Görüşlər sənayesində görüş məkanlarının rolu müzakirə olunub

 

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu bu sahədə fəaliyyət istiqamətlərini müzakirə etmək üçün məkanların, muzey və teatrların rəhbərlikləri ilə görüş təşkil edir. Oktyabrın 16-da “Gülüstan” sarayında “Görüşlər sənayesində görüş məkanlarının rolu” adlı tədbir keçirildi.

 

Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Florian Sengstschmidt tədbiri açaraq qurumun fəaliyyət istiqamətləri, görüşlər sənayesi ilə əməkdaşlıq barədə ətraflı məlumat verdi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirdi ki, Konqreslər Bürosu MDB məkanında ilk olaraq ölkəmizdə fəaliyyətə başlayıb. Dövlət və özəl sektorun birgə layihəsi olan qurumun fəaliyyət sahəsinə respublikamıza irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkənin beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim olunması, beynəlxalq tədbirlərdə iştirak və digər biznes əhəmiyyətli işlər daxildir. Hazırda Azərbaycan Konqreslər Bürosu 27 üzvü birləşdirir.

Nazim Səmədov son illər ölkəmizin bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini dedi. Qeyd etdi ki, Azərbaycan Konqreslər Bürosu 2014-cü ildə Beynəlxalq KonqresKonvensiya Assosiasiyasının (İCCA) üzvləri sırasına qoşulub. İCCA-nın beynəlxalq assosiasiya görüşləri üzrə reytinqi hər il dərc olunur. Qurumun 2014-cü il üzrə reytinqində Azərbaycan 79-cu yeri tutub: “100 ölkə arasında Azərbaycanın ilk dəfədən belə bir nəticə göstərməsi böyük nailiyyətdir. Respublikamız bu sırada Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələri geridə qoyub. Şəhərlər üzrə reytinqdə isə Bakı Kann, Lüsern, Verona, Tel-Əviv, Baltimor, Bonn kimi şəhərləri qabaqlayıb”.

Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova muzeylərin fəaliyyətindən danışdı. Bildirdi ki, son illər bu sahədə işin daha da yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülür.

Azərbaycan Konqreslər Bürosunun satış və marketinq üzrə meneceri Ayan Zeynalova ölkəmizdə görüşlər sənayesinin təşkili, keçiriləcək assosiasiya görüşlərinin əhəmiyyəti barədə məlumat verdi.

Vyana Konqreslər Bürosunun rəhbəri Elizabet Hansa yüksək peşəkarlığı və rəqabətədavamlılığı ilə seçilən görüş məkanlarının inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşdü. Bildirdi ki, buraya hotellər, konqres mərkəzləri ilə yanaşı, muzeylər, teatrlar və universitetlər də daxildir.

Görüş fikir mübadiləsi ilə davam etdi. Görüşlər sənayesində görüş məkanlarının rolunun artırılması üçün beynəlxalq əhəmiyyətli tədbir və konfransların muzeyteatrlarda təşkil olunmasının əhəmiyyəti qeyd olundu. Tədbirə yekun vuran Nazim Səmədov bu məqsədlə teatr və muzeylər üçün ayrı-ayrılıqda treninqlərin keçirilməsinin vacibliyini vurğuladı.

 

Fariz

 

Mədəniyyət.- 2015.- 21 oktyabr.- S. 9.