Xatirələrdəki obraz

 

O, ömrünün 60 ildən çoxunu Gənc Tamaşaçılar Teatrının səhnəsində keçirərək yaşlaşdıqca gənclik şuxluğunuenerjisini itirməyən, əsl aktyor, sənətkar obrazını qoruya bildi. Daim nikbin, məhrəm, səmimi və bir o qədər də kədərli insan təsiri bağışlayan, ömrün dolanbaclarında həyatın bütün ağrı-acılarını çiyinlərində daşıyan və bu yükü çəkə-çəkə kamilləşən, hər zərbəyə alicənablıqla gülümsəyən bir şəxsiyyət kimi köçdü yaddaşlara.

 

Milli kinomuzunBizim Cəbiş müəllim” kimi şah əsərlərindən olan nümunəsində müharibənin gətirdiyi bəlalara sinə gərən və hər zaman humanizmini qoruyan Cəbiş müəllim obrazı zaman ötdükcə yaddaşımızdakı yerini daim yenisevimli etdi.

Hər nəsil tamaşaçının sevdiyi insan və sənətkar obrazını tamamlayan Xalq artisti, tanınmış teatrkino aktyoru Süleyman Ələsgərov anadan olmasının 100 illiyinə həsr edilmiş xatirə gecəsində (15 oktyabr) eyni ehtiramla yenidən anıldı. Uzun illər səhnəsində usanmadan çıxış edib tamaşaçı alqışı və munis gül dəstələrini sinəsinə sıxmaqla özünün sənətkar səadətinin ən yüksək məqamında hiss edən aktyorun təsviri yenə eyni nikbinlik və məhrəmliklə doğma teatrında, yubiley gecəsinin səhnəsindən boylanırdı.

Hamı - səhnədə tərəf-müqabil olduğu, əlindən tutub teatra gətirdiyi, onlara ifa nizam-intizamının öyrədicisi kimi Cəbiş müəllim funksiyasını həyatda da davam etdirən aktyoru sevgi və həyəcanla xatırlayıb, xatirələrin işığında ötənlərə boylandılar. Bəzən kövrəldilər, bəzən də səhnəarxası epizodları xatırladıb həyatda gülümsər və hazırcavab olan səhnə-sənət müəllimlərini ehtiramla xatırladılar.

Yubiley gecəsinin iştirakçıları ilk olaraq teatrın foyesində unudulmaz sənətkarın zəngin yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.

Tamaşa salonunda davam edən gecədə aktyorun qızının səhnə obrazında təqdim olunan həyat tarixçəsi-səhnə salnaməsi baxımlı və fərqli idi. Beləcə, bir ömrün acı uşaqlıqdan məhrumiyyətli gəncliyə, nikbin sənət yolundan şöhrətli pillələrdə irəliləməsinədək hər məqamı vərəqləndi, videokadrlarkiçik səhnələşdirmələrdə canlandırılaraq tamaşaçıları 100 illik ömrə səyahətə apardı.

Bir vaxtlar onunla bir səhnəni paylaşan aktyorlar - xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, Cəfər Namiq Kamal, Əməkdar artist Almaz Mustafayeva və başqaları səhnədə də özü olmağı bacaran, hər oyununa özündən bir ştrix qatan sənətkarın həyat və yaradıcılığından geniş söz açdılar, xatirələr işığında yenidən o illərə qayıdıb dolğun ömrün anlarını çözələdilər.

Bütün sənət ömrünü Gənc Tamaşaçılar Teatrı ilə bağlayan, burada irili-xırdalı yüzlərlə obraza səhnə vəsiqəsi verən aktyorun sənətkarlıq məziyyətləri sadalandı. Vurğulandı ki, bir növ ömür yolunun bələdçisi olan bu teatr Süleyman Ələsgərovu xalqa sevdirib, burada fəxri adlara, mükafatlara layiq görülüb. Onun bu teatrda yaratdığı saysız rolların - Polad (“Qızıl quş”, Mirmehdi Seyidzadə), Fərzəli bəy (“Nəsrəddin”, Yusif Əzimzadə), Aqşin (“Babək”, Əbil Yusifov), Müşavir (“Qarlar kraliçası”, Yevgeni Şvarts) kimi obrazları tamaşaçı qəlbinə yol tapıb. Realist aktyor məktəbinin estetik prinsiplərinə daim sadiq qalan, personajlarının ifasında psixoloji dramatizmi, bəzən də komiksatirik təbiiliyi, koloritli gülüşü, estetik zərifliyi qoruyub saxlayan sənətkar yüksək peşəkarlıq nümayiş etdirib.

Sonra Süleyman Ələsgərovun “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan ekran əsərlərindəki epizodik, lakin unudulmayan obrazlarından söz açıldı, onlardan fraqmentlər nümayiş etdirildi. “Yenilməz batalyon”, “Babamızın babasının babası”, “Bakıda küləklər əsir”, “Bəxtiyar”, “Bir ailəlik bağ evi”, “Bir cənub şəhərində”, “Xatirələr sahili”, “İnsan məskən salır”, “İstintaq davam edir”, “Torpaq. Dəniz. Od. Səma” və digər filmlərdəki bitkin aktyor obrazı yenidən canlandırıldı.

Tərcümeyi-halına bir neçə televiziya tamaşasında yaddaqalan obrazı, televiziyanın müxtəlif əyləncə proqramlarında aparıcılığı, radio dalğalarındakı müxtəlif uşaq verilişlərinə özünəməxsus səs obrazını da daxil edən unudulmaz sənət adamının yüksək sənətkarlıq xüsusiyyətləri sadalandı.

Xatirələrlə dolu gecənin sonunda səhnəyə çıxan aktyorun qızı Sevil Əhədzadə tədbirin iştirakçılarına təşəkkürünü bildirdi.

 

Həmidə

 

Mədəniyyət.- 2015.- 21 oktyabr.- S. 12.