Müstəqilliyimiz ən böyük nailiyyətimizdir

 

18 oktyabr - Müstəqillik Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub

 

Qusar Rayon Rəsm Qalereyasında 18 oktyabr - Müstəqillik Günü münasibətilə məktəblilərin əl işlərindən ibarət sərgi təşkil olunub. “Müstəqil Azərbaycan” mövzusunda sərgidə 35 əl işi nümayiş etdirilib.

Rayondakı Heydər Əliyev Mərkəzində də Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Mərkəzin direktoru Neva Abdurahmanova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbramxəlilov ölkəmizin müstəqillik tarixindən danışıb, keçdiyi inkişaf yolundan söz açıblar. Sonda əl işlərindən ibarət sərgiyə baxış olub.

* * *

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" adlı tədbirdə Tibb Kollecinin tələbələri iştirak ediblər. Mərkəzin direktoru S.Şəfiyeva çıxışında qeyd edib ki, azadlıq və müstəqillik həm ayrıca vətəndaş üçün, həm də millətlər üçün müqəddəs nemətdir. 1991-ci ilin 18 oktyabrında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra böyük inkişaf yolu keçib.

Tədbirdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğubu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən geniş söhbət açılıb.

* * *

Astara rayon Mərkəzi kitabxanasında Müstəqillik Günü münasibətilə tədbir keçirilib. MKS-nin direktoru Tural Eyvazov o dövrün tarixi-siyasi şəraiti, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizədən danışıb.

Metodika-biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova, MKS-nin direktor müavini İlyas Məmmədov, kitabxanaçılar mövzu ilə bağlı çıxış ediblər.

* * *

Hacıqabul rayonundakı Heydər Əliyev Mərkəzində “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” adlı tədbir keçirilib. İştirakçılar əvvəlcə əl işlərindən ibarət sərgiyə baxıblar. Mərkəzin direktoru Aytən Zülfəliyeva, 8 saylı məktəb-liseyin tarix müəllimi Fariz Ağayev, rayon İcra Hakimiyyətinin nümayəndəsi Turanə İmanov və digər çıxış edənlər ölkəmizin müstəqillik yoluna nəzər salıblar. Sonda Müstəqillik Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

* * *

Zərdab rayon MKS-nin Mərkəzi kitabxanasında “Müstəqillik yollarında” adlı ədəbi-bədii kompozisiya keçirilib. MKS-nin direktor müavini Gülüstan Rəhimova, Mərkəzi kitabxananın əməkdaşı Bahar Fətəliyeva və digər çıxış edənlər müstəqilliyimizin möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb.

* * *

Zaqatala rayon MKS-nin təşkilatçılığı ilə müstəqilliyimizin 24-cü ildönümünə həsr olunmuş şeir müsabiqəsi keçirilib. Mərkəzi kitabxananın direktoru Gülniyar Məmmədova tədbiri açaraq əlamətdar gün haqqında məlumat verib. Məktəblilər vətən mövzusunda, Müstəqillik Gününə həsr olunmuş şeirlər söyləyiblər. Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.

 

Mədəniyyət.- 2015.- 21 oktyabr.- S. 7.