Avropanın şərq
qonşuları - “Ailə albomu”
Oktyabrın 15-də
Muzey Mərkəzində “Şərq Tərəfdaşlığı”nın
ailə fotoalbomu” adlı nəşrin təqdimatı
keçirilib.
Azərbaycan Fotoqraflar Birliyinin (AFB) sədri Mirnaib Həsənoğlu çıxış edərək bildirib ki, fotoalbom 30 ay davam etmiş "Say Cheese" layihəsinin yekunu olaraq çapdan çıxıb. Avropa Birliyinin “Mədəniyyət” layihəsi çərçivəsində maliyyələşdirilən “Say Cheese” layihəsi qurumun “Şərq Tərəfdaşlığı” proqramının əhatə etdiyi ölkələrin müsbət imicinin formalaşması məqsədi daşıyır.
Şəkillər beynəlxalq fotoplenar zamanı çəkilib. Azərbaycandan 8 fotoqraf layihə çərçivəsində “Şərq Tərəfdaşlığı” ölkələrində olub. Azərbaycan Fotoqraflar Birliyi isə layihə üzrə iştirakçı ölkələrdən doqquz fotoqrafı qəbul edib və ölkəmizin görməli və tarixi yerlərində fotoplenar təşkil olunub.
Fotoalbomda “Şərq Tərəfdaşlığı” ölkələrindən ümumilikdə 50 fotoqrafın işi toplanıb. Fotolarda təbiət mənzərələri, tarixi abidələr, insanların portretləri və s. əks olunub.
Mərasimdə Gürcüstan Fotoqraflar Assosiasiyasının sədri Kaxa Pxakadze həmkarları ilə bu möhtəşəm albomu təqdim etməkdən məmnunluğunu bildirib. Layihə müddətində fotoqraflar arasında dostluq əlaqələrinin yarandığını vurğulayan K.Pxakadze gələcək layihələrdə daha maraqlı işlər təqdim edəcəklərini söyləyib.
“İrs” jurnalının baş redaktoru Musa Mərcanlı albomda maddi-mədəni irslə bağlı fotoları xüsusi qeyd edərək fotoqrafların bu abidələrə eyni prizmadan yanaşdığını deyib. O, Azərbaycanla bağlı fotoları jurnalda dərc etməyə hazır olduqlarını bildirib.
Fotoalbomun ən yaxşı bələdçi olduğunu söyləyən Moldovanın Azərbaycandakı
müvəqqəti işlər vəkili Georgi
Botan deyib ki, bu nəşrlə
tanış olan hər bir
insan iştirakçı ölkəni daha yaxından tanımaq imkanı əldə
edəcək.
Mədəniyyət.- 2015.- 15
oktyabr.- S. 3.