Tehranda Habil
Əliyevin xatirəsi anılıb
Tehranda İran İslam Respublikası Mədəniyyət və İslami İrşad Nazirliyinin və “Niyavaran” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın kamança ustadı, Xalq artisti Habil Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Mərkəzin direktoru Seyidabbas Səccadi Habil Əliyevin İranda da tanınan və sevilən sənətçi olduğunu, ölkənin müxtəlif konsert salonlarında, o cümlədən Tehranın “Vəhdət”, “Rudəki” zallarında proqramlarla çıxış etdiyini və tamaşaçılar tərəfindən böyük məhəbbətlə qarşılandığını xatırladıb.
Mədəniyyət və İslami İrşad Nazirinin incəsənət məsələləri üzrə müavini Əli Muradxani ustad sənətkarın İrana səfərləri ilə bağlı xatirələrini bölüşüb.
Azərbaycan Respublikasının İrandakı səfiri Cavanşir Axundov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, Habil Əliyevin dünya miqyaslı sənətkar olduğunu vurğulayıb.
Tədbirdə İranın çoxsaylı məşhur kamança ustaları - Əmir Yusifi, Əli Əkbər Şikarçi, habelə Azərbaycandan gəlmiş sənətkarlar Elşən Mansurov və İsmayıl Həmidov kamançada muğam və təsniflər ifa ediblər.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Zümrüd Dadaşzadə-Axundova çıxış edərək Habil Əliyev sənəti ilə bağlı fikirlərini bölüşüb. Habil Əliyevin nəvəsi Əli Əmirəliyev təşkilatçılara və iştirakçılara babasının sənətinə göstərdikləri ehtirama görə təşəkkürünü bildirib.
Tədbirdə iranlı şairlər Xosrov Sərtipi və Əli Savalan Habil Əliyevə həsr etdikləri şeirlərini oxuyublar.
Sonda İranın
tanınmış sənətkarı Vədad Müəzzinzadə
Ərdəbilinin azərbaycanlı kamança
ifaçılarının müşayiəti ilə səsləndirdiyi
“Rast” muğamı tamaşaçılar
tərəfindən alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2015.- 16
oktyabr.- S. 4.