İran Aşıqlar Birliyinin təqdimatı olub

 

İranda yaşayan soydaşlarımızın mədəni həyatında önəmli hadisə baş verib. Güneydəki aşıqlarımız öz təşkilatlarını - İran Aşıqlar Birliyini (İAB) yaradaraq rəsmi fəaliyyətə başlayıblar. Bu haqda qəzetimizə İAB-nin sədri aşıq Səlcuq Şahbazi bildirib.

Oktyabrın 10-da Tehranın Niyavəran Mədəniyyət Mərkəzində birliyin təqdimat mərasimi keçirilib. İran rəsmilərinin də iştirak etdiyi tədbirə Azərbaycan, Türkiyə və Orta Asiyadan aşıqlar qatılıblar.

Qurumun idarə heyətinə Güney Azərbaycanın tanınmış aşıqları Səttar Babayi, Məhəmməd İbadi, Əkbər Sadiqi, Əli Məhəmmədi, Qurban Əliyarlı, Mühəndis Əkbər Həmidi, Səttar Bəraziş, Hidayət Mehri, Çingiz Biriya və Səlcuq Şahbazi daxildir.

İAB-nin sədri aşıq Səlcuq Şahbazi qurumun məqsədi və görəcəyi işlərdən söz açıb. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrik məktubunu nazirliyin əməkdaşı Rəşad Əliyev, Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun təbrik məktubunu Musa Nəbioğlu oxuyub. Azərbaycanın İrandakı səfiri Cavanşir Axundovun təbrik məktubu da mərasim iştirakçılarının diqqətinə çatdırılıb. Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə aşıq sənətinin tarixi, özünəməxsusluğu haqqında çıxış edib.

Tədbir boyu aşıqların ifasında müxtəlif havalar səsləndirilib. Ölkəmizi tədbirdə aşıqlar Sərdar Məmmədov, Nəbi Nağıyev və Nazim Quliyev təmsil ediblər.

 

Soltan

 

Mədəniyyət.- 2015.- 14 oktyabr.- S. 6.