İsmi Pünhan aşığı

 

Molla Cümə - 160

 

 

Azərbaycan aşıq sənətinin inkişafında həm ifaçılıq qabiliyyətinə, həm də yaradıcılıq keyfiyyətinə görə misilsiz rol oynamış ustadlardan biri Molla Cümədir (1855-1920). Onun şeirlərində özü və nəsil-nəcabəti barədə zəngin bioqrafik bilgi vardır. Aşığın yer-yurdu:

 

Mahalım Göynükdür, şəhərim Şəki,

Layisqi kəndinin binasıyam mən;

 

Əsli-kökü və kimliyi:

 

Binəm Layisqiyə düşübdü mehman,

Pədərim Salahdır, madərim Reyhan.

Vələdim Həsəndir, əxim Süleyman,

Familim - Molla Oruc ədnasıyam mən.

 

Molla Cümənin mənsub olduğu ailə ocağının dədə-babadan yazı-oxu ənənəsinə sahib olması onun nəslinin «Molla Oruclu» adlanmasından da görünməkdədir. Ailə ənənəsinə uyğun olaraq Cümə kiçik yaşlarından Şərq üslubunda təhsil-təlim almış, ərəb-fars dillərini öyrənmiş, Quran və şəriəti, islam qayda-qanunlarını dərindən mənimsəmişdir. O, heç bir zaman dini-ruhani vəzifə icra etməmişdir, sadəcə olaraq, savadlı və təhsilli olduğuna görə el arasında «Molla Cümə» adıyla çağırılmış, şeirlərində də bu təxəllüsü işlətmişdir:

 

Oxuram, ustaddan almışam dərsi,

Oxumuşam ərəb, türkinən farsı.

Fikrim seyr edər ərşinən kürsi,

Dərin kitabların mənasıyam mən.

 

Uşaqlıqdan saza-sözə xüsusi maraq göstərən Cümə on beş-on altı yaşlarından saz çalmağa başlamış, el arasında söyləndiyinə görə, elə həmin yaşlarda da ona vergi verilmiş, yuxuda aşıqlıq badəsi içirdilmişdir. Bundan sonra o, peşəkar aşıqlığa başlamış, Şəki-Zaqatala-Balakən bölgəsi və Dərbənd-Dağıstanda el-oba məclislərində öz saz-sözüylə ad çıxarmışdır. Sözügedən coğrafi məkanda XIX yüzilliyin sonları və XX yüzilliyin birinci yarısında aşıqlığın xüsusi vüsət tapması əslində həmin regionda Molla Cümənin yaratdığı sənət iqlimi ilə bağlıdır. Təsadüfi deyildir ki, XX əsr Şəki-Zaqatala və Dərbənd-Dağıstan aşıqlarının repertuarında Molla Cümə irsi mühüm yer tutmuşdur. İrsin yayılıb repertuarda möhkəmlənməsində əvvəlcə Molla Cümənin özü, daha sonra isə onun müxtəlif bölgələrdə aşıqlıq edən şagirdləri əsas rol oynamışdır.

Molla Cümə ortabab güzəran keçirmiş, el-camaat arasında nüfuz və xətir-hörmətə sahib olmuşdur. 1920-ci il may ayının axırlarında sovet hakimiyyəti qurmaq adı altında Şəkidə əməliyyat aparan silahlı erməni-rus dəstələri bölgənin ziyalı və dini-ruhani xadimlərini, el-ulus başçılarını aradan götürmüşlər. Onların arasında böyük el sənətkarı Molla Cümə və onun arvadı da olmuşdur. Gecə ilə silahlı bolşeviklər tərəfindən evindən aparılan Molla Cümə və arvadı güllələnmiş, meyitləri səhərisi gün kəndin kənarındakı Göynük yolunun qırağında tapılmışdır. Camaat onları elə orada da dəfn etmişdir. Aşığın qəbri indi də Göynük yolunun qırağındadır.

Poetik istedad vergisinə sahibliyi, bununla yanaşı, həm də təhsil və savadı sayəsində klassik ədəbi-bədii məxəzlər və dini-ürfani qaynaqlardan xəbərdar olması Molla Cüməni şeir-sənət aləmində yenilməz bir sənətkara çevirmişdir. O, folklor ruhu, ovqatı üstündə köklənmiş bir söz sənətkarı olsa da, klassik poeziya ənənələrinin də kamil bilicisi kimi Şərq poetikasının incəliklərini geniş miqyasda aşıq poeziyasına tətbiq etməyə səy göstərmişdir. Ustad sənətkar şeirlərini söz üstündə, toy-düyündə, şadlıq yığnağında, söz-sənət meydanında, deyişmə məclisində bədahətən söylədiyi kimi, təhsili olması səbəbindən kağız üzərində də yazmışdır. Onun şeir dəftərindəki minacat, qəsidə, surə və qəzəllər sırf yazılı ədəbiyyat örnəkləridir. Həmin nümunələr əsasən dini-ruhani mərasimlərdə oxunmuşdur. Bununla belə, onlar Molla Cümə irsinin az hissəsini təşkil edir. Yaradıcılığın ana axarı folklor üslubundadır.

Aşığın poetik irsi zəngin və çoxşaxəlidir. Beş hecalıdan tutmuş on altı hecalıyadək elə bir aşıq şeiri şəkli yoxdur ki, Molla Cümə ondan istifadə etməsin. Özünəqədərki bəlli aşıq şeiri şəkillərindən əlavə o, bir çox yeni biçimlərdə şeirlər yaratmışdır. Onun gəraylı, qoşma, təcnis, divani və müxəmməs kimi biçimlər üzərində apardığı yeniləşmələr klassik Şərq poetikasına məxsus fiqur və qaydaların aşıq şeiri şəkillərinə tətbiq edilməsi nəticəsində baş vermişdir. Məsələn, nöqtəsiz təcnis (bu təcnisdə ərəb əlifbasının nöqtəli hərfləri olmayan sözlər işlədilir), hərf üstündə qoşma, təcnis, divani, müxəmməs (şeir şəklinin hər misrası eyni hərfli sözlə başlayır və bitir), eyni rədif üstündə bir şeir kimi qoşma və təcnis, yaxud bayatılı qoşma, qoşma-münazirə, sallama gəraylı və s. biçimlər bu sıradandır. Əslində bu biçimlər formal-texniki baxımdan o qədər çətindir ki, onlarda şeir yaratmaq hər sənətkarın hünəri deyildir. Adıçəkilən formalara xüsusi savad və təhsil hazırlığı olmayan, Şərq poetikasının incəliklərini bilməyən bir kəs yaxın dura bilməz. Folklor şeirində bu biçimləri qurmaq və onların kamil örnəklərini ortaya qoymaq Molla Cümənin şairlik istedadı və bilik dairəsi ilə bağlıdır. Hərf üstündə şeir söyləmək, ümumiyyətlə, çətin bir iş olduğu halda, Molla Cümə daha çətin bir variantı seçərək hərf üstündə təcnislər də qoşmuşdur. Aşığın «z» hərfi üstündə qurduğu təcnis onun nə qədər böyük söz ehtiyatına və çevik poetik-üslubi maneralara malik olduğunun əyani göstəricisidir:

 

Zəhmətim əşəddir, bülbülüm gülsüz,

Zar olur könlümüz, ayağa durmaz.

Zəbanım bəstədir, dəhanım dilsiz,

Zəncəfil göz yaşım a yağa durmaz.

 

Molla Cümənin yaratdığı sallama gəraylı şəkli də çətin və orijinal bir biçim olmaqla sənətkardan xüsusi məharət tələb edir. Bu biçimdə gəraylı bəndinin tamamlayıcı (dördüncü) misrası əvəzinə dördhecalı əlavə bəndin işlədilməsi şərtdir:

 

Vəfası olmaz maçının,

Gərdəndə quyrum saçının.

Bəxti dönsə bir ovçunun

turğu uçar,

ceyran qaçar,

dağı keçər,

düz vay eylər.

 

Çeşidli yönlərdən sözlə poetik rəftarın özünəməxsusluğunu göstərmək üçün Molla Cümə eyni şeirin misraları daxilində diqqət önündə saxlanılan bir sözün çoxsaylı və çoxqatlı çalarlarını yaratmağın maraqlı nümunələrini ortaya qoymuşdur:

 

Gözəl, Cümə gözəl doymaz sözündən,

Gözəl qorxdum, gözəl xumar gözündən

Gözəl busə, gözəl verib üzündən

Gözəl canın gözəl qatıb cana, get.

 

Məqsədli şəkildə dönə-dönə vurğulanan və müxtəlif poetik-üslubi çalarların ecazlı görsənişlərini təqdim edən «gözəl» sözü və onu müşayiət edən alliterasiya gerçəkdən də şeirə cəlbedici bir harmoniya və gözəllik gətirmişdir.

Molla Cümə şeirinin könül həmdəmi İsmi Pünhandır. Aşığın şeirlərindəki bilgidən aydın olur ki, «İsmi Pünhan» («adı gizlin») onun sevgilisinin rəmzi adıdır. Söylənildiyinə görə, Molla Cümə ilk gənclik çağlarında öz kəndlərində bir qıza vurulmuş, aralarında olan əhd-peymana görə onun adını dilə gətirməmişdir. Aşıq öz şeirlərində sıx-sıx işlətdiyi, bəzən də şeirin başlanğıcında müraciət yerində saxladığı «İsmi Pünhan» ifadəsi ilə həmin qıza işarə edir. İsmi Pünhan gənc yaşlarında qəflətən vəfat etmişdir. Aşığın İsmi Pünhan həsrəti sonsuz bir eşq yanğısı və tale ağrısıdır:

 

İsmi Pünhan, həsrətindən ağlaram,

Fələk də yaşıma qan qatar indi.

Dərdimi cəm edib dəftər bağlaram,

Onun hesabına kim çatar indi...

Cümənin sirləri xalqa yayılmış,

Özü yuxusundan indi ayılmış.

Əzəlki eşqimiz heç eşq deyilmiş,

Təzədən ciyərim od tutar indi.

 

«İsmi Pünhan» silsiləsinə daxil olan şeirlər İsmi Pünhanın sağlığında vüsal soraqlayan həsrətli təsvir-tərənnümlər və könül pıçıltılarıdır:

 

Sən şöləsən, dörd yanında fanaram,

Bülbülünəm, gülşənindən kənaram.

Od tutuban hər məclisdə yanaram,

Dərdim qanan ya bir olar, ya iki.

 

İsmi Pünhanın yoxluğundan, dünyadan köçməsindən sonra isə ovunmaq bilməyən sonsuz bir kədər və nisgildir:

 

Bu yazıq Cümənin dönübdü baxtı,

Əsdi əcəl yeli, sərvimi yıxdı...

 

Cümə yaradıcılığı təkcə şəkil-biçim əlvanlığı ilə deyil, həm də mövzu əhatəsinin genişliyi ilə diqqəti çəkir. Lirik-aşiqanə, gözəlləmə səciyyəli şeirlərdən başqa onun poeziyasında fəlsəfi-didaktik və dini ruhlu poetik örnəklər də geniş yer tutur. Molla Cümə dünyanı düşünən, insanlığın qayğıları ilə yaşayan, həyata, çevrəsinə müdrik nəzərlərlə yanaşan el sənətkarıdır. Onun gəlimli-gedimli dünyanın olub-olacaqlarına verdiyi poetik dəyərləndirmələr, zamanın gərdişi ilə bağlı dilə gətirdiyi öyüd-örnəklər, həssas həyati müşahidələr əsasında söylədiyi müdrik kəlamlar öz dərin hikmətinə və sərrast ifadəsinə görə el yaddaşına hopa bilmişdir:

 

Sığıngınan yaradana, bəndəyə dad eyləmə,

Dostların könlün yaxıb, düşməni şad eyləmə.

Havadar ol yıxılmasın, evin bərbad eyləmə,

Öz yurdundan özgə yerə köçmə, peşman olarsan.

 

Molla Cümənin dini-mənəvi şeirləri də dolayısı ilə fəlsəfi-didaktik mahiyyət daşıyır. Belə ki, həmin şeirlərdə də insanın haqqa tapınması, islam dəyərlərinə sığınaraq gözünü-könlünü saflaşdırması, Quran və Məhəmməd nuru sayəsində ruhən arınıb-durulması təbliğ və təlqin olunur. Cümənin kəlamları iman və inam əhlinin ruhi qidasıdır:

 

Gecə-gündüz duam budur,

Cabbar Cəlildən mədəd.

Axır zaman peyğəmbəri

Rəsul Xəlildən mədəd.

Dörd sahaba, dörd məlayik,

Həzrət Cəbrayildən mədəd.

Doğru rahda bizim üçün

Olan dəlildən mədəd.

Adəmin cəsədi yoğrulan

O abi-gildən mədəd.

 

Molla Cümə yaradıcılığı həm də elat həyat tərzini, xəlqi-etnoqrafik ənənələri, el-camaatın gündəlik gün-güzəran qayğılarını geniş miqyasda inikas etməsi ilə səciyyəvidir. Onun şeirləri həyatın birbaşa özündən gəlir, burada əkin-biçin üstünün söz-söhbətlərindən tutmuş, toy-düyün mərasimlərinin çal-çağırına qədər ən müxtəlif folklor koloriti cəmləşmişdir. El igidlərinin mərdliyindən, elat gözəllərinin təravət və yaraşığından ünvanlı şəkildə söz açması da onun könül duyğularının içərisində yaşadığı gerçəkliklə həmahəng olmasını ifadə edir. Molla Cümə şeirinin bu keyfiyyəti Aşıq Ələsgər şeirindəki etnoqrafik ovqatla üst-üstə düşür:

 

Tilsimli camalı aya oxşayır,

Qaşları qurulmuş yaya oxşayır,

Hər kəlməsi bir bəlaya oxşayır,

Cümə üçün şirin dili Tellinin.

 

Molla Cümənin söz-sənət irsi içərisində onun özü tərəfindən yaradılmış dastanlar da müəyyən yer alır. Aşığın təqribən yeddi dastan yaratdığı söylənilsə də, onların üçü aşıq repertuarında nəzərə çarpır. Əsasən Şəki-Balakən və Dərbənd-Dağıstan aşıqlarının repertuarında yer alan Molla Cümə dastanları ənənəvi məhəbbət dastanları qəlibindədir. «Səyyad və Səyalı», «Baxış bəy və Leyla xanım» dastanlarının süjet xəttindəki ənənəvi məhəbbət mərhələləri və uğurlu sonluğu klassik dastançılıq standartları səviyyəsindədir. Molla Cümə bu dastanların yurd yerini nağıl özülü əsasında hazırlamış, uyğun məqamlara şeirlər, deyişmələr yerləşdirmişdir. «Cümə və Könül» dastanı isə daha çox Molla Cümə ilə Aşıq Könül arasındakı söz-sənət sınağı ilə əlaqədar rəvayətlər toplusudur. Bu dastan-rəvayət aşığın şagirdləri tərəfindən yaradılmışdır.

Molla Cümə Azərbaycan aşıq ədəbiyyatı tarixinə yenilikçi aşıq-şair kimi daxil olmuşdur. Onun aşıq şeiri şəkilləri üzərində apardığı yeniləşmə-təkmilləşmələr həm çağdaşı olan sənətkarlar, həm də sonrakı dövr saz-söz ustadları tərəfindən rəğbətlə qarşılanaraq davam etdirilmişdir. Böyük sənətkarın poetik irsinin əsas hissəsi indi də aşıqların söz-havacat repertuarında öz fəallığını qoruyub saxlamaqdadır.

 

Məhərrəm Qasımlı

Dövlət mükafatı laureatı, professor

 

Mədəniyyət.- 2015.- 16 oktyabr.- S. 12.