Müharibə qurbanlarının xatirəsinə ithaf olunur

 

Yaponiyanın Sülh naminə Daş Xirosima Assosiasiyası Azərbaycan Milli İncəsənət Muzeyinə xatirə simvolu təqdim edib

 

Xəbər verildiyi kimi, Yaponiyanın Sülh naminə Daş Xirosima Assosiasiyası və bu ölkənin "Kyodo News" informasiya agentliyi dünyada sülhün təbliği məqsədilə "Sülh naminə Daş" adlı xatirə simvolunu Azərbaycan Respublikasına hədiyyə edib. Oktyabrın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində xatirə simvolunun təqdimat mərasimi keçirildi.

 

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, II Dünya müharibəsinin sonunda Yaponiyanın Xirosima şəhərinə nüvə bombasının atılması bəşəriyyət tarixində ən böyük faciələrdən biridir. 200 mindən artıq insanın həlak olduğu həmin faciədən 70 il keçsə də, hələ də acı nəticələri yaşanmaqdadır. Yalnız 1960-cı ildə Xirosima şəhəri bərpa olunaraq normal həyata qayıda bildi. Yaponiya dövləti Xirosimanı sülh şəhəri elan etdi. Yaponiyanın Sülh naminə Daş Xirosima Assosiasiyası 1991-ci ildən dünyada sülh naminə müxtəlif layihələr həyata keçirir.

Nazir qeyd etdi ki, bu gün Azərbaycan Milli İncəsənət Muzeyinə təqdim edilən xatirə simvolu ilə bağlı layihə dünyanın bir sıra ölkələrində reallaşdırılıb. Xirosima şəhərinin dağıntıları altından çıxarılan daşlar dünyanın müxtəlif ölkələrində muzeylərdə yerləşdirilərək sülhə çağırış rəmzi daşıyır: “Azərbaycana təqdim edilən nümunənin də əhəmiyyəti var. Çünki xalqımız 25 ilə yaxındır ki, müharibə, hərbi təcavüzlə üzləşib, torpaqlarımız uğrunda çoxlu sayda qurbanlar verib. Biz müharibənin dəhşət və faciəsini yaşayan xalqlardan biriyik. Amma ölkə rəhbərliyinin apardığı siyasət daim sülhə yönəlib. Biz bu xatirə daşını muzeydə yerləşdirməklə buranı ziyarət edən hər kəsin sülhü düşünməsini istərdik. Layihənin Azərbaycanda reallaşdırılmasına görə ölkəmiz adından Yaponiya dövlətinə təşəkkürümüzü bildiririk”.

Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, Yaponiyanın Sülh naminə Daş Xirosima Assosiasiyasının rəhbəri Michio Umemoto layihənin həyata keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi. Çıxışlarda Yaponiya və Azərbaycan arasında mədəni, siyasi, iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanaq sıx əməkdaşlıqdan məmnunluq ifadə edildi.

Sonra "Sülh naminə Daş" xatirə simvolunun açılışı oldu. Xatirə simvolunun rəsmi sənədləri Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevə təqdim edildi.

Mərasimdə dövlət və hökumət rəsmiləri, Yaponiyanın Sülh naminə Daş Xirosima Assosiasiyasının və "Kyodo News" informasiya agentliyinin nümayəndə heyəti, Bakıda akkreditə olunmuş diplomatik korpus təmsilçiləri iştirak edirdilər.

Xatırladaq ki, II Dünya müharibəsinin son günlərində, 1945-ci ilin 6 avqustunda ABŞ hərbi aviasiyası tərəfindən Yaponiyanın Xirosima, 9 avqustda isə Naqasaki şəhərlərinə atom bombası atılıb. On minlərlə dinc insan misli görünməmiş dəhşətli faciənin qurbanına çevrilib. XirosimaNaqasaki qurbanlarının xatirəsi hər il Yaponiyada dərin hüznlə yad edilir.

Azərbaycanla bərabər artıq bir çox ölkələrə hədiyyə edilmiş xatirə simvolu əbədi sülh arzulayaraq dua edən Kanon ilahəsinin monolit yonulmuş barelyefi şəklindədir.

 

Lalə

 

Mədəniyyət.- 2015.- 21 oktyabr.- S. 8.