TÜRKSOY ölkələri Teatr Direktorları Şurasının toplantısı

 

Türkmənistanda TÜRKSOY-a daxil olan dövlətlərin Teatr Direktorları Şurasının toplantısı keçirilib. Tədbirdə Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı çıxış edərək türkdilli ölkələrin teatrları arasında olan əlaqələrin vacibliyindən, gələcək əməkdaşlıq münasibətlərindən danışıb.

Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov türkdilli ölkələrdə teatrın yeri və fəaliyyət perspektivləri haqqında məruzə ilə çıxış edib. Məruzədə irəli sürülən məsələlərin aktuallığı Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Türkiyə və digər respublikaların teatr rəhbərləri tərəfindən də qeyd olunub.

Tədbirin yekun sənədində türkdilli ölkələrin teatrlarının qarşılıqlı qastrol səfərlərinin təşkili, dramaturji materialların, rejissor və teatr rəssamlığı sahəsində mübadilə məsələlərinin zəruriliyi və qarşılıqlı mədəni bəhrələnmənin perspektivləri əksini tapıb.

Toplantıda Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilova xüsusi sertifikat təqdim olunub.

Qeyd edək ki, tədbir müddətində bir neçə türkdilli ölkənin teatr kollektivlərinin tamaşaları da nümayiş olunub.

 

Mədəniyyət.- 2015.-  14 oktyabr.- S. 4.