Azərbaycan-Rusiya
Hökumətlərarası Komissiyasının iclası keçirilib
Oktyabrın 9-da Moskvada, Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisində (XTNS) Azərbaycan-Rusiya
Hökumətlərarası Komissiyasının 15-ci iclası keçirilib.
İclasa Azərbaycan tərəfdən komissiyanın həmsədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, Rusiya tərəfdən komissiyanın həmsədri, Rusiya hökuməti sədrinin müavini Dmitri Roqozin sədrlik edib.
Azərbaycan nümayəndə heyətinə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Dövlət Sərhəd Xidmətinin rəis müavini Fərhad Tağızadə, nəqliyyat nazirinin müavini Musa Pənahov və digər qurumların rəsmiləri daxil idi. VI Rusiya-Azərbaycan regionlararası forumuna həsr edilən toplantının gündəliyinə iqtisadi əməkdaşlıq, energetika, sənaye, kənd təsərrüfatı və başqa sahələrdə qarşılıqlı fəaliyyət məsələləri daxil edilmişdi.
Toplantıda çıxış edən Dmitri Roqozin qeyd edib ki, Azərbaycan MDB ölkələri arasında Rusiya ilə ticarətdə davamlı olaraq dördüncü yeri (Belarus, Ukrayna və Qazaxıstandan sonra) tutur. Rusiya öz növbəsində Azərbaycanın ticarət dövriyyəsində üçüncü (İtaliya və Almaniyadan sonra) yerdədir: “Təəssüf ki, obyektiv səbəblərdən yeddi ayın yekunu üzrə biz bir qədər ticarət tempinin aşağı düşməsini müşahidə edirik, ticarət dövriyyəmiz 23,2% enərək 1,7 milyard dollar təşkil edib. Öz tərəfimdən qeyd edim ki, ölkələrimiz arasındakı ticarətdə mühüm yeri sənaye malları və kənd təsərrüfatı məhsulları tutur. Rusiyanın bəzi Qərb ölkələrinə qarşı tətbiq etdiyi sanksiyalar isə Rusiya bazarında keyfiyyətli Azərbaycan kənd təsərrüfatı məhsullarını daha tələbatlı edir”.
İki ölkə arasında investisiyaların genişləndirilməsi və qarşılıqlı müdafiəsi barədə anlaşmanın əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, müvafiq anlaşmanın qüvvəyə minməsi geniş imkanlar açır.
Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov iki ölkə rəhbərliyi arasında yaranmış yaxşı münasibətlərin dövlətlərarası əməkdaşlığın möhkəmlənməsinə şərait yaratdığını qeyd edib.
RF iqtisadi inkişaf
nazirinin birinci müavini Aleksey Lixaçov vurğulayıb ki,
Rusiyanın Azərbaycanda qoyduğu sərmayələrin
həcmi 1,5 milyard dollardan
yuxarıdır. Azərbaycanda 600-ə yaxın Rusiya müəssisəsi fəaliyyət
göstərir. O, 2020-ci ilə qədər olan
dövrdə ortamüddətli ticari-iqtisadi
əməkdaşlıq üzrə böyük
proqram hazırlandığını diqqətə
çatdırıb. Sonda iclasın yekun sənədi imzalanıb.
Mədəniyyət.- 2015.- 14
oktyabr.- S. 4.