“Anar
dünyası”
Xalq yazıçısının yaradıcılığına fərqli baxış
Xalq yazıçısı Anarın
“Kərəm kimi” sənədli romanı son illər oxuduğum ən
gözəl romanlardan biridir.
Bu əsərin kökündə görkəmli
şair Nazim Hikmətə
böyük, əbədi sevgi
dayanır. Pərvinin “Anar dünyası”
esselər kitabı da Anar
yaradıcılığına böyük
sevginin, səmimiyyətin və sonsuz heyranlığın ifadəsidir.
Oktyabrın 17-də Azərbaycan Milli Kitabxanasında gənc yazıçı Pərvinin “Anar dünyası” kitabının təqdimat mərasimi keçirildi. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq müasir Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, Xalq yazıçısı Anarın zəngin yaradıcılığından danışdı, gənc müəllifin yüksək zövq və peşəkarlıqla qələmə aldığı “Anar dünyası” kitabını ədibin yaradıcılığına fərqli baxış kimi dəyərləndirdi.
Anar yaradıcılığına dərindən bələd olan Xalq şairi Fikrət Qoca kitabın oxunaqlı, maraqlı olduğunu bildirdi, müəllifin Anar yaradıcılığına öz gözüylə, qəlbiylə yanaşdığını qeyd etdi.
Professor Cahangir Məmmədli kitabı Anar dünyasına elmi-publisistik səyahət adlandıraraq nəşr haqqında fikirlərini bölüşdü: “Bu kitab yazıçının ömür və yaradıcılıq faktları fonunda bütöv bir epoxanın təhlil və təsviridir. Müəllif həmin epoxanın əvvəlinin şəxsən şahidi olmasa da, dövrün ədəbi-ictimai hadisələrini tarixən yaxşı müşahidə etdiyini göstərir”.
Şair Ramiz Rövşən bildirdi ki, hər bir insanın öz dünyası var. Ancaq başqalarından fərqli olaraq yazıçı öz dünyasını başqa insanlarla bölüşür: “Biz hamımız o dünyanın sakinlərinə çevrilirik. Yazıçının böyüklüyü də bundadır. Anarın çoxşaxəli yaradıcılığı bu kitabda əks olunub”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Himalay Qasımov “Mən qürur hissi keçirirəm ki, kafedramızın ən gənc müəllimi bu gün professional bir ədəbiyyatşünas kimi türk dünyasının böyük yazıçısı Anarın həyat və yaradıcılığının - bioqrafiyasının kodlarını açıqlayır. O, Anar dünyasının elə məqamlarına toxunur ki, o dünyaya daxil olmaq da, o dünyadan çıxmaq da çətindir”, - deyərək gənc müəllifin pedaqoji fəaliyyətindən də danışdı.
Filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev çıxışında kitab barədə belə dedi: “Vaqif Yusifli kitaba elə gözəl, sanballı, mükəmməl ön söz yazıb ki, adam oxuyanda valeh olur. Kitabda məni sevindirən, qane edən bir cəhət də odur ki, monoqrafiya yazanda müəyyən çərçivədə yazırsan, ancaq məqalələr, esselər formasında yazanda ürəyindən keçənləri yaza bilirsən. Mən Pərvinin bu kitabını yüksək qiymətləndirirəm”.
AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Gənc ədiblər məktəbi”nin ən istedadlı yetirmələrindən biri olan Pərvini zəhmətkeş, intellektual səviyyəli gənc kimi qiymətləndirdi. Anar yaradıcılığına dərindən bələd olan müəllifin kitabını Xalq yazıçısının yaradıcılığına yeni baxış kimi xarakterizə etdi.
AYB-nin Moskva bölməsinin sədri, filologiya üzrə elmlər doktoru Tofiq Məlikli, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Xalq artisti Ramiz Həsənoğlu, yazıçı-dramaturq Əli Əmirli və başqaları çıxış edərək “Anar dünyası”nın işığında yazıçının yaradıcılığından danışdılar və gənc müəllifə uğurlar arzuladılar. Görüşdə iştirak edən ADPU-nun tələbələri sevimli yazıçılarını - Anarı “imtahana” çəkdilər, canlı klassiki sual yağışına tutdular.
Yaddaqalan görüşün sonunda Xalq yazıçısı çıxış edərək iştirakçılara öz təşəkkürünü bildirdi və kitab barədə fikrilərini bölüşdü. “Mənim əsərlərim haqqında Bakıda da, Türkiyədə də çox kitablar yazılıb, amma ən əhatəli kitabı Pərvin yazıb. Mənim nəsr əsərlərim haqqında bu qədər siqlətli, bu qədər maraqlı kitab oxumamışam. Təbii ki, çox böyük təşəkkürüm Pərvinin özünədir”, - deyən yazıçı unudulmaz bir gün yaşadığını qeyd etdi.
“Mənim bu kitabı yazmaqda məqsədim Anarın yanında olan, onu dərk eləyən insanların sayını artırmaq olub”, - deyən Pərvin kitabın hər səhifəsini yazarkən xoşbəxt olduğunu, bu kitabı böyük sevgiylə yazdığını qeyd etdi. O, nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə, “Təhsil” nəşriyyatına, kitabın redaktoru Aidə Quliyevaya, Milli Kitabxananın kollektivinə, gənclərə xüsusi qayğı göstərən AYB-yə təşəkkürünü bildirdi.
Filologiya üzrə elmlər doktoru, tənqidçi Vaqif Yusifli kitaba yazdığı ön sözü bu sözlərlə bitirir: “Sərbəst düşüncə tərzi” - mən gənc və istedadlı Azərbaycan xanımı Pərvinin bütün yazılarına xas olan o səmimiyyəti, o təbiiliyi, o təhlil məharətini bu üç sözdə birləşdirirəm. Qoy bu sərbəst düşüncə tərzi onun sonrakı yazılarından da əskik olmasın”.
Təranə Vahid
Mədəniyyət.- 2015.- 21
oktyabr.- S. 10.