Çoxdur elmin gözəl-gözəl əsəri...”

 

XIX əsr Azərbaycan ədəbiyyatında maraqlı, məzmunlu əsərləri ilə tanınan, ancaq az təbliğ olunan qələm sahibləri olub. Lirik, satirik şeirləri, vətənpərvərlik ruhunda qəzəlləri, mənzumə və rübailəri ilə şeir-sənət xəzinəmizə töhfə verən şairlərdən biriAbbas ağa Nazirdir.

 

Abbas ağa Mirzə Nəbi oğlu Qayıbzadə 1849-cu ildə Qazax qəzasının Salahlı kəndində ziyalı ailəsində dünyaya göz açıb. Atası oğlunun təlim-tərbiyəsi ilə özü məşğul olur. O, erkən çağlardan poeziyaya maraq göstərir. İstedadlı bir gənc kimi diqqət çəkən Abbas ağa Tiflisdəki altısinifli məktəbə daxil olur, üçillik təhsilini başa vurduqdan sonra Salahlıya qayıdır. Bir müddət kənddə müəllimlik edir. Tiflisdə, Zaqafqaziya Ruhani İdarəsində işləyir. Yaradıcılığa da vaxt ayırır. Görkəmli ədib Cəlil Məmmədquluzadənin məsləhəti ilə Əbülqasım Firdovsinin “Şahnamə” əsərindən “Rüstəm və Söhrab” hekayətini dilimizə tərcümə edir. Tərcümə 1908-ci ildə “Qeyrət” mətbəəsində məşhur rəssam İozef Rotterin rəngli şəkilləri ilə nəşr edilir. Xalq şairi Səməd Vurğun Abbas ağanın tərcüməsini yüksək qiymətləndirərək yazıb: “Mən “Rüstəm və Söhrab”ın o dövrdəki ilk tərcüməsini necə maraq və məhəbbətlə oxuduğumu yaxşı xatırlayıram...”

Abbas ağa Nazirin yaradıcılığı görkəmli maarifçi, ədəbiyyatşünas Firudin bəy Köçərlinin də diqqətini çəkir, o, gənc şairlə məktublaşır. F.Köçərli 1911-ci il oktyabrın 10-da Abdulla Şaiqə göndərdiyi məktubunda Nazirin xoştəb bir şair, həyalı bir insan olduğunu yazıb: “Dağların vəsfində Qazax şairlərindən Mustafa ağa Arifin, Kazım ağa SalikAbbas ağa Nazirin gözəl şeiriləri var ki, məcmuəmə daxil edilib... Abbas ağa Nazirin “Bəyani-halım” namında xeyli məğrub bir əsəri var. Əgər oxusanız xoşunuza gələr. Əfsus ki, çap olunmayıb. “Rüstəm və Söhrab”ın tərcüməsi, “Mövlüdi-nəbav”, “Millətə xitab”, “Mollaşeytan”, “Çoxmu lazımdır insana torpaq?”, “Bəyani-halım” və qeyriləri. Abbas ağa çox qabil və xoştəb şairdir. Amma çoxları onu tanımır, o cəhətə ki, özünü nəzərə verən adam deyil”.

Abbas ağa Nazirin 60 yaşı münasibətilə F.Köçərli bir məqalə yazır və onu millət və Vətən üçün atəşin təranələr oxuyan həqiqi şair adlandırır: “Həqiqi şair... millət və Vətən yolunda canlar fəda etmək lazım isə Vətən oğullarının ürəyinə yandırıcı od salıb onları hər qisim fədakarlığa və cannisarlığa şövqməd eləsin”.

 

Çıxart çahi-zəlalətdən, təriqi-həqqə, irşad et,

Həyatın var ta, Nazir, oxu bu fərdi, fəryad et,

Gözün , xabi-qəflətdən oyan millət, oyan millət,

Nəzər qıl bircə ətrafa, aman millət, aman millət!

 

F.KöçərliBalalara hədiyyəkitabına A.NazirinVətən”, “Qarayazı meşəsinin vəsfi ovçuların zülmü digər şeirlərini daxil edib.

Araşdırmalardan məlum olur ki, şair dahi rus yazıçısı Lev Tolstoyla məktublaşıb onunİnsana çoxmu torpaq lazımdır?” əsərini dilimizə tərcümə edib. O, 24 fevral 1909-cu ildə L.Tolstoya ünvanladığı məktubda yazır: “Hörmətli cənab qraf Lev Nikolayeviç! Mən bir müsəlman şairi kimi, öz müsəlman həmməzhəblərimi Sizin əsərinizlə tanış etmək istədim. “İnsana çoxmu torpaq lazımdır?” başlıqlı əsərinizi tatar-Azərbaycan dilinə nəzmlə tərcümə etmək xoşbəxtliyinə nail oldum. Ona görə Sizdən izhari-hörmətlə xahiş edirəm ki, yuxarıda göstərilən tərcümənin nəşrinə yayılmasına lütfən icazə verəsiniz. Hörmət ehtiramla: Abbas ağa Qayıbov”.

Çox keçmir Tolstoydan aşağıdakı məzmunda cavab məktubu gəlir: “Mən artıq iyirmi ilə yaxındır ki, arzu edənlərin hamısına mənim 1881-ci ildən sonra yazdığım bütün yazıları istənilən dilə tərcümə yenidən nəşr etmək ixtiyarı vermişəm. Odur ki, üzərinizə götürdüyünüz zəhmət üçün Sizə yalnız təşəkkür edə bilərəm. Lev Tolstoy”.

A.Nazir maarif mədəniyyət mövzusunda da əsərlərin müəllifidir. O, məktəbin, elmin səmərəsindən bəhs edərək yazır ki, harada məktəb yoxsa, ora virandır. Abad o yerdir ki, məktəbi var. Hər kim bəxtli olmaq istəyirsə, səadət axtarırsa, məktəbə getsin. İnsanı zülmətdən azad edən , qəflətdən oyadan da məktəbdir.

 

Çoxdur elmin gözəl-gözəl əsəri,

Qayəsizdir şirin-şirin səməri.

Hər kimin yoxdur elmdən xəbəri,

Günü bişək keçər yaman, oğlum”.

 

Tiflisdə M.F.Axundzadənin 100 illiyi ilə bağlı Gürcü Zadəganlar Cəmiyyəti Teatrında tədbir keçirilir. F.Köçərli yubiley gecəsini A.Nazirin böyük dramaturqa həsr etdiyi şeir ilə açır:

 

Millətə şahrahi-elm açdın,

Vətənə təxmi-mərifət saçdın,

Sən ey ustadı-kamilü mahir!

Bir əlifbayi-tazə tərh etdin.

 

Bütün varlığı ilə ədəbiyyata, poeziyaya bağlı olan vətənpərvər şair ömrünün müdrik çağlarında “Bax” adlı qəzəlində yazır ki, tale məni övlad qismətindən məhrum etdi. Ancaq bunun üçün o qədər də qəm etmirəm, min bir əziyyətlə ana dilimə çevirdiyim “Rüstəm və Söhrab” mənim oğlumdur:

 

Olmadımsa gər ata, yox isə oğlum, nə qəmim,

“Zadeyi-təbim” olan “Rüstəmü Söhrab”imə bax.

 

Şair Abbas ağa Nazir Qayıbzadə 1919-cu il dekabrın 30-da, 70 yaşında dünyasını dəyişib. Doğulduğu Salahlı kəndində, Sudağılan qəbiristanlığında dəfn olunub.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 21 oktyabr.- S. 15.