulu öndər böyük fəxarət hissi ilə o xalça önündə xatirə şəkli çəkdirdi.

Azərbaycan xalçası orta əsrlərdən Avropada böyük dəyərə malik olub, səyyahlar, tacirlər xalçalarımızı alaraq ölkələrinə aparıblar. Milli xalça nümunələrimiz Avropa intibahının tanınmış rəssamlarından Hans Memlinq (“Məryəm körpəsi ilə”), Karlo Krivello (“Müjdə”), Hans Holbeyn (“Elçilər”) və başqalarının tablolarında əks olunub, dünya muzeylərinin sərvətinə çevrilib. Belə muzey-saraylardan biri Edinburqdakı (Böyük Britaniya) Kraliça iqamətgahıdır. 1998-ci ilin iyulunda Britaniyaya səfəri zamanı bu sarayla tanış olarkən Heydər Əliyevin oradakı xalçalar içərisində Azərbaycan, Təbriz xalçasını dərhal tanıması ingilislərdə təəccüb doğurmuşdu. O isə sakitcə demişdi: “Burada təəccüblü bir şey yoxdur. Siz öz mədəniyyətinizi sevdiyinizqoruduğunuz kimi, biz azərbaycanlılar da tariximizi, mədəniyyətimizi öyrənir, mədəni irsimizi yaşadırıq. Xalça xalqımızın böyük incəsənətinin nümunəsidir”.

Bu gün Azərbaycan dövlətinin mədəniyyət siyasətində xalçaçılığa münasibət xüsusi yer tutur. Təsadüfi deyil ki, digər xalq sənəti növləri sırasında məhz xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında ayrıca qanun (2004-cü il 7 dekabr) qəbul olunub. Qanunda vurğulanır ki, “Azərbaycan xalçası Azərbaycan xalqının maddi və mənəvi sərvətidir, xalqın estetik dünyagörüşünü və mədəni identikliyini əks etdirir”. Onu da qeyd edək ki, qanunda milli xalçaçılığın yeddi əsas məktəbi (Qarabağ, Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Təbriz) ilə yanaşı, o taylı-bu taylı Azərbaycanın digər xalça sənəti məktəbləri (Dərbənd, Borçalı, Göyçə, Naxçıvan, Ərdəbil, Zəncan, Xalxal, Urmiya, Qaradağ, Mərənd, Marağa) də qeyd olunub. Azərbaycan xalçaçılığının bütün tarixi irsini qoruma altına alan qanun bu sənətin inkişafında yeni səhifə açdı.

Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən 2008-ci ildə Dənizkənarı Milli Parkın ərazisində Xalça Muzeyi binasının inşası başladı. 2010-cu il noyabrın 19-da UNESCO Hökumətlərarası Komitəsinin iclasında (Keniya, Nayrobi) Azərbaycan xalçaçılıq sənəti bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edildi. 2014-cü il avqustun 26-da rəsmi açılışı keçirilən Xalça Muzeyinin yeni binası möhtəşəmliyi, orijinal memarlığı (bükülmüş xalça) ilə xalq sənətimizə töhfə, artıq bəşəri dəyər qazanmış xalça irsimizin dünyaya tanıdılmasına layiqli məkan oldu. “Əlbəttə, Xalça Muzeyi həm daxili tərtibatı, eyni zamanda xarici görünüşü ilə də fərqlənməli idi. Çünki xalça bizim milli sənətimizdir. Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil. Bu, bizim böyük sərvətimizdir və çalışmalıyıq ki, gənc nəsil bu sənətə maraq göstərsin. Görkəmli xalçaçılıq ustaları öz təcrübəsini gənc nəslə ötürməlidirlər”, - deyə Prezident İlham Əliyev muzeyin açılış mərasimində bildirmişdi.

 

Xalq sənətinin gələcəyinə vurulan ilmələr

 

Əməkdar incəsənət xadimi, professor Vidadi Muradovun rəhbərlik etdiyi "Azər-İlmə" Xalçaçılıq Mərkəzi 20 ilə yaxındır məhz bu nəcib fəaliyyətlə məşğuldur. Azərbaycan xalçalarının unudulmaqda olan çeşnilərini bərpa etmək, xalçalarımızın bədii ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürmək, Azərbaycan xalçasını beynəlxalq miqyasda bir sənət markası kimi layiqincə təqdim etmək şirkətin başlıca məramıdır. “Azər-İlmə”nin fəaliyyəti özəl sektorun milli irsimizə, xalq sənətinin tarixinə, bu gününə və gələcəyinə töhfəsinin ən bariz örnəyidir. Şirkətdə boyaqçılıq emalatxanası, bədii tərtibat, toxuculuq emalatxanalarından xalçaların yuyulub ütülənməsinə və bərpasınadək bütün işlər peşəkarların əlindədir. Rəng və çalarların alınması üçün tarixi ənənələrə uyğun olaraq yalnız təbii tərkiblərdən, müxtəlif bitkilərin kök və yarpaqlarından, oduncaq və meyvələrindən istifadə edilir. "Azər-İlmə"nin ustaları indiyədək milli xalça qruplarına aid 1000-dək klassikmodern xalça çeşniləri hazırlayıb.

Şirkət Bakıdakı “Sehrli ilmələr” mərkəzi ilə yanaşı, toxuculuq ənənələri ilə tanınan bölgələrdə (Abşeron, Qazax, Quba, Gəncə, Bərdə, Lerik, Şirvan, Şəki) də emalatxanalar yaradaraq yaradıcılıq axtarışlarını davam etdirir. Bu illərdə “Azər-İlmə”nin xalçaları Atlanta (ABŞ), Hanover (Almaniya), Moskva (Rusiya) və digər şəhərlərində uğurla sərgilənib, bir çox ölkələrdə muzeylərdə, şəxsi kolleksiyalarda mədəni irsimizin sənət elçisi olub. Milli xalça qruplarının çeşniləri əsasında yundan və ipəkdən, orijinal tərtibatlı, şux koloritli xalçalar istehsal edən "Azər-İlmə" “Caspian Energy İnternational Award”, "Uğur", "Kraliça Viktoriya adına mükafata, "Avropa keyfiyyət mükafatı”na layiq görülüb.

Elm və istehsalatın vəhdəti şirkətin fəaliyyətinin əsasını təşkil edir. Professor V.Muradovun rəhbərliyi ilə həyata keçirilən “Azərbaycan xalçaları bütün məktəbləri ilə“ layihəsi çərçivəsində ötən müddətdə Qarabağ, İrəvan, Təbriz, Şirvan, Naxçıvan, Quba, Bakı, Gəncə, Qazax-Borçalı xalça qrupları haqqında dəyərli nəşrlər hazırlanıb, rusingilis dillərinə tərcümə edilərək dünya muzeylərinə və kitabxanalarına göndərilib. 2011-ci ildən Azərbaycan, rus, ingilis dillərində "Azərbaycan xalçaları” jurnalı nəşr edilir. Şirkətin nəzdində fəaliyyət göstərən “Xalçaçılıq Tədris Mərkəzixalq sənətimizin yeni nəsil ustalarını yetişdirir.

Azərbaycan xalçaçılığı məhz nəsillərin sənət estafeti ilə qədimdən bu günlərə gəlib və bundan sonra da davam edəcək. Xalça sadəcə bir sənət nümunəsi, evlərimizin bəzəyi, rahatlığımız deyil. Xalça bir anlamda həyatımız, onun əvvəli və sonu deməkdir. Bu dünyaya gələndən sonra xalça üzərində yeriməyi öyrənir, dünyadan köçəndə də son yolçuluğa xalçaya bükülüb götürülürük. Azərbaycan adına gerçəkləşən ən böyük mədəniyyət göstəriləri də xalça ilə başlayıb, onunla sona yetir. Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərində olduğu kimi.

“Azərbaycan xalçaları sadəcə xalça deyil, yun kitabələrdir!” - türk tarixinin dəyərli tədqiqatçısı olan Lev Qumilyovun bu sözləri qədim xalq sənətimiz haqqında ən lakonik, məna tutumlu ifadədir. Bu kitabələrin hər səhifəsində tarix, bu gün və gələcək nəsillərə ərməğan irs var.

 

Vüqar Əliyev

 

Yazı "Azər-İlmə" Xalçaçılıq Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur

 

Mədəniyyət.- 2015.- 14 oktyabr.- S. 11.