Gənc Tamaşaçılar Teatrında marketinq treninqləri

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında marketinq üzrə teatr menecerlərinin ilk treninqi keçirilib. İştirakçıları salamlayan teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov treninqin məqsədi və teatrın struktur quruluşu, tarixi və fəaliyyəti haqqında məlumat verib.

Sonra direktor treninqlərdə marketinq fənnini tədris edəcək Beynəlxalq Treninq Mərkəzinin sədri, beynəlxalq layihələr üzrə koordinator Şaiq Səfərovu iştirakçılara təqdim edib.

Bildirilib ki, bir həftə davam edəcək treninqdə teatr tarixi və teatrın struktur quruluşu sahəsi üzrə kursu teatrın direktoru Mübariz Həmidov, baş rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, ədəbi-dram hissə müdiri Rafiq Rəhimli, marketinq üzrə isə Şaiq Səfərovla yanaşı, İqtisad Universitetinin marketinq kafedrasının pedaqoqları tədris edəcəklər.

Kursları uğurla başa vuranlara Beynəlxalq Treninq Mərkəzinin, Dövlət Gənc Tamaşaçılar Teatrının və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin sertifikatları təqdim olunacaq.

 

Mədəniyyət.- 2015.- 16 oktyabr.- S. 4.