Aşıq
Dehqanın 80 illik yubileyi
qeyd olunub
İranda fəaliyyət göstərən
“Azərbaycan mədəniyyət və incəsənət”
ocağının təşkilatçılığı ilə
Tehranın “Firdovsi” kinoteatrında
tanınmış, ustad aşıq Məhəmmədhüseyn
Dehqanın 80 illik yubileyi
qeyd olunub.
Tədbirin aparıcısı şair Həsən Savalan çıxış edərək aşığın yaradıcılığı haqqında məlumat verib. Qeyd olunub ki, Urmiya aşıq məktəbinin təmsilçisi olan aşıq Dehqan 42 dastanı sinədəftər söyləməyi bacarır, onlarla aşıq havasını təkrarsız ifa edir.
Tədbirdə musiqi əsərləri, şeir və rəqslər ifa olunub. Bakıdan dəvət olunmuş sənətkarların çıxışları gecəyə xüsusi rəng qatıb. Arzu Səlimovanın rəhbəri olduğu instrumental ansambl, "Muğam" televiziya müsabiqəsinin iştirakçıları olan xanəndələr - Babək Quliyev və Nurlan Namazovun çıxışları qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Kamal Mirməmmədoğlunun rəhbərlik etdiyi "Kamal" rəqs kollektivinin coşqu dolu rəqsləri salonda canlanma yaradıb. “Qarabağ şikəstəsi”nin ifası isə gurultulu alqışlarla qarşılanıb.
Yubiley gecəsində aşıq Məhəmmədhüseyn Dehqana aşıq sənəti qarşısında əvəzsiz xidmətlərinə görə “dədə” adının verildiyi bəyan olunub.
Tədbirin sonunda Aşıq Dehqan aşıq sənətinə sonsuz məhəbbətindən danışıb, yubiley gecəsinin qonaqlarına öz səmimi təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən
Azərbaycanın İrandakı səfiri Cavanşir
Axundov yubilyarı təbrik edərək, ona xatirə hədiyyəsi verib.
Mədəniyyət.- 2015.- 21
oktyabr.- S. 15.