Arxeoloji turizm marşrutu yaradılır
Ölkəmizdə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, regionlara turist axınının gücləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni marşrutların yaradılması ilə bağlı işlər həyata keçirilir. Oktyabrın 19-da nazirliyin dəstəyi ilə turizm şirkəti və media nümayəndələri üçün “Azərbaycanda arxeoloji turizm” marşrutu üzrə infotur başlanıb.
Nazirliyin sektor müdiri Seymur Həsənov iştirakçılara layihə barədə məlumat verib. Bildirilib ki, tur Qəbələ-Şəki-Tovuz-Şəmkir-Ağsu istiqaməti üzrə keçirilir.
İnfoturun ilk ünvanı Çuxur-Qəbələ olub. İştirakçılar Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində yerləşən Qəbələ Arxeoloji Mərkəzi ilə tanış olublar. Ərazisi 6150 kvadratmetr olan mərkəzin üçmərtəbəli binası sərgi salonu, arxeoloji fond, bərpa laboratoriyası, konfrans zalı və arxeoloqların çalışdığı otaqlardan ibarətdir. Qəbələnin zəngin tarixinin üzə çıxarılmasında son illər Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) gördüyü işlər mühüm yer tutur. 2005-ci ildən bəri rayonda aparılan ardıcıl arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri SEBA-nın dəstəyi ilə Qəbələ Arxeoloji Mərkəzində saxlanılır. İştirakçılar Səlbir ərazisində tapılan qədim yaşayış məskəninin qalıqları ilə tanış olublar.
Turun növbəti dayanacağı Şəki rayonunun Fazıl kəndində yerləşən “Labirint” praktik arxeologiya muzeyi olub. Muzeyin yaradıcısı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Nəsib Muxtarov “Əbədi sükut dünyası” adlanan yeraltı muzey barədə məlumat verib. Bildirib ki, muzey 2006-cı ildə yaradılıb. Əsas özəlliyi ondan ibarətdir ki, arxeoloji qazıntılar zamanı tapılan mədəniyyət abidələri aşkar edildiyi yerdə saxlanılır. Muzeydə 11 ekspozisiyada 14 qəbir abidəsi var. Azərbaycan xalqının, Qafqaz Albaniyasının həm son tunc, həm də dəmir dövrünün maddi mədəniyyəti, dəfn adətləri, eyni zamanda, bəzi etnoqrafik materiallar və dini inanclar bu qəbirlərdə əksini tapıb.
İştirakçılar Tovuz,
Şəmkir və Ağsuda qədim
yaşayış məskənlərinə ekskursiya
edəcəklər. İnfotur oktyabrın
21-də başa çatacaq.
Mədəniyyət.- 2015.- 21
oktyabr.- S. 9.