“Boy çiçəyi”nin solmayan eşq elegiyası
Sevmək insanın daxili üsyanları və onun azadlıq
carıdır bəzən. Bəzən isə
sadəcə məşəqqət,
yaşanmışların ən
dəhşətlisi və
amansızı. Bir çox zamanlarda isə ağrıları ilə həm də şirin bir nemət, füsunkar bir gözəllik, bənzərsiz
bir duyğu. Sevmək həm də yaşının hansı çağında
olmasına baxmayaraq, səni min ilin tənhalığından, əsrin
qocalığından, qərinənin
sükutundan çıxaran
qüvvədir. Deməli,
səni, məni, onu köləlikdən azad edə-edə elə öz köləsinə çevirən
də odur.
O axşam (13 oktyabr) deyəsən, payız küləyi duyğularını
üşüdənlər, öz tənhalığına
illərin sevgi nağılı ilə təsəlli vermək arzusunda olanlar və bir sevginin
elegiyası üçün
darıxanlar bir araya gəlmişdi. Neçə onillikdə bizə yaşın və yaşam tərzinin duyğulara sipər olub-olmamağı
barədə gerçəyi
dramaturji ustalıqla çatdırıb, hər
halımızda ürəyimizə
qulaq asmağa çağıran bir sevgi carçısı ilə görüş idi...
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında
Xalq yazıçısı
İlyas Əfəndiyevin
“Sən həmişə
mənimləsən” (“Boy çiçəyi”)
pyesi əsasında hazırlanmış tamaşanın
premyerası oldu.
Həmin gün teatrımızın
səhnəsini bir-birindən
fərqli və gözəl nümunələrlə,
dram inciləri ilə
bəzəyən, teatrımızda
lirik-psixoloji janrın
əsasını qoyan
müəllifin bu ölməz əsərinin
nakam sevgilərə duyğu tərcümanı
olan laylası çalınırdı.
Bu laylanı didərgin teatrın bütün çətinliklərə rəğmən
yaşayıb-yaradan, həm
də Şuşa
həsrətinin vüsalına
inamla yaşayan sənət vurğunları
edirdi. Teatrın baş rejissoru,
Əməkdar artist Loğman
Kərimovun başqa bir prizmadan baxdığı
tamaşa elə ilk səhnələrindən zalda
oturanları (salonun ortasında qurulan və bütün hadisələrdə bir-birini
tamamlayan mizanlar yüngül və sərbəst idi) özünə bağlaya
bildi.
İlk dəfə 1964-cü ildə
Akademik Milli Dram Teatrında səhnəyə
qoyulan, seyrçilərin
sevgisini qazanan televiziya tamaşası kimi də ekranlaşdırılan,
Azərbaycanla yanaşı,
başqa ölkələrin
teatrlarında da nümayiş olunan “Boy çiçəyi” yenə
tamaşaçının dilində
danışıb onun
duyğularını oyatdı.
51 ilin solmayan
səhnə ömrü
əsərin aktuallığını
göstərməklə yanaşı,
onun dramaturji gücünü də yenidən vurğuladı.
Əslində əsərin illərdir təravətini itirməyən
səmimiyyəti və
dramaturji materialın mükəmməlliyi quruluş
və ifaçılarından
asılı olmayaraq, onu baxımlı edir. Məncə, bu, müəllifin
səadəti, həm
də ona yorulmadan tamaşa edən izləyicinin dəyişməz münasibətidir.
Bu öz yerində.
Amma məsələyə yanaşma,
yəni müəllifin
ideyasına baxışda
rejissor açarı,
onun özünəməxsus
traktovkası işin məcrasını dəyişir.
Bu mənada Şuşa
teatrının digər
teatrların səhnələşdirdiyi
“Boy çiçəyi”ndən fərqli özəllikləri
də var idi. Amma onları heç
də tam olduğu kimi qəbul edib əsərin tamaşaçıya ötürülmə
tempindəki nüanslarına
birmənalı münasibət
bildirmək də olmur.
Ata qayğısından məhrum
olan Nargilənin (Zəhra Salayeva) mehrini saldığı özündən çox
yaşlı olan zavod direktoru Həsənzadəyə (Nazir
Rüstəmov) sevgisindən,
həm də acı dolu bağlılığından
bəhs edən tamaşada rejissor dramaturji materialdan irəli gələn azadlığından yerində
yararlana bilmişdi. Yaradıcı heyət burada
müəllifin ideya və fikirlərinə xələl gətirmədən
bu işi müəyyən əlavələrlə
tamaşaçıya ötürməyə
çalışmışdı.
Modern üslubda, bir az da romantik
boyaların müasir vizual effektlərlə zənginləşdirildiyi tamaşada
şair Ağa Laçınlının nisgilli
misralarından qəhrəmanların
dilində, amma səsləndirmədə təqdimatı,
müasir deyimlə desək, bir az müzikl effekti yaradırdı. Bu aktyorların oyunun
diriliyinə, daha doğrusu, tamaşaçı
ilə ünsiyyətindəki
rabitənin möhkəmləndirilməsinə
xidmət edirdi.
Bu mövzulu tamaşalarda,
xüsusən səhnə
tərtibatı, dekorasiya
və ümumən əlavə effektlərin
(işıq və səsi çıxmaq şərtilə) istifadə
olunmamağı modern səhnə
yanaşması kimi uğurlu olur. Əks halda,
tamaşaçı məhdud
mizanlar və hərəkət mexanizmində
yorula və məsələyə, aktyorun
ifasına münasibətində
dağınıqlıq düşüncələrə
qapıla bilər.
Bu mənada rejissor
təhlükəni sezdiyindən
tempi bu vasitə ilə qorumağa çalışmış və
bunu bacarmışdı.
Yeni yozumlu tamaşanın quruluşçu rəssamı
Valeh Məmmədovun işi, eləcə də əsasən məşhur dünya klassiklərinin məhəbbət
motivli melodiyalarından
və Rəşid Behbudovun ifasında “Küçələrə su
səpmişəm” mahnısı
ilə yatımlı sintez yaradan musiqi tərtibatçısı
Azad Məmmədovun seçimi
də tamaşanın
ovqatını əks
etdirməyi bacardı.
Beləcə, müasirlik içərisində
klassik eşqin çalarları tamaşaçını
zaman və məkan məfhumlarının
daim ilğım növbələşməsində olduğu bir atmosferə köklədi.
Aktyor oyunu barədə ətraflı
danışmağa dəyər. Xüsusən qəhrəmanların kontrastı
və tamaşaçıya
ötürdüyü energetika
baxımından. Həsənzadə Nargilə dialoqunun qəhrəmanları seçim
etibarilə uğurlu olsa da, bəzi
məqamlarda müşahidə
olunan rabitəsizlik oyunun ayrı-ayrı ifalarda harasa baş alıb getdiyini sərgiləyirdi.
Xüsusən Nargilənin tamaşaçı
ilə göz ünsiyyətində bir anlıq yorğunluq sezilir və qəhrəmanının gənclik
enerjisi və rolunun tələbi ilə özünü yenidən meydana atırdı. Zəhra
Salayevanın Nargiləsi
üsyankar, ərkəsöyün,
qəmgin və bir az da dağınıqdır.
O, olub-keçənləri, atalığının yaşatdığı
ağrıları, anasının
laqeydliyini, yaddaşının
böyük hissəsini
zəbt etmiş atasının ruhu və dəlisov gəncliyinin qayğılarını
çiyinlərində daşımaqdan
bitkin bir təsəlli soraqçısıdır.
Rejissor Nargiləni müasir qıza çevirmiş, ona cins geyimi, idman çantası və son model mobil telefon ilə vizual sərbəstlik vermişdi. O, Həsənzadəni öz eşqinə inandırmaqda israrlı olduğu qədər də inamsızdır. Daha doğrusu, tamaşaçıya sevgisini nümayişdə təcrübəsiz və cəsarətsizdir. Amma faktura, rola oturuşma və dinamika baxımından qənaətbəxşdir. Onun ifasına baxarkən yaranan təyin təxmini belədir: aktrisa çılğın boyalarla rolunu daha da əlvanlaşdırmaq, içindəki Nargiləni oynamaq istəsə də, bunun üçün ətrafdan asılı və çəkingəndir. Xüsusən də tərəf-müqabilindən bu energetikanı ala bilmir. Həsənzadə (Nazir Rüstəmov) sadəcə yaxşı dinləyici, məsləhətçi, bir növ öyrədicidir və içindəki təlatümlərdən xəbərsiz, daha doğrusu, qorxan bir yaşlıdır. İlyas Əfəndiyevin Həsənzadəsindən fərqli bir oyun sərgiləyən Nazir Rüstəmovun qəhrəmanı bir az da məmur modulyasiyasında, ağsaqqal ağır-batmanlığındadır. Amma bütün bunlara rəğmən sakit təbiətinin sərgisi və səsinin insanların qulağına ürəyindəki hisləri pıçıldama sehrində şanslıdır. Bütün formal oyun üsullarına baxmayaraq, aktyor qəhrəmanını mühakimədə izləyiciyə azadlıq verməkdən qorxmayan və ona elə ən çox özü acıyan tamaşaçıdır.
Buna baxmayaraq, ikilinin dialoqu səmimidir, baxımlıdır. Ən əsası tamaşaçı gənc qızın çılğınlıqlarına cavabsız qalan, buna məcbur olan Həsənzadəyə və Nargiləyə inanır, acıyır, ağlayır və alqışlayır.
Tamaşanın laqeydlikdə günahlandırılan anası Nəzakət (Püstəxanım Zeynalova) bir ananın iztirablarını olduğundan artıq dramatikləşdirən və bunu tamaşanın ruhuna yad olan bəzi qışqırtıları ilə diktə etməyə çalışan hökmrandır. Aktrisanın klassik oyun üslubu və analıq hislərini ifadəsindəki hədsiz qabarıqlığı həm də anlaşılandır.
Ögey ata Fərəc (Əməkdar artist Azad Məmmədov) nədənsə elə bu tamaşaya da ögey qaldı və sonadək öz ifasındakı uyumsuzluğu düzəldə bilmədi. Hər monoloqundan sonra gözündəki eynəyi çıxarıb geyinən, əl hərəkətləri ilə rabitəsizlik yaradan və bəzən də daxilindəki amansız atalığa çevrilməyi unudan obraz kimi yadda qaldı. Tamaşaçı Nargiləni ata ocağından ayıran, ana ilə qızı arasında uçurum yaratmaq istəyən və buna görə də çirkin oyunlar oynayan, ağrılı tələblər irəli sürən atanı görmədi...
Həmidə
Nizamiqızı
Mədənoyyət.- 2015.- 16
oktyabr.- S. 7.