Maestronun yubiley gecəsi
Görkəmli dirijor Rauf Abdullayev yaradıcılıq fəaliyyətinin 50 illiyini pult arxasında qeyd etdi
Oktyabrın 9-da Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli
dirijor, Xalq artisti, Dövlət mükafatı laureatı,
professor Rauf Abdullayevin yaradıcılıq fəaliyyətinin
50 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.
1965-ci ildən başladığı dirijorluq fəaliyyətində müxtəlif orkestrlərin rəhbəri olan, ölkəmizdə və xaricdə böyük konsertlərə dirijorluq edən maestro əlamətdar yubiley gecəsində də doğma musiqi kollektivinin qarşısında, pult arxasında idi. Rauf Abdullayevin bədii rəhbəri və baş dirijoru olduğu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri sənətsevərlərə məşhur alman bəstəkarı və pianoçusu Yohann Bramsın 4 saylı simfoniyasını və Avstriya bəstəkarı və dirijoru Qustaf Malerin 1 saylı simfoniyasını səsləndirdi.
Musiqi gecəsi tamaşaçıların maestroya və idarə etdiyi orkestrə sürəkli alqışları ilə başa çatdı.
Rauf Abdullayev
1937-ci ilin oktyabrın
29-da anadan olub. Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib,
Sankt-Peterburq Dövlət
Konservatoriyasında dirijorluq
təhsili alıb.
1965-1984-cü illərdə Azərbaycan Dövlət
Opera və Balet Teatrının baş dirijoru, 1984-cü ildən
Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestrinin,
1991-1994-cü illərdə Ankara Dövlət Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru olub. Rusiya, Almaniya, Hollandiya, İsveçrə,
Fransa, Misir, ABŞ, İtaliya və s. ölkələrdə, beynəlxalq
musiqi festivallarında
müxtəlif orkestrləri
idarə edib.
S.Fərəcov
Mədəniyyət.- 2015.- 2015.- 14
oktyabr.- S. 8.