Mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə işçi müşavirələr keçirilib

 

Oktyabrın 14-də Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Goranboy rayonunda yerləşən Xocalı Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə işçi müşavirə keçiriblər.

 

Müşavirədən əvvəl nazirliyin əməkdaşları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayonunun mədəniyyət müəssisələrində olublar, mövcud vəziyyət, şəraiti və problemlərlə maraqlanıblar.

Tədbirin keçirilməsində məqsəd bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin vəziyyətinin öyrənilməsi, mədəniyyət və turizm sahələrinin inkişafına dair dövlət proqramlarının icrası istiqamətində görülən işlərin təhlil edilməsi, yerli qurumların fəaliyyətinin təkmilləşdirilməsidir.

Nazirliyin Tarix-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin Regionlarla sektorunun müdiri Pərviz İsgəndərli, Hüquq sektorunun müdiri Namiq Qulamov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə şöbəsinin Elektron sənəd dövriyyəsinin təşkili sektorunun müdiri Elçin Hüseynov və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev müşavirədə iştirak ediblər.

Tədbirdə "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli Qanununun, ölkə Prezidentinin 14 fevral 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın, mədəniyyət və turizm sahələrində qəbul edilmiş normativ aktların icrası istiqamətində qarşıda duran vəzifələr, mədəniyyət və turizm naziri tərəfindən regionlarda vətəndaşların qəbulu zamanı qaldırılan məsələlər, problem və təkliflər müzakirə olunub.

* * *

Oktyabrın 15-də Kəlbəcər Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə işçi müşavirə keçirilib. Tədbirdən əvvəl nazirliyin əməkdaşları Gəncə şəhərində yeni yaşayış massivində yerləşən Kəlbəcər rayon Mədəniyyət sarayı, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Allıkənd kənd kitabxanası, Sarıdaş kənd kitabxanası, uşaq incəsənət məktəbi, Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Aşıq Şəmşir adına rayon Mədəniyyət evi, Goranboy rayonu Veyisli qəsəbəsində yerləşən Cəçilli kənd Mədəniyyət evi, Qanlıkənd kənd kitabxanasında olub, mövcud vəziyyətlə maraqlanıblar.

Müşavirələrdə şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin rəhbərlərinə verilən tapşırıqların icrasının vəziyyəti, mədəniyyət ocaqlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində zəruri metodiki vəsaitlərin hazırlanması, sənədlərlə işin müvafiq təlimatlara uyğun aparılması, kadrlarla işin təşkili, qabaqcıl mədəniyyət ocaqlarının təcrübəsinin yayılması kimi məsələlər də nəzərdən keçirilib. Xocalı, Kəlbəcər və digər işğal olunmuş rayonların mədəniyyət və turizm şöbələrinin fəaliyyətinə diqqətin gücləndirilməsinin vacibliyi vurğulanıb.

 

Mədəniyyət.- 2015.- 16 oktyabr.- S. 5.