Sözünü özündən əvvəl
tanıdığım insan
Sənətkar
və sənət münasibətlərini incələyən
ən müdrik fikirlərdən birində
deyilir ki, üslub insanın özüdür.
İstedadlı qələm sahibi, təcrübəli
jurnalist, gözəl müəllim
Zöhrə xanım Əliyeva istər televiziya
layihələrində, istərsə qələmə aldığı
yazılarda, istərsə də auditoriyada
hər zaman öz dəst-xətti,
üslubu ilə seçilib.
Deyərdim ki, bu üslub və fərqlilik elə onun özüdür.
Bu gün Zöhrə xanımın yubileyidir. O, istedadı, sənətə yanaşması, fəlsəfi düşüncələri, mədəni baxışları ilə özü kimi olmağa, olduğu kimi görünməyə cəsarəti çata bilən qələm sahiblərindən, ictimai həyatda öz yeri olan xanımlardan biridir. Həyatında və fəaliyyətində xarakterinə uyğun özünüifadə tərzini qoruyan, daim mədəniyyət-istedad-cəsarət tandeminə sadiq qalan, “sənətdə keyfiyyət göstəricisini istedad müəyyənləşdirir” fikrini əməllərində sübut edən jurnalist, pedaqoq, alim, həm də dövlət qulluqçusu.
Onun sözünü özündən əvvəl tanımışam. Televiziya kanallarında rəhbərlik etdiyi layihələr, ideyalar həmişə fərqli olub. Tanışlığımızdan sonra isə bu gülərüz insanın daxilən çox kövrək, ürəyiyuxa olduğunun şahidi oldum. Özünə dəyər verdiyi qədər də dostlarının qədrini bilər, başqalarının zəhmətini, əməyini dəyərləndirər. Bəlkə də bu xüsusiyyətlər onun tərcümeyi-halından qaynaqlanır.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya, elektron media və resurslarla iş sektorunun müdiri və “Mədəniyyət.AZ” jurnalının baş redaktoru Zöhrə Qulamhüseyn qızı Əliyeva 1960-cı il oktyabrın 16-da dünyaya gəlib. Ali təhsilini M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda alıb. Şamaxı rayon Qaravəlli kənd orta məktəbinə təyinat alaraq həm müəllim, həm də “Yeni Şirvan-Novıy Şirvan” rayon qəzetində müxbir-tərcüməçi işləyib. 1985-ci ildən taleyini televiziya ilə bağlayıb. Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində radionun İncəsənət və radio teatrı şöbəsində böyük redaktor olaraq, həm də televiziyada “Kitab köşkü” proqramını aparıb. Daha sonra Azərbaycan Dövlət Televiziyasında Ədəbi-dram verilişləri baş redaksiyasının İncəsənət şöbəsində böyük redaktor, şərhçi vəzifələrində çalışıb. Bu illər ərzində həm radioda, həm də televiziyada indiyədək “qızıl fond”da qorunub saxlanan onlarla incəsənət xadiminə həsr edilmiş proqramlar hazırlayıb. Bu verilişlərin qəhrəmanları sırasına Anar, Elçin, Vaqif Səmədoğlu, Nəriman Həsənzadə, Oqtay və Altay Sadıqzadələr, Ömər Eldarov, Elbəy Rzaquliyev, Toğrul Nərimanbəyov, Elmira Hüseynova, Fərhad Bədəlbəyli, Fərhad Xəlilov, Ağəli İbrahimov, Fidan və Xuraman Qasımovalar, Kamil Nəcəfzadə, Nadir Əbdürrəhmanov, Kamil Əliyev, Nazim Bəykişiyev, Arif Hüseynov, Elturan, Əsmər Nərimanbəyova, Rasim Babayev, Ucal və Hüseyn Haqverdiyevlər, Vaqif Ağayev, Aytən Rzaquliyeva, Səbinə Şıxlinskaya, Fikrət Haşımov, Fuad Poladov, Vaqif Mustafayev, Amaliya Pənahova, Həsən Turabov, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Bəhram Mənsurov, Eldar Mansurov və digər tanınmış mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin adı daxildir.
Yadımdadır ki, müəllifi və aparıcısı olduğu “Avtoqraf”, “İlham pərisi”, “Səhər” musiqili-informasiya proqramları tamaşaçıların, xüsusilə də incəsənət xadimlərinin sevimli verilişlərindən idi.
Zöhrə Əliyeva daha sonra “Lider” televiziyasının ən baxımlı verilişləri sırasında olan “Axşamçağı” proqramının müəlliflərindən və aparıcılarından biri, “Səda” informasiya proqramının mədəniyyət redaktoru vəzifələrində çalışıb. Azərbaycan Dövlət Televiziyasında hazırladığı onlarla, “Lider” televiziyasında isə “Azərbaycan ürəyimdə bir şah damardır”, “TÜRKSOY - türk dünyasının vəhdəti”, Zərifə xanım Əliyevaya həsr olunmuş “Elegiya”, ümummilli liderimiz Heydər Əliyevə həsr olunan filmlərin mən də tamaşaçısı olmuşam. Azərbaycan Dillər Universitetinin “Xarici ədəbiyyat” kafedrasında baş müəllim işləməklə yanaşı, həm də bu universitetdə ikinci ali təhsil alıb. Getdiyimiz bütün tədbirlərdə ona minnətdarlıqla yaxınlaşan tələbələrini görmüşəm. O, 2005-ci ildə görkəmli rus yazıçısı Valentin Rasputinin yaradıcılığından namizədlik dissertasiyası müdafiə etmiş, “Dünya ədəbiyyatı” və “Ədəbiyyat nəzəriyyəsi” indeksləri üzrə filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.
Onun aktivində səyahət etdiyi ölkələr, şahidi olduğu mədəni hadisələr həmişə birincilik təşkil edib. Məhz bu səbəbdən də zəngin dünyagörüşlü, təcrübəli jurnalist kimi o həmişə maraqlı həmsöhbətdir. 2010-cu ildə türk dünyası mədəniyyətinin təbliği istiqamətində göstərdiyi xidmətlərə görə “Basında TÜRKSOY Onur Ödülü” ilə mükafatlandırılmağının biz də şahidiyik. Azərbaycan Rəssamlar İttifaqının üzvü, Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” media mükafatçısı, Əməkdar mədəniyyət işçisi olan Zöhrə xanım Əliyeva bu gün də Azərbaycan jurnalistikasına xidmət edir. Nazirliyin etibarla rəhbərliyini həvalə etdiyi kollektivdə onu bircə cümlə, ya da səssizliklə tam anlaya bilirlər. Niyə səssizliklə? O, səssiz gülümsəyirsə, demək, görülən işdən narazıdır. Hansısa filosof deyib ki, bütün məğlubiyyətlərin səbəbi dəlicəsinə istəyin olmamasındadır. Allah dəlicəsinə istəyənlərin yanındadır. Məncə, Zöhrə Əliyeva yaradıcılığı, sənəti sonsuz dərəcədə sevdiyi üçün bu yolda hər zaman qapılar onun üzünə açıq olub. Gördüyü işə hədsiz məsuliyyətlə yanaşan işgüzar xanım obrazını işdən sonra mehriban rəftarlı, şaqraq gülüşlü qadın, rəfiqə obrazı tamamlayır...
O, aurası təmiz, işıqlı insanlardandır. İş belə gətirir ki, tədbirlərimizdə tez-tez rastlaşır, həmsöhbət oluruq. Bu əsnada hər dəfə onun geniş maraq dairəsinin və yüksək intellektinin şahidi oluram. İstənilən vəziyyətdə təmkinli, tədbirli, səmimi olması ilə fərqləndiyini müşahidə edirəm. Hər dəfə bu xüsusiyyətlər: təbiətinin sadəliyi, özünəməxsusluğu özünü büruzə verir. Hər zaman ona qarşı gerçəkdən səmimi olanlara münasibətdə təpədən-dırnağa səmimidir.
Kollektivimiz adından istedadlı qələm sahibini təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq. Zöhrə xanım, yeni yaşınız, yubileyiniz mübarək!
Lalə Azəri
Mədəniyyət.- 2015.- 16
oktyabr.- S. 7.