Elektron viza sisteminin turizmin inkişafına təsiri
Son illər
ölkəmizdə turizmin
inkişaf etdirilməsi
məqsədilə bir
sıra layihələr,
dövlət proqramları
icra olunub. Bu işlərin nəticəsi olaraq turizmin inkişafı üçün müvafiq
infrastruktur qurulub, yeni istirahət mərkəzləri, hotellər
inşa olunub, turizm marşrutları yaradılıb. Azərbaycanın
ev sahibliyi
etdiyi beynəlxalq tədbirlər də turizm sektoru üçün zəmindir.
Ölkəyə turist axının gücləndirilməsi üçün
vacib şərtlərdən
biri də viza rejiminin sadələşdirilməsidir. Əcnəbi vətəndaşların ölkəmizə
daha rahat şəkildə gəlməsi
üçün bu sahədə müvafiq tədbirlər görülür.
“Azərbaycan Respublikasına
gələn əcnəbilər
və vətəndaşlığı
olmayan şəxslərə
viza rəsmiləşdirilməsi
sahəsində təxirəsalınmaz
tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 30 noyabr
2012-ci il tarixli sərəncamına
uyğun olaraq
2013-cü ilin 15 mart tarixindən
ölkəmizə turizm
məqsədilə gələn
turistlərə elektron
turist vizalarının
verilməsi tətbiq edilir. Həmçinin Nazirlər Kabinetinin 29 iyun 2015-ci il
tarixli, 247 nömrəli
qərarı ilə “Turistlərə elektron viza almaq hüququnu
əldə etmək üçün Azərbaycan
Respublikasında fəaliyyət
göstərən turizm
şirkətlərinin akkreditasiyadan
keçməsi Qaydası”
təsdiq edilib
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov turizm şirkətlərinin
akkreditasiyasının davam
etdiyini bildirir: “Sənəd Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 38.7-ci maddəsinə
uyğun olaraq hazırlanıb və turistlərə elektron viza hüququnu əldə etmək üçün ölkənin
turizm şirkətlərinin
Mədəniyyət və
Turizm Nazirliyində akkreditasiyadan keçməsi
qaydasını müəyyən
edir. Yeni akkreditasiya qaydalarına uyğun olaraq əsasən gəlmə turizmi ilə məşğul olan 36 turizm şirkətinə sözügedən bu sistemdən istifadə edərək elektron turist vizası vermək hüququ verilib və bu proses davam
edir”.
Sektor müdiri qeyd etdi ki, Mədəniyyət
və Turizm Nazirliyindən xüsusi razılıq (lisenziya) almış, bir ildən az
olmayaraq fəaliyyət
göstərən və
qeyd olunan qaydalardakı tələblərə
uyğun gələn istənilən turizm şirkəti akkreditasiyadan
keçmək üçün
müraciət edə
bilər. Yeni təsdiq olunmuş
sənəddə akkreditasiyadan
keçmək üçün
lazım olan bütün sənədlərin
siyahısı, akkreditasiyanın
ləğvinə qədər
müddəalar öz
əksini tapıb.
Hər bir turist yerli elektron
viza verən turizm şirkətinə elektron müraciət edir. Təqdim olunmuş sorğu
Xarici İşlər
Nazirliyinə təqdim
olunur və bu sorğulara 10 gün müddətində
cavab verilir. Bu elektron vizalar
30 gün müddətində
etibarlıdır və
onun qiyməti 20
ABŞ dolları həcmindədir.
“Elektron viza sistemi
turizmdə yeni səhifədir”
Elektron vizaların
üstünlüyü və
Azərbaycanda turizmin inkişafına təsirini
dəyərləndirmək üçün sektor təmsilçilərinin fikrini
öyrəndik.
“Millennium
Tourism & Congress DMC”nin
direktoru Ruslan Quliyev isə yeni viza qaydalarının
əhəmiyyətini xüsusi
qeyd etdi: “Elektron viza sisteminin
tətbiqi ilə Azərbaycan turizmində yeni bir səhifə
açıldı. Bu sistem turistlərin rahatlığını təmin
etdiyi üçün
elektron viza ilə bağlı müraciət edənlərin
sayı da artır. Bu isə
Azərbaycana gəlməkdə
maraqlı olanların
çoxluğundan xəbər
verir”.
Həmsöhbətim elektron vizaların verilmə müddətinin
daha da qısaldılmasının
əhəmiyyətli olacağını
deyir.
Qeyd edək
ki, hazırda elektron turist vizaları müraciət edildikdən ən geci 10 gün müddətinə rəsmiləşdirilir. Azərbaycan Respublikası
Prezidentinin müvafiq tapşırığına uyğun
olaraq, Mədəniyyət
və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən
bunun 5 günə salınması ilə bağlı birgə fəaliyyət həyata keçirilir.
Azərbaycan Turizm Assosiasiyası
sədrinin müşaviri
Müzəffər Ağakərimov
da elektron vizanın tətbiqinin turist sayına müsbət təsir edəcəyini bildirir: “Turistlər daha rahat yolla viza
əldə etməyə
üstünlük verirlər,
problemlərlə qarşılaşdığı
ölkələrə səfər
etməyi sevmirlər.
İndi bizdə də çətinliklər aradan
qalxıb. Elektron viza
sisteminin tətbiqi ilə xarici turistlərin daha rahat şəkildə ölkəmizə səfəri
təmin olunur. Azərbaycana
gəlmək istəyən
xarici turistlər
internet vasitəsilə müraciət
edərək viza ala bilirlər. Şirkətlər də bu sistem tətbiq olunduqdan sonra turist gətirməkdə daha çox maraqlıdırlar. Çünki bu onların işində də rahatlıq yaradıb”.
Mütəxəssis elektron viza ilə
bağlı yeni qaydaların tətbiq olunmasını ölkəmizdə
turizmin inkişafı
istiqamətində atılan
növbəti uğurlu
addım hesab edir.
Əlavə edək ki, Azərbaycana
gəlmək istəyən
xarici turistlər üçün elektron viza sisteminin tətbiqi bir sıra beynəlxalq qurumlar, o cümlədən
Birləşmiş Millətlərin
Ümumdünya Turizm Təşkilatı (UNWTO) tərəfindən
də yüksək qiymətləndirilib.
F.Hüseynov
Mədəniyyət.- 2015.- 16
oktyabr.- S. 9.