Fransada mədəniyyət və mətbəximizin
təqdimatı
Xəbər verdiyimiz kimi, ölkəmiz
Fransanın Aşağı Normandiya regionunun Orn departamentində
təşkil olunan Montiyi
Sen Deni festivalında ilk dəfə fəxri qonaq
qismində iştirak edib.
Festival çərçivəsində ziyarətçiləri maraqlandıran iştirakçı ölkələr haqqında radio ilə birbaşa yayım olub. Azərbaycanla bağlı yayımda səfir Elçin Əmirbəyov ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti haqqında geniş məlumat verib. Azərbaycanın Dostları Assosiasiyasının baş katibi, “Azərbaycan Evi”nin sədri, Mirvari Fətəliyeva milli əl işləri haqqında, qurumun sədr müavini Mehri Quliyeva isə ləziz mətbəximizin nümunələri barədə məlumat verərək onların hazırlanma prosesini təqdim edib. Azərbaycan mətbəxi nümunələrinin dadına baxan ziyarətçilər ölkəmizin pavilyonunun fəallığından razılıqlarını bildiriblər.
Bakı Xoreoqrafiya Akademiyasının “Bakı ulduzları” rəqs ansamblının ifaları da böyük maraqla qarşılanıb.
Oktyabrın 8-9-da Fransanın Orn departamentinin Sees və Banyol şəhərlərində “Azərbaycan musiqi gecəsi” adlı konsert proqramı təşkil edilib. Proqramda gənc cazmen, pianoçu Etibar Əsədli Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib. Sonra “Bakı ulduzları” ansamblı Azərbaycan milli rəqslərini ifa edib.
Ölkəmiz bugünlərdə
Paris şəhərinin 7-ci rayonunun meriyası tərəfindən
“Dadlılar həftəsi” çərçivəsində rayonun ərazisində fəaliyyət göstərən
səfirliklər və mədəniyyət mərkəzlərinin
iştirakı ilə keçirilən mətbəx sərgisində
də təmsil olunub. Sərgidə
Fransadakı səfirliyimizin təşkilati dəstəyi ilə
“Azərbaycan Evi” təmsil edib.
Azərbaycan stendində milli
mətbəximizin nümunələri - şəkərbura, paxlava, meyvə şirələri və
mürəbbələrlə yanaşı, milli
adət-ənənələrimizi əks etdirən eksponatlar, ölkəmiz haqqında fransız
dilində nəşr edilmiş müxtəlif
çap məhsulları da
təqdim edilib.
Mədəniyyət.- 2015.- 16
oktyabr.- S. 16.