Bir bənzərsiz “Mücrü”
ki...
içərisindəki daş-qaşların ən qiymətlisi - öz istedadlı müəllifinin öz ali vətəndaşlığı...
Bütün xalqın başına oyunlar açan müharibə
dövrü və “açıldı mücrü, örtüldü
mücrü...”
Məşəqqətlər
yaşayan bir ailənin
ən həssas, ən dərdçəkən üzvü olan Ana və bu ağır
gün-güzəran ritminin əksinə olaraq, tez-tez baş verən bir iş; “açıldı mücrü,
örtüldü mücrü...”
Müdam çıxarılıb
satıldı, ehtiyaclar ödənilmədi
ki ödənilmədi və elə hey “açıldı mücrü,
örtüldü mücrü...”
Bəli, özünün növbəti mənsur hekayə adlandırdığı, başqalarının isə onun 4222 səhifədən ibarət 28 kitabı içərisində şah əsəri hesab etdiyi bu “Mücrü”dəki qiymətli zinət əşyalarının başında müəllifin - Gülhüseyn Hüseynoğlunun mənəvi zinəti dururmuş. O bunu “qılıncının dalı-qabağı kəsən” rejim-quruluşun ən kəsərli çağına - Stalin dönəminə təsadüf edən tələbəlik dövründə müstəqillik naminə yaratdığı antisovet “İldırım” təşkilatı səbəbilə aldığı həbs cəzası, habelə sonralarkı əyilməzliyi, milli ziyalılıq qüruru ilə də sübut etmişdi. Bu bütöv, dayanıqlı, nüfuzi-sirayətedici xarakterə malik şəxsiyyəti sürgünlərdə də sındıra bilməmişdilər və əksinə, həbsdən sonra o, vaxtilə onu satmış bir çox “ağzıgöyçək” çuğulçulardan, “qələmiqəşəng” pedantlardan daha irəli gedərək, Azərbaycan Yazıçılar İttifaqının üzvü, gözəl əsərlərilə məşhur nasir, dərin mühakimələrilə seçkin ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor olmuşdur.
Bu qeyri-adi “mənsur ədib”in gözəl əsərlərindən birinin adı “Günəbaxan”dır. Ədibliyin əbədi baş (əslində, ürək!) mövzusu olan Gözəlliyin vəsfindən bəhs edir; avtobus salonuna hədsiz gözəl bir qız daxil olur və bayaqdan öz xəyal aləmlərinə qapılıb “mürgü döyən” sərnişinlərin hamısı onun “günəbaxan”ına çevrilir...
Bu epizodu xatırlayıb-xatırlatmaqda qəsdim var. Belə ki, ümumdünya sərnişinlərindən biri olmuş bu müəllif - Gülhüseyn Hüseynoğlu - elə ilk gəncliyindən bu tip “günəbaxanlar”dan yox, bütün gözü, sözü, ürəyilə Vətənəbaxanlardan olub.
Tələbəliyin özünə də zamanın milli tələbi kimi baxan -
Bu Vətən oğlu -
Milli Cümhuriyyətimizin süquta uğradılmasından üç il yarım sonra (16 oktyabr 1923) Masallı rayonunun Mollaoba kəndində anadan olmuş Abdullayev Gülhüseyn Hüseyn oğlu - 25 ilmiş sükuta qərq edilmiş millətimizin istiqbal əzmini silkələyib, istiqlal yaddaşını təzələyəsilərdən biri kimi doğulubmuş.
Ailəsi Bakıya köçərkən o hələ 3-4 yaşlı uşaqmış. Orta təhsil illərindən rüşeymlənən milli hiss-duyğuları Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində qönçələnir, aspiranturada siyasi güllər açır, milli pərəstişkarları başına yığıb “İldırım” təşkilatı yaradır və... “şəxsiyyətə pərəstiş” iyçilərinin hökmü ilə 25 illik həbs-sürgün həyatına məhkum edilir. 1956-cı ildə - məlum “siyasi yumşalma” ilə əlaqədar - tam bəraət alır və aspiranturaya bərpa edilir. Dərin savadı, dəmir əzm və məntiqi sayəsində universitetdə müəllim saxlanılır, illər ötdükcə ədəbi və elmi fəaliyyətilə daha da şöhrətlənir, Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olur. Həbsdən əvvəl yazdığı kiçik ədəbi nümunələri (“Ana” hekayəsi, “Bənövşə əfsanəsi” adlı ilk mənsur şeiri və s.) kəmiyyət və keyfiyyətcə artır, öz milli-vətənpərvərlik ruhunun oyanışında nüvə hesab etdiyi Mikayıl Müşfiqlə bağlı araşdırmalarının nəticəsi olan fundamental monoqrafiyası başda olmaqla, neçə-neçə elmi-tədqiqat əsəri, yüzlərlə maraqlı hekayə, povest, alovlu publisistik məqalə və oçerklər yazır.
Lakin... bu qədər dramatik həyat yaşamış ədibin bədii yaradıcılığının əsasını lirikalar lirikası hesab olunan mənsur şeir və hekayələr təşkil edir! Az qala hər sözündə ayrıca bir “kölgə” çözü, hər təzə-tər tərkibinin təkrirində təhkiyələrin ənkə duzu, bir şah fikrin təkrarında gah müstəqim, gah məcazi mənalar, aldəyiş vurğu-durğularında ləzzət dolu “çaş-baş”lıqlar olan mənsur şeir və hekayələr...
Azərbaycan Yazıçılar İttifaqının V qurultayından etibarən İdarə heyətinin üzvü olan G.Hüseynoğlu X qurultayda Birliyin nəsr bölməsinin rəhbəri seçilib. Kütləvi tirajla buraxılan və adları da məzmun-mənaları kimi dadlı-duzlu (“Bir ömrün çıraqları”, “Ay nur çiləyəndə”, “Yaşatmaq üçün”, “Müşfiq”, “İnsan”, “Beşincilər”, “Gözəl”, “Mücrü”, “Ömrümüz boyu”, “Qatar gedir”, “Simic”, “Yana-yana”, “Kişi kimi”, albom-kitab formatlı “Mikayıl Müşfiq” və s.) otuza yaxın kitabından bir neçəsi keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub.
Çox istedadlı və məhsuldar ədib, azad Vətən, milli istiqlaliyyət mübarizi, milli mədəniyyət carçısı olmuş Gülhüseyn Hüseynoğlu milli müstəqillik dövrümüzdə də xeyli yaşamış, bir sıra mükafatlara və təltiflərə, 2005-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülmüş, 8 iyul 2013-cü ildə - 90 yaşında vəfat etmişdir. Onun əziz xatirəsi isə...
Bu an yadıma nələr düşmədi?!. Gözəl şeir-sənət yaradıcısı, özgür milli qeyrət daşıyıcısı olmuş bu sadə, halal-haqq Allah bəndəsi haqda saysız-hesabsız tələbələrinin, elmi yetirmələrinin canlı söhbətləri, elmi publisistik mətbu yazılar, sağlığında xətrini daim əziz tutmuş həmkarlarının vida mərasimindəki yanğı və qürür dolu nitqləri, xalqarası rəğbət-məhəbbət notları...
Onların bəzilərindən -
Fraqmentlər
Altı il öncə Gülhüseyn müəllimin də adı çəkilən bir qəzet materialını aşağıdakı kimi xülasə edirəm:
19 iyun 2009-cu il. Cəfər Cabbarlının ev-muzeyi. Nakam Müşfiqimizin ad günü
mərasimi. Bayırda bir qədər sərin, bir az da dəlisov külək əsir. İşə bax, elə bil, “Küləklər, küləklər, ey sərin küləklər,
Sizdə var qoxusu hər yerin, küləklər!” şeiri də şairin ad gününü
təbrikə gəlib.
İçəridəki müşfiqsevərlərin
könül-düşüncə mizan-düzənində də
elə o sayaq, amma həm də
çox sıcaq, doğma bir ab-hava! Muzeyin elmi işçisi Qəmər xanım şairin həyat və yaradıcılığı
haqda qısaca danışıb, ilk sözü
Müşfiq şeirlərinin
tədqiqatçısı, Müşfiq vurğunu Gülhüseyn Hüseynoğluya
verdi. Gülhüseyn
müəllimin çıxışındakı
emosional notlar hər kəsi kövrəltdi: “Əziz müşfiqsevərlər, sizin
bu gün böyük dramaturqumuzun evində bənzərsiz lirikimizin işığına
yığışmanıza çox sevindim. Sizin üz-gözünüzdə
- sevinc, fəxr-fəxarət
hisslərilə bahəm
gördüyüm kədər,
ağrı-acı duyğularına
da sevindim! Axı, Müşfiq adı, Müşfiq namı, Müşfiq taleyi bizim ümummilli
ağrımızdır! Mən, adətən,
Müşfiqlə bağlı
keçirilən bütün
tədbirlərdə iştirak
edirəm və bir dəfə belə mərasimlərdən
birində məktəblilər
onun şeirlərini söyləyirdi. O bir
saatdan artıq müddətdə, özümdən
necə xəbərsiz
olmuşamsa, bir də onda ayıldım
ki, yanımdakı adam astaca
qoluma toxunub deyir: “Heş olmasa, hərdən gözlərinin yaşını
sil...”
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
Anar: “Gülhüseyn Hüseynoğlunun vəfatının
yalnız ədəbiyyatımız
üçün deyil,
mənəviyyatımızçün də böyük itkidir. Gülhüseyn müəllim çox
istedadlı yazıçı
olmaqla bərabər,
nadir mənəviyyata malik
bir insan idi; o, Müəllim adının təmizliyini,
saflığını ömrü
boyu qorudu. Bir arzum vardı ki, Gülhüseyn Hüseynoğlu Sibirdə
başına gələnləri
qələmə alsın.
Bəzi fraqmentləri yazsa da, təəssüf ki, ömür vəfa etmədi”.
AMEA Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
direktoru, millət vəkili Rafael Hüseynov:
“Onun mənsur şeirləri içində
şah əsəri olan və bir
çox dillərə
tərcümə olunmuş,
haqqında film də çəkilmiş “Mücrü”sü
hər zaman açılacaq və insanlar ona baxdıqca,
istiqlalımız, müstəqilliyimizlə
bağlı mənəvi
mənzərələr gördükcə,
bu yolda həyatını fəda
etmiş insan, onun əsərləri və pak varlığı
haqqında düşünəcəklər...”
Tahir Abbaslı
Mədəniyyət.- 2015.- 16
oktyabr.- S. 13.