Türk dünyasının qorqudşünasları İzmirdə

 

Oktyabrın 19-da Türkiyənin İzmir şəhərindəki Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun təşkilatçılığı ilə “Dədə Qorqudtürk dünyası” adlı III Beynəlxalq Türk Dünyası Mədəniyyəti Konqresi işə başlayıb. Toplantıya 22 ölkədən 330-dan çox iştirakçı qatılıb.

Konqresi Türk Dünyası Araşdırmaları İnstitutunun müdiri Metin Ekici açaraq 1992-ci ildən fəaliyyət göstərən institutun gördüyü işlərdən danışıb. Ege Universitetinin rektoru, professor Candəyər Yılmaz çıxışında təhsil ocağının 60 illik fəaliyyətini dəyərləndirib.

Açılış mərasimində Başqırdıstan, Xakasiya, Tuva, Qırğızıstan, Yakutiya, Qazaxıstan, Türkiyə və Azərbaycandan olan musiqiçilərin ifaları dinlənilib. Ölkəmizi təmsil edən tarzən Şəhriyar İmanov “Bayatı-Şiraz” muğamını səsləndirib.

Konqresdə “Kitabi-Dədə Qorqudun türk tarixi, dili, sənəti, mədəniyyəti, ədəbiyyatı, musiqisi, coğrafiyası, dövlət idarəçiliyi və başqa sahələrə təsiri mövzularında məruzələr təqdim olunacaq.

Ölkəmiz tədbirdə bir qrup alimlə təmsil olunur. Toplantının ilk günü AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar İmanovun “Bamsı Beyrək boyunda yalançı qəhrəman problemi” adlı məruzəsi dinlənilib. Sonrakı gün konqres işini bölmə iclaslarında davam etdirib.

Tədbirə UNESCO-nun Türkiyə Milli Mərkəzi, Yunus Əmrə İnstitutu, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və “TRT Avaz” kanalı dəstək verir. Oktyabrın 23-də başa çatacaq toplantı “Kitabi-Dədə Qorqud” dastanının dünya elm aləminə təqdim olunmasının 200 illiyi münasibətilə keçirilir.

 

S.Soltanlı,

İzmir

 

Mədəniyyət.- 2015.- 21 oktyabr.- S. 6.