Bir obrazla yaddaşlara əbədi köçmüş sənətkar

 

Görkəmli aktyor Süleyman Ələsgərovun 100 illik yubiley gecəsi

 

Oktyabrın 15-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti, tanınmış teatrkino aktyoru Süleyman Ələsgərovun 100 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib. İştirakçılar əvvəlcə sənətkarın yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, Əməkdar artist Almaz Mustafayeva və başqaları Süleyman Ələsgərovun həyat və sənət yolundan söz açıblar.

Vurğulanıb ki, aktyorun yaradıcılığının 63 ili Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. Onun bir növ ömür yolunun bələdçisi olan bu teatr S.Ələsgərovu xalqa sevdirib, burada fəxri adlara, mükafatlara layiq görülüb.

Diqqətə çatdırılıb ki, aktyor kinoda da zəngin sənət irsinə malikdir. “Bizim Cəbiş müəllim" filmində yaratdığı baş qəhrəman onun ekran yaradıcılığında parlaq nümunədir.

S.Ələsgərov “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Yenilməz batalyon”, “Babamızın babasının babası”, “Bakıda küləklər əsir”, “Bəxtiyar”, “Bir ailəlik bağ evi”, “Bir cənub şəhərində”, “Xatirələr sahili”, “İnsan məskən salır”, “İstintaq davam edir”, “Torpaq. Dəniz. Od. Səma” və digər filmlərdə epizodik rollar yaratsa da, onları sevdirə bilib. Həmçinin bir neçə televiziya tamaşasında, televiziyanın müxtəlif əyləncə proqramlarında özünəməxsus obrazlar yaradıb.

Yubiley gecəsində sənətkarın çəkildiyi filmlərdən kadrlar nümayiş olunub.

 

Mədəniyyət.- 2015.- 16 oktyabr.- S. 2.