İsveçdə qalereyası olan rəssam soydaşımız

 

Rəssam Reyhan Əliyeva 1958-ci ildə Bakının Əmircan kəndində doğulub. 1976-cı ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1980-ci ildə məktəbi bitirdikdən sonra təhsilini Sankt-Peterburq Rəssamlıq Akademiyasında davam etdirmək üçün göndəriş alır. Amma valideynləri Bakıdan uzaqda təhsil almasına icazə vermirlər. O, sənədlərini indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssamlıq fakültəsinə verərək uğurla qəbul olunur və 1985-ci ildə universiteti bitirir.

Müxtəlif sərgilərdə iştirak edən R.Əliyeva 1987-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilir. Həmin illərdən müstəqil yaradıcılığa başlayan rəssam fərqli janrlardamövzularda əsərlər yaradır.

Reyhan xanım 1991-1995-ci illərdə ADMİU-da müəllim, 1995-2002-ci illərdə Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Evində dərnək rəhbəri işləyib.

Artıq 13 ildir yurdumuzdan qıraqda - İsveçin Ange şəhərində yaşayır, orada yaradıcılıqla məşğul olur. O həm orta məktəbdə rəsmdən dərs deyir, həm də orada yaşayan soydaşlarımızın balalarına doğma dilimizi öyrədir.

Üç il öncə İsveç dövlətinin qərarı ilə orada yaşayan hər bir milli icma öz ana dilini tədris etmək imkanı əldə edib. Oradakı bir qrup soydaşımız da övladlarını Reyhan xanıma tapşırıblar. O, hazırda 9 azərbaycanlı uşağa həftədə bir saat olmaqla dilimizi öyrədir. Bu işdə ona ölkəmizdə qazandığı müəllimlik təcrübəsi yardımçı olub. Onun ikinci sənəti tərcüməçilikdir. İsveç, türk, rus dillərini bilir, tərcümələr edir.

Soydaşımız İsveç Milli Rəssamlar Təşkilatının üzvüdür. İndiyə kimi yaşadığı ölkədə 10-dan çox fərdi sərgisi keçirilib. Əsərləri sənətsevərlər tərəfindən yüksək dəyərləndirilir və alınır. Rəssamın yaşadığı evin birinci qatında şəxsi qalereyası və emalatxanası fəaliyyət göstərir.

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 16 oktyabr.- S. 10.